Hələlik orta mövqelərdə

Yunanıstanın Krit adasında keçirilən və bu günlər şahmat aləmində böyük maraqla izlənilən kişi və qadın komandaları arasında Avropa çempionatının ilk üç turunda Azərbaycanın hər iki heyəti eyni nəticə göstərərək turnir cədvəlinin orta mövqelərində qərar tutmuşdur.

Kişi qrossmeysterlərimiz Şəhriyar Məmməyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov çempionatın açılış günü gözlənilmədən italiyalı rəqiblərinə uduzduqdan (1,5:2,5) sonra ikinci turda Avstriya şahmatçılarına “dörd cavabsız qolla” qalib gəlmiş (4:0), ertəsi gün isə İspaniya ilə heç-heçə oynamışlar – 2:2. Nəticədə millimiz ilk üç matçda mümkün xalların yalnız yarısını  toplaya bilmişdir – 3 xal.

Azərbaycanın qadın şahmatçıları da kişi həmkarları ilə  bərabər səviyyədə çıxış edirlər. Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Gülnar Məmmədova və Xanım Balacayevadan ibarət heyət Litva yığması üzərində qələbə qazanmış – 2:5: 1:5,  həmin hesabla Macarıstan millisinə uduzmuş, üçüncü turda isə Belarus komandası ilə görüşdən heç-heçə  ilə ayrılmışdır – 2:2. Bu komandamız da start turlarını 3 xalla başa vurmuşdur.

Avropa çempionatı İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. Kişilərin turnirində yarış məsafəsinin üçdəbir hissəsindən sonra Rusiya  millisi vahid lider olmuşdur. Bu komanda üç turda maksimum miqdarda 6 xal toplamışdır. Azərbaycan 40 komandanın rəqabətində 3 xalla hələlik 19-cu yerdədir.

Otuz iki qadın komandasının yarışında isə dörd kollektiv Gürcüstan, İspaniya, Polşa  və Rusiya yığmaları yüzfaizli nəticə göstərmişlər. Liderlər üç matçda hərəyə 6 xal qazanmışlar. Azərbaycan millisi 3 xalla 16-cı pillədədir.

Dünən keçirilən 4-cü  turda Azərbaycanın kişilərdən ibarət  komandası Moldova  ilə  görüşmüş,  qadın şahmatçılarımız isə  almaniyalı  rəqiblərinə qarşı  oynamışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında