“Formula-1” yarışları Azərbaycana 277 milyon dollar gəlir gətirib

“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilən Formula-1”  yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat şirkətindən bildirilib.

Paytaxtda baş tutmuş “Formula-1” yarışlarının iqtisadiyyata göstərdiyi təsirlərə dair aparılmış araşdırmanın  nəticələrinə dair hazırlanmış hesabatda qeyd olunur ki, indiyədək Bakıda keçirilmiş “Formula-1”  yarışları ölkənin iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib.

Bu hesabat Bakıda 2016-cı ilin iyununda baş tutmuş ilk “Formula-1”  yarışından bu günə qədər olan müddət ərzində Formula 1 Qran Pri yarışına evsahibliyi etməyin şəhərə qazandırdığı faydaların iqtisadi qiymətləndirilməsini özündə əks etdirir.

Hesabatda 277,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində F1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur ki, Bakıda baş tutmuş iki Qran pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz bu sektorun payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bu rəqəmə F1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildir. 

İndiyədək Bakıda keçirilmiş iki Qran Pri ərəfəsində dolayı gəlirlər isə ümumilikdə 113,1 milyon dollar təşkil edib. Bu gəlirlərin içərisində yenə şəhərin turizm sektoru 14,9 milyon dollarla ən çox iqtisadi fayda götürən sektor olub.

Hesabatda qeyd olunmuş dolayı gəlirlərə Bakıda keçirilmiş Formula 1 Qran Pri yarışlarının təşkilatçılığında birbaşa yer alan təchizatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlirlər daxildir.

 BŞH-nin icraçı direktoru Arif Rəhimov konfransda çıxış edərkən bu nəticələrin sevindirici olduğunu vurğulayıb. “Bakının böyük qonaqpərvərliklə F1-ə ev sahibliyi etməsinə və həmçinin F1-in Bakıya iqtisadi faydalar qazandırmasına şahid olmaq çox qürurverici haldır. Biz dünyanın ən böyük avtoidman yarışı fonunda “Formula 1”-in rəhbərliyi ilə növbəti illərdə də qarşılıqlı əməkdaşlıq etməyə və birlikdə böyük uğurlara imza atmağa davam edəcəyik”.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında