Azərbaycan idmanına İlham Əliyev qayğısı

Finişə çatmaqda olan 2017-ci il Azərbaycan idmanı üçün, ilk növbədə, Milli Olimpiya Komitəsinin 25 illiyi, dövlət başçımız cənab İlham Əliyevin Azərbaycan Olimpiya hərəkatına rəhbərliyinin 20-ci ili, mayda Bakıda ən yüksək səviyyədə təşkil edilən IV İslam Həmrəyliyi Oyunları, Formula–1 Azərbaycan Qran-prisi, Milli Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi, sərbəst üsulla güləşən Hacı Əliyevlə (61 kq) boksçu Məhəmmədrəsul Məcidovun (91 kq-dan yuxarı) üçqat dünya çempionluğu, qrossmeysterlərimizin səviyyəsinə görə dünya çempionatından heç də geri qalmayan Avropa komanda çempionatında üçüncü dəfə ölkəmizə qızıl medal sevinci yaşatmaları və bir sıra başqa mühüm hadisələrlə əlamətdar olmuşdur.

Həyata 1992-ci ildə vəsiqə qazanmış və həmin ildən ötən dövr ərzində beynəlxalq Olimpiya hərəkatına verdiyi töhfələrlə ümumdünya olimpiyaçılar ailəsinin ən layiqli üzvlərindən birinə çevrilmiş Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubileyi ölkəmizin hər yerində geniş qeyd olundu. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ötən 25 il ərzində dövlətimizin və idmanımızın lideri İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərlə zəngin bir yol keçmiş, Olimpiya hərəkatına verdiyi töhfələrlə beynəlxalq idman dairələrində yüksək nüfuz qazanmışdır.

Bu gün planetin hər yerində yekdilliklə etiraf olunduğu kimi, Azərbaycan Milli Olimpiya Komitəsi 200-dən çox ölkəni öz sıralarında birləşdirən Beynəlxalq Olimpiya Komitəsinin ən hörmətli üzvlərindən biridir və onun fəaliyyəti çoxlarına nümunə göstərilir.

Azərbaycan MOK-unun fəaliyyətində böyük dəyişikliklər, əsl tərəqqi və inkişaf yolu isə son iyirmi ili əhatə edir. İdmanımızın bugünkü uğurlarının təməli cənab İlham Əliyev 1997-ci il iyulun 31-də Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında MOK prezidenti seçildikdən sonra qoyulmuşdur.  Vahid komanda şəklində fəaliyyət göstərən ayrı-ayrı idman təşkilatlarımız, federasiyalar, mütəxəssislər və idmançılar onlara göstərilən böyük qayğı və diqqət, hərtərəfli kömək sayəsində beynəlxalq meydanda yüksək zirvələr fəth edir, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında xalqımızı qələbə və medallarla sevindirirlər. MOK-un fəaliyyətinin 25 ili ərzində qazanılmış 50-yə qədər  Olimpiya medalı isə ölkə idmanının əvəzolunmaz sərvətidir.

2017-ci ildə Azərbaycanda ən böyük maraq doğurmuş idman hadisəsi, şübhəsiz, IV İslam Həmrəyliyi Oyunları olmuşdur. Müsəlman aləminin 54 ölkəsinin minlərlə idmançısını bir ailənin şən və mehriban üzvləri kimi öz bayrağı altına toplayan İslamiada onun iştirakçıları üçün əsl dostluq, qardaşlıq və həmrəylik bayramına çevrildi. Mülayim may ayında 11 gün davam etmiş Oyunların startından artıq yeddi ay keçsə də, bu yarışlarda yaşanmış əsl bayram ab-havası xatirələrdə hələ təzədir. Heydər Əliyev adına İdman Arenasında, Bakı Olimpiya Stadionunda, “Kristal Zal”da, Tofiq Bəhramov adına Respublika Stadionunda, Milli Gimnastika Arenasında, Su İdmanı Sarayında, Atıcılıq Mərkəzində və digər idman qurğularında ən yüksək səviyyədə təşkil edilən yarışlarda hökm sürən böyük bayram mühitinin yaratdığı xoş təəssürat turnirlərin iştirakçılarının və qonaqlarının, bütün idman həvəskarlarının, çoxsaylı turistlərin qəlbində özünə möhkəm yer etmişdir desək, yəqin ki, ümumi fikri ifadə etmiş olarıq.

Azərbaycanda “İslam Həmrəyliyi ili”ndə keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkəmizin idman həyatına xüsusi bir məna verdi, insanlarımız bu bayramdan, yarış meydanında maraqlı və kəskin rəqabətdən, həmvətənlərinin tarixi nailiyyətlərindən, rekord sayda medallarından əsl zövq aldılar, xarici ölkə nümayəndələrinin Bakı və bakılılar, Azərbaycan və azərbaycanlılar haqqında, İslamiadanın əla təşkili barədə söylədikləri xoş sözlərə görə böyük qürur hissi keçirdilər.

Dördüncü İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə keçirilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, MOK-un İcraiyyə Komitəsinin üzvü, ölkə Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin  həyata keçirdiyi böyük işlər nəticəsində mümkün olmuşdu. İki il əvvəl Avropa Oyunlarında olduğu kimi, Bakı–2017-də də Təşkilat Komitəsi üzərinə düşən vəzifəni şərəflə yerinə yetirib uzun illər yaddaşlardan silinməyəcək böyük bir idman hadisəsinə layiqincə ev sahibliyi etdi.

İslamiada başa çatdıqdan dərhal sonra yunan-Roma güləşi üzrə üçqat Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Karelinin “Vestnik Kavkaza” portalına müsahibəsində söylədiyi bir fikir də Təşkilat Komitəsinin həyata keçirdiyi böyük işlərə verilən yüksək qiymət idi. Dünya şöhrətli A. Karelin həmin müsahibəsində demişdi: “Hər şey ahəngdar şəkildə idi. Afərin, təşkilatçılar hər şeyi çox yüksək səviyyədə yerinə yetirmişdilər. Oyunların nəticələri də qanunauyğundur”.

Nəticələr bizim üçün, həqiqətən, gözlədiyimizdən də yüksək səviyyədə oldu, nailiyyətlərimiz IV İslam Həmrəyliyi Oyunlarının tarixinə qızıl hərflərlə yazıldı.

Bir daha yada salaq – Azərbaycan idmançıları İslamiadada 162 medal – 75 qızıl, 50 gümüş və 37 bürünc mükafat qazanaraq komanda hesabında çıxışlarını medalçı ölkələrin siyahısında ən yüksək mövqedə başa vurmuş və ölkəmizdə Olimpiya yubileyləri ilinə öz layiqli töhfələrini vermişlər.

Əlli dörd ölkə idmançılarının rəqabətində qazanılmış bu medallar Azərbaycan atletlərinin sərbəst güləşənlər Hacı Əliyev (61 kq), Mahir Əmiraslanov (57 kq), yunan-Roma üsulu ilə güləşənlər Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq), qadın güləşçilər Mariya Stadnik  (48 kq),  Leyla Qurbanova (53 kq), cüdo ustaları Orxan Səfərov (60 kq), Hidayət Heydərov (73 kq), paralimpiyaçı cüdoçular Afaq Sultanova (57 kq), Ramil Qasımov (73 kq), Rafael Ağayev (75 kq) başda olmaqla karateçilərin və digər növlərin nümayəndələrinin gərgin və məqsədyönlü hazırlığının nəticəsidir.

İslamiadada starta çıxan, demək olar, bütün atletlərimiz onlara göstərilən ümidləri tam doğruldub unudulmaz “Bakı–2015”dəki kimi ölkə idmanı tarixinə parlaq səhifə yazdılar. Ən başlıcası isə, Avropadan sonra bütün müsəlman aləmi də Azərbaycan idmanı rəhbərlərinin yüksək təşkilatçılıq bacarığının bir daha şahidi oldu.

Ötən il Bakıda Formula–1 Azərbaycan Qran-prisi də böyük müvəffəqiyyətlə keçdi. Sürət ustalarının paytaxtımızda yüksək səviyyədə təşkil edilən yürüşü bir çox ölkənin avtomobil idmanı mütəxəssisləri və həvəskarları tərəfindən ilin ən yaxşı Formula–1-i hesab edilmişdir. Deməli, “kralların” Bakıda keçirilən startlarına heç kim biganə qalmamışdır.

Payızda Milli Gimnastika Arenasında təşkil edilən qadın voleybol komandaları arasında Avropa çempionatının final mərhələsi idmanın bu növünün pərəstişkarları üçün əsl bayrama çevrildi. İdman həvəskarları üç həftə ərzində qitənin ən yaxşı komandalarının gərgin mübarizəsini böyük maraq və xoş bir həyəcanla izlədilər. Çempionatda yalnız yarımfinalda uduzub çıxışlarını Avropanın ən güclü dörd kollektivi sırasında başa vuran Azərbaycan millisi də yaxşı təsir bağışladı. Bu komandamızın 2017-ci ildə dünya çempionatının seçmə yarışlarında uğurla çıxış edərək Tokioda keçiriləcək DÇ–2018-ə vəsiqə qazanmasını da ötən ilin əsas hadisələrindən biri kimi qiymətləndirmək olar.

Əlbəttə, 2017-ci ilin idman uğurlarından danışarkən son illərin dəyişməz Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandasının futbol ictimaiyyətinə, bütün ölkəmizə yaşatdığı hədsiz sevinc hissini xüsusi qeyd etməliyik. Komanda Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil etmək hüququ qazanmaqla möhtəşəm bir zəfərə imza atdı, sonra isə bununla da kifayətlənməyib “Çelsi” (İngiltərə), “Roma” (İtaliya) və “Atletiko” (İspaniya) kimi çox zəhmli klublara çempionlar meydanında layiqli rəqib oldu,  burada hətta “Atletiko” ilə iki dəfə heç-heçə oynayıb son dörd-beş ildə iki dəfə Liqanın finalında gördüyümüz İspaniya paytaxtının bu çox məşhur komandasını səkkizdəbir finaldan kənarda saxladı. İstedadlı məşqçi, indi həm də millimizin uğurları üçün çalışan Qurban Qurbanovun yetirmələrinin Avropa klub futbolunun bir nömrəli turnirində adlı-sanlı rəqiblərə qarşı görüşlərdə topladıqları təcrübə, şübhəsiz, öz faydasını verəcək və dünya “Qarabağ”ın yeni-yeni uğurlarının şahidi olacaq.

Üçqat çempionlarımızın qələbələrinə gəldikdə, sərbəst güləş ustası Hacı Əliyevin ötən ilin avqust ayında Parisdə dünya çempionatında bütün rəqiblərinə qalib gəlməsi və böyük nailiyyəti şərəfinə dövlət himnimizin səsləndirilməsi, Azərbaycan güləşi tarixində ilk dəfə olaraq üçqat dünya çempionluğu zirvəsinə yüksəlməsi Fransa paytaxtında göstərilmiş böyük idman hünəridir.

Bundan bir qədər sonra Almaniyanın Hamburq şəhərindən fərəhli xəbər aldıq. Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov orada dünya çempionatında bütün döyüşlərdən qalib ayrılmışdır. Bununla da rinq ustamız 2011-ci ildə Bakıda və 2013-cü ildə də Almatıda dünya çempionatlarında qazandığı uğurları 2017-ci ildə Hamburqda təkrar edərək üçqat dünya çempionu adı daşımağa başlamışdır.

Daha bir üçqat çempionumuz isə Azərbaycanın kişilərdən ibarət milli şahmat komandasıdır. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət heyət (komandanın kapitanı Eltac Səfərli idi) Yunanıstanın Krit adasında keçirilən Avropa çempionatında bütün rəqiblərindən yüksək nəticə göstərərək, 2009-cu ildə Novi-Sadda (Serbiya) və 2013-cü ildə də Polşanın paytaxtı Varşavada qazandığı uğurları təkrar edib üçqat Avropa çempionu oldu. Zəka sahiblərimiz Yunanıstandan qayıtdıqdan dərhal sonra isə Prezident İlham Əliyev komanda üzvlərini qəbul edib onların Avropa çempionatında böyük qələbəsini çox yüksək qiymətləndirdi.

Azərbaycan şahmatının lideri Məmmədyarovun FİDE-nin Qran-pri yarışları seriyasının yekununda 2018-ci ilin mart ayında Almaniyanın paytaxtı Berlində keçiriləcək dünya şahmat tacı uğrunda iddiaçıların turnirinə vəsiqə qazanması da ölkəmizdə böyük sevinclə qarşılandı.

Nəhayət, 2017-ci ilin daha bir əlamətdar hadisəsi üzərində dayanaq. Dekabrın ilk günlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə keçirilmiş seçkilərdə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov İttifaqın prezidenti seçilmişdir. Bunun özü də tarixi hadisədir. İlk dəfə olaraq beynəlxalq idman təşkilatına azərbaycanlı mütəxəssis rəhbərlik edəcək. F. Qayıbova belə yüksək etimad göstərilməsi, əlbəttə ki, həm də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyasının ölkəmizdə bu növün inkişafında əldə etdiyi böyük nailiyyətlərin, Azərbaycanda gimnastikaya  göstərilən daimi qayğı və diqqətin nəticəsidir.

Bax belə, ölkəmizin müstəqillik dövrünün bütün əvvəlki illəri kimi, 2017-ci il də Azərbaycan idmanı tarixində növbəti zəfər ilinə çevrilmiş, atletlərimiz ili yüksək nailiyyətlər və təbii ki, həm də yaxşı əhval-ruhiyyə ilə başa vurmuşlar. Buna ürəkdən sevinmək, qələbə və medalları ilə fəxr etmək üçün onların haqqı var.

Yeni, 2018-ci ildə də idman ictimaiyyətimizi bir-birindən maraqlı hadisələr gözləyir. Həmişəki kimi, Azərbaycan qarşıdakı ildə də bir çox böyük  yarışın təşkilatçısı olacaq, idman həvəskarlarımız Bakıda növbəti beynəlxalq startları izləmək imkanı qazanacaqlar. Formula–1 Azərbaycan Qran-prisi, cüdo üzrə dünya çempionatı, velosiped idmanının BMX növü üzrə dünya çempionatı, 2020-ci il Avropa futbol çempionatının seçmə oyunları... Onları idmanımızın yeni-yeni nailiyyətlərinə böyük ümidlə gözləyək.

Qeydlərimizi isə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin dekabrın 18-də  Milli Olimpiya Komitəsində keçirilən və 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışından aşağıdakı sözlərlə yekunlaşdıraq: “Bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindirmişlər. Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər, medallar qazanırlar. Bu il də medalların sayı kifayət qədər çoxdur. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanmışlar ki, onlardan 347-si qızıl medaldır. Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr
qazanırlar”.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında