Liderlər üçlüyünə çatmaq çətin olacaq

Dekabrın ilk üç günündə Topaz Premyer Liqasında keçirilmiş 14-cü turun “Qarabağ”–“Neftçi” (1:0), “Kəpəz”–“Sumqayıt” (0:3), “Qəbələ”–“Keşlə” (3:0) və “Səbail”–“Zirə” (0:1) görüşləri ilə komandalar milli çempionatımızın birinci yarısını başa vurub, 2018-ci ilin fevral ayınadək istirahətə çıxmışlar.

Fasiləni ən yaxşı əhval-ruhiyyə ilə qarşılayan “Qarabağ” 13 oyunda cəmi beş xal itirmiş (Ağdam klubunun “Səbail” ilə 4-cü turdan buraxılmış görüşü dekabrın 8-nə keçirilmişdir) və 34 xalla turnir cədvəlinə inamla başçılıq edir. Çempionluq mübarizəsində Qurban Qurbanovun komandasının əsas rəqibləri “Qəbələ” və “Zirə” turnir məsafəsinin birinci yarısında finişə müvafiq surətdə 31 və 30 xalla çatmışlar. Əgər 20 xalla dördüncü pillədə irəliləyən “Sumqayıt”ın “Zirə”dən artıq 10 xal geri qaldığını nəzərə alsaq, bu qənaətə gələ bilərik ki, qış fasiləsindən sonra bugünkü liderlər üçlüyünə çatmaq çətin olacaq. Cədvəlin ikinci yarısını isə “Neftçi” (16), “Səbail” (13), “Keşlə” (8) və “Kəpəz” (7) təşkil edirlər.

Rəqiblər fasilədən sonra ilk oyunlarını gələn il fevralın 10-11-də keçirəcəklər. Həmin günlərdə azarkeşlər “Zirə”–“Sumqayıt”, “Qarabağ”–“Qəbələ”, “Neftçi”–“Kəpəz” və “Keşlə”–“Səbail” görüşlərini izləmək imkanı qazanacaqlar.

Bu gün isə bütün futbol ictimaiyyətimizin nəzərləri İtaliya paytaxtına yönələcək. “Qarabağ” Çempionlar Liqası turnirinin qrup mərhələsinin sonuncu, 6-cı turunda səfərdə “Roma” ilə görüşəcək. Bu oyun Avropa klub futbolunun bir nömrəli yarışının əsas mərhələsində oynamaq hüququ qazanması ilə Azərbaycana böyük sevinc hissi yaşatmış ölkə çempionumuz üçün turnir mövqeyi baxımından elə bir əhəmiyyət daşımasa da, hər halda, Ağdam klubu məşhur rəqibə layiqli müqavimət göstərmək əzmindədir.

Romanın “Olimpiko” stadionunda oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Görüşü Tobias Ştilerin başçılığı ilə almaniyalı hakimlər briqadası idarə edəcəkdir. Bu axşam “C” qrupunun daha bir matçında isə “Çelsi” Londonda “Atletiko”nu qəbul edəcək. Qrupda son görüşlər ərəfəsində İngiltərə təmsilçisinin 10, “Roma”nın 8, Madrid klubunun 6, “Qarabağ”ın 2 xalı vardır. Əgər ingilislər pley-off mərhələsinə vəsiqəni artıq özlərinə təmin etmişlərsə, qrupdan növbəti mərhələnin ikinci iştirakçısı bugünkü oyunlardan sonra məlum olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında