Teymur Rəcəbov Palma-de-Malyorkada

FİDE-nin Qran-pri yarışları seriyasına İspaniyada yekun vurulacaq

İspaniyanın Palma-de-Malyorka şəhərində FİDE-nin Qran-pri yarışları seriyasından sonuncu, 4-cü mərhələyə start verilmişdir. Turnirin 18 iştirakçısı arasında komanda yarışlarında üçqat Avropa çempionu, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da vardır.

Təmsilçimizlə yanaşı, Qran-pridə rusiyalılar Pyotr Svidler, Dmitri Yakovenko, Aleksandr Ryazantsev, Yevgeni Tomaşevski, Ernesto İnarkiyev, çinlilər Din Lijen və Li Çao, Levon Aronyan (Ermənistan), fransız Maksim Vaşye-Laqrav, Hikaru Nakamura (ABŞ), Aniş Giri (Hollandiya), hindistanlı Pentala Harikrişna, Ukrayna şahmatçısı Pavel Elyanov, israilli Boris Gelfand, ispan  Fransisko Valyeko, macarıstanlı Riçard Rapport və Lüdviq Hammer (Norveç) də iştirak edirlər.

Turnirin qalib və mükafatçıları, habelə 2018-ci ilin mart ayında Berlində keçiriləcək iddiaçıların turnirinə iki vəsiqənin sahibləri noyabrın 25-də məlum olacaq. Təşkilatçılar qrossmeysterlər üçün bir istirahət günü də nəzərdə tutmuşlar (21 noyabr).

Qədim oyun pərəstişkarlarına məlum olduğu kimi, FİDE-nin Qran-pri yarışları seriyası dörd mərhələdən ibarətdir. İlk üç turnir fevralda Birləşmiş Ərəb Əmirliklərində, mayda Moskvada və iyulda Cenevrədə (İsveçrə) keçirilmişdir.

Seriyadakı hər iki qrossmeysterimiz çətin yarış məsafəsinin arxada qalan hissəsində uğurla çıxış etmişdir. Məmmədyarov da, Rəcəbov da dünya şahmat tacına aparan yolda iddiaçılar turnirinə vəsiqə qazanmaq imkanını özlərində saxlayırlar.

Dörd mərhələnin üçündən sonra ümumi hesabda 340 xalla Məmmədyarov liderdir. İkinci pillədə irəliləyən Aleksandr Qrişuk (Rusiya) 336,4 xal toplamışdır. Bu qrossmeysterlər artıq seriyada çıxışlarını başa vurmuşlar. Sonrakı üç yeri Rəcəbov (241,4), Din Lijen (240) və Vaşye-Laqrav (211,4) tuturlar. Lakin çinli qrossmeyster Dünya kuboku yarışında finala çıxmaqla iddiaçılar turnirinə vəsiqə qazanmaq vəzifəsini artıq yerinə yetirmişdir.

Deməli, iki vəsiqəyə dörd əsas namizəd qalır – Məmmədyarov, Qrişuk, Rəcəbov, Vaşye-Laqrav. Onu da xatırladaq ki, Qran-pri yarışlarında hər mərhələnin qalibi 170, ikinci-üçüncü yerlərin sahibləri isə müvafiq surətdə 140 və 110 xal qazanırlar.

Dünən keçirilən birinci turda Rəcəbov ağ fiqurlarla Ryazantsevə qarşı oynamışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında