Azərbaycan–Ermənistan–2,5:1,5

Bu nəticə Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa çempionatında bir günlük istirahətdən sonra 6-cı turda qeydə alınmışdır. Millimiz medallar uğrunda mübarizədə hər iki rəqib üçün mühüm əhəmiyyətə malik görüşdə qələbə qazanaraq, turnir cədvəlində üçüncü pilləyə yüksəlmişdir.

Prinsipial matçın gedişində Arkadi Naydiç (2-ci taxta) Qabriel Sarqssyanla heç-heçə oynadıqdan, Şəhriyar Məmmədyarov 1-ci taxtada Levon Aronyana uduzduqdan sonra rəqib komanda hesabda irəli çıxmışdı. Qrossmeysterlərimiz görüşün taleyini 3-cü və 4-cü taxtalarda öz xeyirlərinə dəyişməyi bacardılar. Teymur Rəcəbov Sergey Movsesyanı məğlubiyyətlə barışmağa məcbur edib imkanları bərabərləşdirdi. Matçda “həlledici qolu” isə 4-cü taxtada Qrant Melkumyanla görüşdə Rauf Məmmədov vurdu.

Nəticədə Azərbaycan komandası 2,5:1,5 hesabı ilə mühüm qələbə qazanaraq çempionatı mükafatçılar sırasında başa vurmaq üçün özünə yaxşı imkan yaratdı.

Bunu da xüsusi vurğulamaq lazımdır ki, Məmmədov bu çempionatda qibtəediləcək məhsuldar oyun nümayiş etdirir. Şahmatçımız keçirdiyi altı görüşdən beşində qələbə qazanmış və birində heç-heçəyə razılaşmışdır. Bu isə 5,5 xal və ya 91,7 faizli nəticə deməkdir. İlk altı turda çempionatın bütün iştirakçılarından heç kim Rauf kimi nəticə göstərə bilməmişdir.

Altıncı turda liderlər qrupunda irəliləyən komandaların iştirakı ilə keçirilmiş daha bir neçə matç belə nəticələnmişdir: Polşa–Rusiya–1,5:2,5, Macarıstan–Xorvatiya–3,5:0,5, Ukrayna–Fransa–2,5:1,5, Almaniya–Türkiyə–2:2, Rumıniya–İsrail–2:2.

Altı turdan sonra turnir cədvəlinə başçılıq edən Macarıstan və Rusiya komandalarının hərəyə 10 xalı vardır. Cədvəldə üçüncü-dördüncü mövqelərdə olan Azərbaycan və Xorvatiya 9 xal toplamışlar. Ermənistan, İsrail, Polşa, Ukrayna və Rumıniya 8 xala malikdirlər.

Qırx komandanın iştirakı ilə keçirilən doqquz turdan ibarət çempionatda dünən axşam rəqiblər 7-ci turun görüşlərində qarşılaşmışlar. Azərbaycanlı qrossmeysterlər bu dəfə Macarıstan komandasına qarşı oynamışlar.

Qadın şahmatçılarımız isə 6-cı turda rumınlara uduzaraq (1,5:2,5) xal qazana bilməmişlər. Bu matçda Zeynəb Məmmədyarova qalib gəlmiş, Günay Məmmədzadə heç-heçə oynamış, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva uduzmuşlar.

Komandamız altı turdan sonra 6 xalla turnir cədvəlində 15-cidir. İlk beşliyi Rusiya (11 xal), Gürcüstan (10), İspaniya, Polşa və İtaliya (hərəyə 9 xal) təşkil edirlər.

Dünən 6-cı turda Azərbaycanın qadın şahmatçıları İngiltərə təmsilçiləri ilə görüşmüşlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında