Şəhriyar Məmmədyarov Berlin yolunda

Teymur Rəcəbovun isə iddiaçıların turnirinə vəsiqə qazanmaq üçün bir qələbəsi çatmadı

İspaniyanın Palma-de-Malyorka şəhərində FİDE-nin Qran-pri yarışları seriyasından sonuncu, dördüncü mərhələ görüşləri başa çatmış və dünya şahmat tacı uğrunda iddiaçıların turnirinə vəsiqə qazanan qrossmeysterlər məlum olmuşdur. Vəsiqələrin xoşbəxt sahibləri həlledici mərhələdə iştirak etməyən, amma əvvəlki üç turnirdə uğurla çıxış etmiş Azərbaycan şahmatınını lideri Şəhriyar Məmmədyarov və rusiyalı Aleksandr Qrişukdur.

Palma-de-Malyorka turnirinin son turunadək digər şahmatçımız Teymur Rəcəbov da seriyanın iki qalibindən biri olmağa ümid edə bilərdi. Fransız Maksim Vaşye-Laqravın da Teymur kimi, səkkiz raunddan sonra finişə mükafatçılar sırasında çatıb iddiaçıların turnirinə vəsiqə qazanmaq imkanı pis deyildi. Lakin son nəticələr bu qrossmeysterlərə sevinc gətirməyib. Azərbaycan şahmatçısı macar Rixard Rapportla heç-heçəyə razılaşmalı olub, Vaşye-Laqrav isə Dmitri Yakovenkoya (Risuya) uduzub.

Nəticədə ilk iki yeri 9 mümkün xaldan hərəyə 5,5 xal toplayan Yakovenko və Levon Aronyan (Ermənistan) tutmuşlar. Rəcəbov, rusiyalılar Yevgeni Tomaşevski, Pyotr Svidler, çinli Din Lijen, Pentala Harikrişna (Hindistan), Rapport və Hikaru Nakamura (ABŞ) onlardan yarım xal geri qalıb finişə 3-9-cu pillələrdə çatmışlar.

İspaniyaya yüksək əhval-ruhiyyə ilə, Yunanıstanın Krit adasında keçirilmiş Avropa komanda çempionatının qızıl medalının sahibi kimi yola düşən Rəcəbov Palma-de-Malyorkada da sonadək inamla çıxış etmiş, 7-ci – 8-ci turlarda Li Çao (Çin) və Boris Gelfand (İsrail) üzərində ardıcıl iki qələbədən sonra məqsədə çox yaxınlaşmışdı. Təəssüf ki, turnirin bağlanış günü macar rəqiblə görüşdə heç-heçə onun və pərəstişkarlarının arzusunun həyata keçməsinə imkan verməmişdir, hərçənd həmin oyunda qələbə Teymuru turnirin qalibləri sırasına çıxarıb, onun üçün Berlinə, iddiaçıların turnirinə yol açacaqdı.

Burada xatırlatmaq yerinə düşər ki, FİDE-nin Qran-pri yarışları seriyası dörd mərhələdən ibarət idi və bu turnirlər 24 məşhur qrossmeysteri öz bayrağı altına toplamışdı. Hər turnirdə 18 iştirakçı mübarızə aparırdı. Qaydalara əsasən rəqiblərin hər biri üç turnirdə iştirak edə bilərdi. Bütün dörd mərhələ başa çatdıqdan sonra yarışların yekununda ilk iki yeri tutan qrossmeysterlər 2018-ci ildə iddiaçıların turnirində oynamaq hüququ qazanacaqdı.

Birinci turnir fevralda Birləşmiş Ərəb Əmirliklərinin Sərcah şəhərində, ikincisi mayda Moskvada, üçüncü mərhələ iyulda Cenevrədə (İsveçrə) təşkil olunmuşdu. Bu üç mərhələdən sonra qrossmeysterlərimiz finişdə ilk iki yerdən birini tutub iddiaçılar turnirində oynamaq məqsədinə nail olmaq üçün özlərinə yaxşı zəmin yaratmışdılar.

Sonuncu turnir ərəfəsində ilk beşliyi artıq mərhələlərdə çıxışlarını başa vurmuş Məmmədyarov (340 xal), Qrişuk (336,4), habelə Rəcəbov (iki turnurdə 240 xal), Din Lijen (240) və Vaşye-Laqrav (211,4) təşkil edirdilər. Vəsiqələrin sahibləri məhz Palma-de-Malyorkada qəti məlum olacaqdı.

Dörd mərhələnin ümumi yekununda vəsiqədən birincisinə Sərcahda 140, Moskvada da bir o qədər, Cenevrədə 60, üç turnirin yekununda 340 xal qazanan Məmmədyarov, digərinə isə Qrişuk (336,4) sahib olmuşlar. T.Rəcəbov 312 xalla (Sərcahda 71, Moskvada 170, Palma-de-Malyorkada 71) üçüncü yerlə kifayətlənmişdir.

Beləliklə, 2018-ci il martın 10-dan 28-dək Almaniyanın paytaxtı Berlində iddiaçıların dünya şahmat tacı uğrunda turnirində FİDE-nin Qran-pri yarışları seriyasının iki qalibi Məmmədyarov və Qruşuk, habelə dünya şahmat tacı uğrunda sonuncu matçda norveçli Maqnus Karlsenə uduzmuş Sergey Karyakin və onun həmvətəni, təşkilatçılardan şəxsi dəvət almış keçmiş dünya çempionu Vladimir Kramnik, Dünya kuboku yarışlarının qalibi Aronyan (Ermənistan) və finalda onun rəqibi olmuş Din Lijen, eləcə də yüksək reytinqə malik ABŞ təmsilçiləri Fabiano Karuana və Uesli So mübarizə aparacaqlar.

Finişə yaxınlaşmaqda olan 2017-ci ili Avropa çempionu kimi başa vurmuş Məmmədyarovu təbrik edib, ona Berlin “döyüşlərini” də tam hazırlıqla qarşılamağı arzulayaq. Digər Avropa çempionumuz, Qran-pri seriyasında 24 rəqib arasında üçüncü olmuş Rəcəbovun da layiqli mübarizə apardığını qeyd edək. Başlıcası budur ki, Teymur müəyyən fasilədən sonra yenidən şahmat aləminin diqqətini özünə cəlb etməyə başlamışdır.

Bu arada A.Qruşuk “R–Sport” agentliyinə müsahibəsində Berlin turniri iştirakçılarının tərkibinin çox güclü olduğunu qeyd etmişdir. O demişdir ki, şahmat tacına iddiaçılar turnirinin hər bir iştirakçısı bu mötəbər yarışda qələbəyə və dünya çempionu adı uğrunda matçda iştiraka ümid edə bilər:

“Bəli, turnirin favoritlərinin adlarını çəkmək olar. Bunlar Aronyan, Kramnik, So, Karuana, Karyakin, Din Lijen və Məmmədyarovdur. Mənim fikrimcə bu, böyük fərqlə, şahmat tarixində ən güclü turnir olacaq. Mən iddiaçıların turnirinədək yarışlarda oynamağı planlaşdırmıram. Bu turnirin özünə hazırlaşacağam. Qarşımda bir vəzifə durur – çalışıb turnirdə qalib gəlmək”.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında