İdman xəbərləri. "Rabitə"nin xeyrinə 3:0

Dünən axşam Bakının "Rabitə" klubunun voleybolçuları Çempionlar Liqası turnirinin ikinci pley-off mərhələsinin ilk görüşündə rəqib meydanında "Fakro" (Polşa) ilə oyunda 3:0 hesabı ilə qələbə qazanaraq martın 3-də "doğma divarlar" arasında keçirəcəkləri cavab görüşündə ümumi müvəffəqiyyət üçün özlərinə yaxşı zəmin yaratmışlar.
Xatırladaq ki, bu cütün qalibi "Dördlər finalı"nın yarımfinalında "Skavolini" (İtaliya) - "Volero" (İsveçrə) görüşlərinin qalibi ilə qarşılaşacaq.
Yarımfinalın yarım addımlığında
Qadın komandaları arasında Avropa Voleybol Konfederasiyasının "Çelenc kuboku" yarışlarında mübarizə aparan Azərbaycanın hər üç klubu ölkəmizin idman ictimaiyyətini sevindirməkdə davam edir. Dörddəbir finalın ilk görüşündə Almaniyanın "Şveriner" komandası üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanan "Lokomotiv"dən sonra "İqtisadçı" və "Azərreyl" də bu mərhələdə qarşılarında duran ilkin vəzifənin öhdəsindən bacarıqla gəlmişlər.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən "İqtisadçı" - "Kralovo Pole" (Çexiya) görüşü bakılıların böyük üstünlüyü şəraitində davam etdi və onlar qonaqlarını "üç cavabsız qolla" məğlubiyyətə uğratdılar - 3:0 (25:20, 25:19, 25:17).
"Azərreyl" isə qələbə sevincini vətəndan uzaqlarda, Finlandiyada yaşamışdır. Orada yerli "Salo" klubu ilə görüş əvvəldən axıradək gərgin mübarizə şəraitində davam etmiş və oyunun taleyi yalnız sonuncu hissədə həll olunmuşdur. Tay-brekdə bakılılar daha yaxşı oynayaraq evə qələbə ilə qayıtmışlar - 3:2 (19:25, 25:15, 24:26, 25:14, 15:9).
İndi qarşıda martın 2-də keçiriləcək cavab görüşləri durur. Bu dəfə "Lokomotiv" və "İqtisadçı" səfərdə rəqiblərinin qonağı olacaqlar, "Azərreyl" isə öz pərəstişkarları qarşısında oynayacaq. Əgər voleybolçularımız bu görüşlərdən də qalib ayrılsalar, yarımfinala çıxmaları münasibətilə təbrikləri qəbul edəcəklər. Bu məqsədə çatmağa isə cəmi yarım addım qalır.
90-cı dəqiqədə qələbə
UEFA Çempionlar Liqası turnirinin səkkizdəbir final mərhələsinin birinci raundunun növbəti iki oyununda azarkeşlər yalnız bir qol görmüşlər. Milanda "İnter" ilə "Bavariya"nın (Almaniya) görüşünün taleyi 90-cı dəqiqədə həll olunmuşdur. Mario Qomesin vurduğu yeganə top almanlara səfərdə mühüm qələbə qazandırmışdır - 1:0.
Fransada "Marsel" - "Mançester Yunayted" (İngiltərə) matçında isə hər iki rəqibin bütün cəhdlərinə baxmayaraq hesab açılmamışdır. Bu cütlərdən dörddəbir finala hansı klubların çıxacağı martın 15-nə təyin edilmiş cavab görüşlərindən sonra məlum olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında