İdman xəbərləri. Olimpiada - 2012: 25 iyul - 12 avqust

Londonda XXX Yay Olimpiya Oyunları 2012-ci il iyulun 25-dən avqustun 12-dək keçiriləcəkdir. İngiltərə paytaxtında Olimpiadanın təntənəli açılış mərasimi iyulun 27-də, bağlanış mərasimi ilə avqustun 12-də olacaq. Oyunların iştirakçıları 302 dəst medal uğrunda mübarizə aparacaqlar.
Olimpiadaya açılış mərasimindən iki gün əvvəl, iyulun 25-də Uelsin paytaxtı Kardiffin "Millenium" stadionunda qadın futbol komandalarının turnirinin qrup mərhələsinin oyunları ilə start veriləcək. Yeri gəlmişkən, bu stadion dünya və Avropa çempionatlarının seçmə yarışlarında Uels yığmasının rəqibi olmuş Azərbaycan milli komandasının futbolçularına da yaxşı tanışdır.
Olimpiya oyunlarının ilk medalları iyulun 28-də oynanılacaq. Həmin gün qadınların ağırlıqqaldırma və pnevmatik tüfəngdən atəş açma, kişilərin pnevmatik tapançadan atəş açma və şosedə velosiped yarışlarının qalib və mükafatçıları öz ölkələrinin olimpiya qələbələrinin hesabını açacaqlar.
Xarici KİV-lərin yaydıqları xəbərlərə görə, Olimpiadada yarışlar 26 növ üzrə keçiriləcəkdir. Biletlərin qiyməti 20 funt sterlinqdən 2000 funt sterlinqə qədər olacaq. Ən baha biletlər açılış mərasiminə, ən ucuz biletlər isə əsasən səhər saatlarına planlaşdırılmış idmanın müxtəlif növləri üzrə ilkin yarışlara satılacaq.
Xatırladaq ki, Azərbaycan olimpiyaçılarının böyük uğurla çıxış edib 7 mükafat - 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazandıqları Pekin Olimpiadası 2008-ci il avqustun 8-də başlanıb 24-də finişə çatmışdı.

{nl}


Fevralın 24-də və martın 3-də
Azərbaycan çempionu - Bakının "Rabitə" klubunun qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin dörddəbir final mərhələsi çərçivəsində Polşada yerli "Fakro"ya qarşı keçirəcəyi ilk oyunun vaxtı dəqiqləşdirilmişdir. Rəqiblər fevralın 24-də qarşılaşacaqlar. Bakıda cavab görüşü isə martın 3-də oynanılacaq.
Əgər Azərbaycan paytaxtı voleybolçuları "Fakro"nu da "aradan götürməyi" bacarsalar, martın 19-20-də İstanbulda keçiriləcək "Dördlər finalı"nda fəxri mükafat uğrunda mübarizəni davam etdirəcəklər. Onu da qeyd edək ki, "Rabitə" - "Fakro" görüşlərinin qalibi yarımfinalda İsveçrənin "Volero" və İtaliyanın "Skavolini" komandaları arasında matçların qalibi ilə üz-üzə gələcək.

{nl}


Qonaqlar sevindilər
UEFA Çempionlar Liqası turnirinin səkkizdəbir final mərhələsinin ilk iki görüşü "doğma divarlar" arasında oynayan klublara elə bir sevinc gətirməmişdir. İspaniyanın "Valensiya" komandası "Şalke"nin (Almaniya) müqavimətini qıra bilməyərək heç-heçə ilə kifayətlənmiş - 1:1, "Milan" (İtaliya) isə "Tottenhem"ə (İngiltərə) uduzmuşdur - 0:1.
Təbii ki, indi almanlar və ingilislər martın 9-na təyin edilmiş cavab görüşlərinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşacaqlar.
Dünən səkkizdəbir finalın daha iki oyunu olmuşdur. Bakı vaxtı ilə gecəyarısı başa çatan bu görüşlərdə "Roma" (İtaliya) "Şaxtyor"u (Ukrayna) qəbul etmiş, "Arsenal" (İngiltərə) isə "Barselona" (İspaniya) ilə qarşılaşmışdır.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında