“Qarabağ” çempionlar meydanında sınaqlardan şərəflə çıxdı

Ağdamın “Qarabağ” komandası Azərbaycan futbolunun tarixdə ilk dəfə təmsil olunduğu UEFA Çempionlar Liqası turnirinin əsas mərhələ sınaqlarında çıxışlarını Romanın “Olimpiko” stadionunda “Roma”ya qarşı görüşlə başa vurdu. Ölkə çempionumuz İtaliya paytaxtında zəngin təcrübəli rəqibə uduzsa da (0:1), qitənin futbol ictimaiyyətinin yekdil fikrincə, çempionlar meydanında özünü layiqli rəqib kimi göstərdi.

Başlıca məqsəd də elə bu idi. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq vəzifəsini müvəffəqiyyətlə yerinə yetirdi və burada “Çelsi”, “Roma”, “Atletiko” kimi böyük klublara qarşı keçirdiyi altı oyunda kifayət qədər təcrübə topladı.

Liqada oyunlar, qazanılmış təcrübə gələcəkdə Qurban Qurbanovun komandasının hər bir futbolçusu üçün, şübhəsiz, çox faydalı olacaq. Növbəti illərdə isə  “Qarabağ” yenidən Çempionlar Liqasına vəsiqə qazanmağa və bu dəfə qrup mərhələsi səddini də aşmağa çalışacaq.

Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının özü Azərbaycan futbolu üçün tarixi nailiyyətdir. Buna görə ölkə çempionumuza bir daha minnətdarlığımızı bildirək...

“C” qrupunda “Roma”– “Qarabağ” görüşü ilə eyni vaxtda keçirilən digər oyunda “Çelsi” və “Atletiko” meydandan heç-heçə (1:1) ilə ayrıldıqdan sonra qəti məlum oldu ki, bu qrupdan növbəti mərhələyə hərəyə 11 xal toplayan italyanlar və ingilislər çıxmışlar. “Atletiko” finişə 7, “Qarabağ” 2 xalla çatmışdır.

Qrup mərhələsinin sonuncu, 6-cı turunda daha üç qrupda oyunlar belə nəticələnmişdir:

“A” qrupu. “Benfika”–“Bazel”–0:2, “Mançester Yunayted”–ÇSKA–2:1. Pley-off görüşlərinə İngiltərə təmsliçisi (15 xal) və İsveçrə klubu (12) vəsiqə qazanmışlar. Moskvalılar 9 xal toplamışlar, Portuqaliya futbolçuları bütün altı oyunda uduzmuşlar.

“B” qrupu. “Bavariya”–“Pari Sen-Jermen”–3:1, “Seltik”–“Anderlext”–0:1. Səkkizdəbir finala hərəyə 15 xal toplayan Fransa və Almaniya klubları çıxmışlar. Şotlandlar və belçikalılar finişə 3 xalla çatmışlar.

“D” qrupu. “Barselona”–“Sportinq”–2:0, “Olimpiakos”–“Yuventus”–0:2. Növbəti mərhələdə “Barselona” (14 xal) və “Yuventus” (11) oynayacaqlar. “Sportinq” 7, “Olimpiakos” 1 xal toplamışlar.

Qruplarda sonuncu yerlərdə qalmış komandaların göstəricilərinə diqqət yetirsək, “Qarabağ” “Benfika” və “Olimpiakos”dan üstündür.  “Anderlext”dən isə 1 xal geri qalır. “Çelsi”, “Roma” və “Atletiko” kimi zəhmli komandalarla görüşlərdə 2 xal toplamaq Avropanın 1 nömrəli klub turnirində ilk addımlar atan “Qarabağ” üçün pis nəticə deyil.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında