“Qarabağ” “Çelsi” ilə üz-üzə

İDMAN

Bu gün Ağdamın “Qarabağ” komandası öz tarixində daha bir böyük oyuna çıxacaq. Azərbaycan çempionu UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinin 5-ci turunda İngiltərənin “Çelsi” klubu kimi nəhəng bir rəqiblə üz-üzə gələcək.

UEFA saat 21-də Bakı Olimpiya Stadionunda ağzınadək dolu tribunalar və ya 70 minə qədər tamaşaçının gözü qarşısında başlanacaq oyunun hakimliyini Portuqaliya Futbol Federasiyasının nümayəndələrinə həvalə etmişdir. Komandaları baş hakim kimi meydana Manuel de Souza çıxaracaq.

Bütün Azərbaycanda hədsiz maraqla gözlənilən görüş necə nəticələnəcəyindən asılı olmayaraq, futbolumuz üçün tarixi hadisə, böyük bayram olacaq. Qısa müddət ərzində özünü bütün Avropaya tanıtdırmağı bacarmış Azərbaycan çempionu “Roma” (İtaliya) və “Atletiko”dan (İspaniya) sonra “Çelsi”ni də Bakıya gətirmişdir.

Qurban Qurbanovun komandası Çempionlar Liqasının qrup mərhələsində artıq ilk qollarını vurmuş, ilk xallarını qazanmışdır. İndi təkcə qələbə çatışmır. “Qarabağ” bu axşam öz tarixinə daha bir parlaq səhifə yaza bilər.

 

Palma-de-Malyorkada yolun yarısı keçildi

 

İspaniyanın Palma-de-Malyorka şəhərində keçirilən FİDE-nin Qran-pri yarışları seriyasından sonuncu, 4-cü mərhələ turnirinin iştirakçıları 5-ci turun görüşləri ilə yarışın birinci yarısını başa vurub bir günlük istirahətə çıxmışlar. Maraqlıdır ki, fasilə ərəfəsində doqquz oyundan heç birində qələbə qeydə alınmamış, sanki, rəqiblər istirahətqabağı bir-birlərinin “xətrinə dəymək” istəməmişlər.

Teymur Rəcəbov bu dəfə Pentala Harikrişna (Hindistan) ilə görüşdən yarım xalla ayrılmışdır. Təmsilçimiz turnirin birinci yarısında keçirdiyi beş oyunda 2,5 xal toplayaraq 50 faizli nəticə göstərmişdir.Bu göstərici ilə turnir cədvəlində orta mövqelərdə olan Rəcəbov hərəyə 3 xalla ikinci-yeddinci yerləri bölüşdürən fransız Maksim Vaşye-Laqrav, ABŞ şahmatçısı Hikaru Nakamura, çinli Din Lijen, Pyotr Svidler, Dmitri Yakovenko (hər ikisi Rusiya) və Harikrişnadan yarım xal geri qalır. Birinci yerdə olan Levon Aronyan (Ermənistan) isə 3,5 xal toplamışdır.

Dünən turnir iştirakçıları istirahət etmişlər. Bu gün keçiriləcək altıncı turda Rəcəbov qara fiqurlarla rusiyalı Yevgeni Tomaşevskiyə qarşı oynayacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında