AOK prezidenti Minskdə Avropa Oyunlarına hazırlığın gedişindən razıdır

Belarus Teleqraf Agentliyinin (BELTA) noyabrın 29-da yaydığı xəbərə görə, Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Yanez Koçiançiç Minskə səfəri zamanı agentliyin müxbirinə bildirmişdir ki, Belarusun mötəbər beynəlxalq turnirlərin keçirilməsində topladığı təcrübə II Avropa Oyunlarına uğurla hazırlaşmağa kömək edəcək.

AOK rəhbəri böyük beynəlxalq yarışların keçirilməsində başqa ölkələrlə müqayisədə Belarusun üstünlüyü haqqında danışarkən demişdir ki, Belarus Respublikası artıq kifayət qədər mötəbər yarışlar: 2014-cü ildə xokkey üzrə dünya çempionatı, idmanın müxtəlif növləri üzrə Dünya Kuboku turnirləri, Avropa birincilikləri keçirmişdir.

Avropa Olimpiya Komitələrinin Zaqrebdə 46-cı Baş asambleyasında AOK prezidenti seçilmiş Yanez Koçiançiç 2019-cu ildə Minskdə keçiriləcək Avropa Oyunlarına hazırlığın gedişindən razıdır. O, demişdir: Bu gün Belarus Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Lukaşenko, ölkənin baş naziri, Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Andrey Kobyakovla görüşlərim olub. Bu görüşlərdə qarşıdakı hadisəyə hazırlığın gedişi müzakirə edilib. Müxtəlif məsələlər və problemlər haqqında danışılıb. Mən əminəm ki, qarşıdakı Avropa Oyunları ən yüksək səviyyədə keçəcək. Buna heç bir şübhə yoxdur. Biz həm “2019-cu il II Avropa Oyunlarının Müdiriyyəti” fondunun direktoru Georgi Katulin, həm də MOK-un birinci vitse-prezidenti Andrey Astaşeviçlə sıx əlaqə şəraitində işləyirik. Bu gün televiziya yayımları, sığorta, beynəlxalq marketinq məsələlərini müzakirə etdik. Avropa Oyunlarına hazırlıq fəal şəkildə aparılır.”

Belarus II Avropa Oyunlarının təşkili hüququnu Avropa Olimpiya Komitələrinin Baş assambleyasının 2016-cı ilin oktyabr ayında Minskdə keçirilmiş 45-ci iclasında qazanıb. 2019-cu il iyunun 21-də başlayıb, 30-dək davam edəcək Avropa Oyunlarının proqramına idmanın 15 növü üzrə yarışlar daxildir: badminton, basketbol 3x3, boks, güləş (yunan-Roma, sərbəst, qadın), velosiped idmanı (trek və şose), gimnastika (idman, bədii, akrobatika, aerobika və batut üzərində tullanışlar), baydarka və kanoelərdə avarçəkmə, cüdo, karate, yüngül atletika, sambo, oxatma, atıcılıq (güllə və stend), stolüstü tennis, çimərlik futbolu. Atletlər Oyunlarda 189 dəst medal uğrunda mübarizə aparacaqlar.

BELTA-nın bu xəbərinə əlavə olaraq xatırladaq ki, Belarus Respublikası II Avropa Oyunlarının estafetini Azərbaycandan qəbul edib. Bakıda I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçirilib və bütün Avropa yarışların yüksək səviyyədə təşkilindən çox razı qalıb.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında