İlin komandası – baharda doğulmuş qrossmeysterlər

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mütəxəssisləri finişə çatmaqda olan 2017-ci ildə ölkəmizin ən yaxşı məşqçiləri, federasiyası, idman təşkilatı, hakimləri, əməliyyat şirkəti və idmançılarını, eləcə də ilin komandasını müəyyənləşdirmişlər. “Xalq qəzeti” olaraq, bütün qalibləri təbrik edir, onlara artıq astanasında dayandığımız 2018-ci ildə də Azərbaycan idmanının beynəlxalq nüfuzunun daha da artması naminə yarış meydanlarında bol-bol qələbə sevinci arzulayırıq.

Aşağıda diqqətinizə çatdırdığımız sətirlər isə 2017-ci ilin ölkəmizdə ən yaxşı komandası – şahmat ustalarına həsr olunmuşdur. Noyabrın əvvəlində müasir Olimpiya Oyunlarının Vətəni Yunanıstanın Krit adasından Avropa Oyunlarının Vətəni Azərbaycana qitə çempionatının qızıl medalları ilə qayıtmış, bununla da üçüncü dəfə Avropa çempionu adını qazanmış qrossmeysterlərimiz tarixi bir nailiyyətin sevincini yaşamışlar.

Qəzetimiz istər çempionat günlərində, istərsə də komanda Bakıya qayıtdıqdan sonra Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov və yığmamızın kapitanı Eltac Səfərlinin bu diqqətəlayiq müvəffəqiyyəti haqqında böyük məmnuniyyətlə söhbət açmışdır. Lakin qrossmeysterlərimizin həyatında bu günlərdə təsadüfən diqqətimizi cəlb edən bir maraqlı məqam da var.

Demə, çempionlarımızın hamısı baharda doğulmuşdur (Latviya əsilli, son illər Azərbaycan millisinin tərkibində çıxış edən Arkadi Naydiç istisna olmaqla).

Diqqət yetirək: Şəhriyar Məmmədyarov – 12 aprel 1985-ci il (keçmiş SSRİ-də Kosmonavtika Günü doğulub sonralar şahmatda kosmik sürətlə zirvələrə yüksəlmiş dünyanın ən hörmətli qrossmeysterlərindən biri),  Teymur Rəcəbov – 12 mart 1987-ci il, Rauf Məmmədov – 26 aprel 1988-ci il, Qədir Hüseynov – 21 may 1986-cı il və Eltac Səfərli – 18 may 1992-ci il.

Bu da çox dərin rəmzi məna  daşıyır ki, qarşıdakı mayda bütün Azərbaycanın 95-ci doğum gününü təntənəli şəkildə bayram edəcəyi ümummilli lider Heydər Əliyev də məhz baharda anadan olmuşdur. Olduqca xoş və qrossmeysterlərimizi  daha böyük nailiyyətlərə sövq  edə biləcək əlamətdir.

İyirmi il əvvəl – 1988-ci ilin fevralında və bir də elə həmin ilin sonlarında Prezident Heydər Əliyev “Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” və  “Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında”  iki sərəncam imzalayarkən bir-birindən istedadlı bu uşaqlar idmanda hələ yenicə ilk uğurlarını qazanmağa başlayırdılar. Bu gün isə onlar böyüklər arasında üçqat Avropa çempionu adını  daşıyırlar! Ulu öndərin böyük qayğısı öz gözəl bəhrəsini vermişdir. Bu  gün həm də Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov, artıq hamımızın yaxşı bildiyimiz kimi,  2018-ci ilin mart ayında Almaniyanın paytaxtı Berlində keçiriləcək dünya  şahmat tacına iddiaçıların turnirinə vəsiqə qazanmışdır.

Hazırkı çempion norveçli Maqnus Karlsenlə matçda  (noyabr  2018) oynamaq hüququ qazanmaq arzusunda olan səkkiz iddiaçıdan biri ulu öndər Heydər Əliyevin həmvətəni, baharda doğulmuş həmin uşaq şahmatçılardan ən böyüyü (istər yaşca, istərsə də reytinqə görə) Şəhriyar Məmmədyarovdur.

Hazırda dünya reytinq cədvəlində Karlsen və ABŞ  təmsilçisi, milliyyətcə italyan Fabiano Karuanadan sonra üçüncü mövqedə olan qrossmeysterimizi erkən baharda Berlin “döyüşündən”  sonra payızda  Londonda dünya tacı uğrunda matçda da görmək bütün Azərbaycana böyük bir  bayram yaşadar.

... Təəssüf ki, həmin zəka  sahiblərindən biri, 2009-cu ilin payızında Serbiyanın Novi Sad şəhərində keçirilmiş  Avropa çempionatında Azərbaycan millisinin belə yarışlarda ilk qızıl medallar qazanmasında çox  mühüm rol oynamış və həyatı parlaq istedadının daha da çiçəkləndiyi bir vaxtda tərk etmiş Vüqar Həşimov bu gün dostları ilə bir  sırada deyil...

Ruhu şad olsun!

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında