İdman xəbərləri. Azərbaycan, yoxsa Ukrayna?

Paytaxtımızda dördüncü dəfə keçirilən beynəlxalq futzal turnirinin qalibinin bu iki komandadan hansının olacağı sualına idman həvəskarlarımız bu axşam cavab alacaqlar. Bakı İdman Sarayında finişə çatmaqda olan ənənəvi yarışın baş mükafatının sahibi saat 20.15 -də başlanacaq Azərbaycan - Ukrayna görüşündən sonra məlum olacaq. Turnirdə birinci yerə hər iki iddiaçı öz aralarındakı həlledici oyuna iki qələbə ilə gəlmişdir. Fərq yalnız bundadır ki, Özbəkistan komandasını 5:3, latviyalı qonaqlarını isə 7:1 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycanın futzal ustaları topların daha yaxşı fərqinə görə (+8) turnir cədvəlində birinci mövqedədirlərsə, həmin rəqiblər üzərində müvafiq surətdə 1:0 və 5:1 hesabı ilə qələbə qazanan Ukrayna yığması ikinci pillədədir və bugünkü oyunda onu yalnız qələbə qane edir.Üçüncü yerin sahibi isə bu görüşdən əvvəl keçiriləcək Özbəkistan - Latviya qarşılaşmasında müəyyənləşəcək.
Xatırladaq ki, beynəlxalq turnir fevralın 24-də elə həmin idman sarayında başlanacaq Avropa çempionatının əsas seçmə mərhələsinə hazırlaşan yığmamız üçün bir növ qüvvələrə baxış xarakteri daşıyır.

{nl}


Mükafatçılar üçlüyündən kənarda
Moskvada başa çatmış gənc qrossmeysterlərin tunririnin finişində uğursuzluq Azərbaycan şahmatçısı Eltac Səfərlini mükafatçılar sırasından kənarda saxlamışdır. Son iki turda rusiyalı Ernesto İnarkiyevə uduzan və ukraynalı Yuri Kuzubovla heç-heçə oynayan qrossmeysterimiz 11 mümkün xaldan 5,5 xal toplayaraq Kuzubov, Rusiya şahmatçıları Nikolay Çadayev, Yevgeni Alekseyev və bolqar İvan Çeparinovla 5-9-cu yerləri bölüşdürmüşdür.Turnirin qalibi adını isə 7,5 xalla Boris Qraçov (Rusiya) qazanmışdır. İkinci-üçüncü mükafatlar ondan yarım xal geri qalan Sergey Jiqalko (Belarus) və Sənan Syugirova (Rusiya) təqdim olunmuşdur.

{nl}


Məmmədovlar "Aeroflot Open"də
Bu gün Rusiya paytaxtında startı veriləcək və sayca onuncu dəfə keçiriləcək ənənəvi "Aeroflot Open" festivalının əsas yarışı olan "A" turnirində mükafatlar uğrunda Azərbaycanın iki şahmatçısı sonuncu ölkə çempionu Nicat Məmmədov və yığma komandamızın üzvü Rauf Məmmədov da mübarizə aparacaqlar.
Turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq. Birinci turun görüşləri bu gün oynanılacaq. Sonuncu tur fevralın 16-na təyin edilmişdir. Azərbaycanın daha bir qrup şahmatçısı isə "B" və "C" turnirlərində yarışacaqdır.

{nl}


"Azərreyl" dörddəbir finalın astanasında
Bakının "Azərreyl" klubu bu gün qadın komandaları arasında Avropa Voleybol Konfederasiyasının "Çağırış" kuboku turnirinin səkkizdəbir finalının cavab görüşləri çərçivəsində Ukraynanın "Ximik" komandasını qəbul edəcəkdir. "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək bu oyun ərəfəsində Azərbaycan voleybolçuları dörddəbir finala çıxıb, kubok uğrunda mübarizəni davam etdirmək üçün yaxşı imkana malikdirlər.
Artıq bildiyiniz kimi, səkkizdəbir finalın ilk görüşündə voleybolçularımız səfərdə ukraynalı rəqibləri üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanmışlar. Bu isə ümid etməyə əsas verir ki, "Azərreyl"in öz pərəstişkarları qarşısında həmin müvəffəqiyyəti təkrar etməyə qüvvə və ustalığı çatacaq.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında