Avropa çempionatının qalibi olan şahmatçılarımız Vətənə qayıdıblar

Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatının qalibi olan Azərbaycan millisinin üzvləri noyabrın 8-də Vətənə qayıdıblar. AZƏRTAC xəbər verir ki, üçqat Avropa çempionu olan şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri gül-çiçəklə qarşılayıblar.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov jurnalistlərə müsahibəsində komandamızın yarışa uğursuz başlamasına baxmayaraq, Avropa çempionu olmağı qarşıya məqsəd qoyduğunu vurğulayaraq deyib: “Qarabağ”ın səfərdə “Atletiko Madrid” klubu ilə uğurlu oyunu komandamızda böyük ruh yüksəkliyi yaratdı. Bu ruh yüksəkliyinin nəticəsidir ki, şahmatçılarımız iki gün sonra Ermənistan komandasına qalib gəldilər. Bizim komanda çox güclü idi və inanırdıq ki, qalib gələcəyik”.

Sevinc hisslərini bölüşən şahmatçı Şəhriyar Məmmədyarov deyib: “2013-cü ildə olduğu kimi, çempionata yenə uğursuz başladıq. İlk turda xal itkisi oldu. Nəhayət, oyunda geri dönüş yarada bildik. Komandamızın üzvləri çox güclüdürlər, heç vaxt ruhdan düşmədilər və sonadək mübarizə apardılar. Komandada iki nəfərin qalib gəlməyi kifayət edirdi ki, hesabda yaxşı nəticə göstərək. Rusiya və Macarıstan yığması əsas rəqiblərimiz idi. Onlara qalib gəlmək çox çətin olsa da, biz istədiyimiz nəticəni əldə etdik. Hədəfimiz Olimpiya çempionu olmaqdır”.

Digər şahmatçımız Rauf Məmmədov isə Ermənistan komandası ilə qarşılaşmanın ən gərgin oyun kimi yadda qaldığını vurğulayıb: “Biz onlara qalib gəlməsəydik, özümüzü heç vaxt çempion saymayacaqdıq”. Avropa çempionu bildirib ki, bu qələbə həm də Vüqar Həşimovun qalibiyyətidir. Çünki Vüqar daim qəlbimizdə yaşayacaq.

Qırx ölkənin milli komandasının qatıldığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil ediblər. Komandamızın rəqibləri Rusiya, Ukrayna, Moldova, İspaniya, İtaliya, Avstriya, Macarıstan və Ermənistan komandaları olub.

Milli komandamız ilk turda İtaliya yığmasına məğlub olmasına baxmayaraq, sonrakı turlarda Avstriya, Moldova, Çexiya, Ermənistan, Macarıstan, Rusiya komandalarına qalib gəlib, Ukrayna və İspaniya milliləri ilə heç-heçə edib.

Azərbaycan millisi bu qələbə ilə qitə birinciliklərində üçüncü dəfə qızıl medala sahib olub. Çempionatda fərdi çıxışları ilə fərqlənən şahmatçılar arasında Rauf Məmmədov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb. Ən yaxşı nəticəni isə Rauf Məmmədov göstərib. Keçirdiyi 9 görüşdən 8 xal yığan Rauf Məmmədov dördüncü lövhədə qızıl medala sahib çıxıb. Birinci lövhədə 8 matçdan 5 xal toplayan Şəhriyar Məmmədyarov və ikinci lövhədə 5,5 xallıq nəticə göstərən Teymur Rəcəbov gümüş medala layiq görülüblər.

Xatırladaq ki, bu, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatlarında beşinci medalıdır. Şahmatçılarımız 2009-cu və 2013-cü illərdə keçirilən qitə birinciliklərində də çempion olublar. Milli komandamız ilk medalını – bürünc mükafatı 2007-ci ildə qazanıb. 2011-ci ildə təşkil olunan Avropa çempionatında isə şahmatçılarımız yalnız Almaniya yığmasından geri qalaraq gümüş medala sahib olublar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında