“Böyük dəbilqə”nin gümüş mükafatçısı

Azərbaycanın tatami ustaları Əbu-Dabidə (BƏƏ) keçirilən “Böyük dəbilqə” turnirinə bir gümüş medalla başlamışlar. Bu mükafat yarışın birinci günü 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadəyə təqdim olunmuşdur.

Cüdoçumuz ilkin mərhələdə Honkonq və Mol­dova idmançılarını məğlubiyyətə uğratdıqdan sonra dörddəbir finalda Gürcüstan, yarımfinalda Rusiya təmsilçilərinə də qalib gəlmiş və yalnız finalda isra­illi rəqibinə uduzub çıxışlarını fəxri kürsünün ikinci pilləsində başa vurmuşdur.

Dünən, “Böyük dəbilqə”nin ikinci günü Azərbaycanın daha iki cüdoçusu Rüstəm Orucov (73 kq) və Naim Hüseynov (81 kq) tatami üzərinə çıxmışlar.

 

Ən azı dörd bürünc medal

 

Azərbaycan boksçuları Türkiyənin Antal­ya şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində ən azı dörd bürünc medalı özlərinə təmin etmişlər.

Dörddəbir final yarışlarının birinci günü yarım­finala çıxan Surət Qarayev (81 kq) və Məhəmməd Abdullayevin (91 kq-dan yuxarı) uğurlarını ertəsi gün bir qədər də inkişaf etdirən Həsən İbrahimov (49 kq) və Amin Kuşkov (75 kq) da finalın astanasında mübarizəni davam etdirmək hüququ qazanmışlar.

Dünən axşam keçirilən yarımfinal görüşlərində Qarayev Rusiya, Abdullayev Xorvatiya, İbrahimov Gürcüstan və Kuşkov Ukrayna idmançıları ilə qarşı­laşmışlar.

 

Azərbaycanın ən yaxşı şahmatçıları Krit adasında

 

Bu gün Yunanıstanın Krit adasında kişi və qadın komandaları arasında şahmat üzrə növbəti Avropa çempionatına start veriləcəkdir. Kişi qrossmeysterlərin turnirində medallar uğrunda 40, qadınların yarışında isə 32 komanda mübarizə aparacaq.

Azərbaycan hər iki çempionatda təmsil olu­nacaq. Ölkəmizin kişi şahmatçıları Yunanıstana Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət heyətlə getmişlər. Komandanın kapitanı rolunda əvvəllər özü bir neçə dəfə belə yarışların iştirakçısı olmuş Eltac Səfərli çıxış edəcək.

Fikrət Sideyifzadənin kapitan olduğu qadın yığmamız isə Avropa çempionatında bu yaxınlar­da Türkiyənin Antalya şəhərində “Odlar Yurdu” komandası heyətində klublararası qitə birinciliyinin gümüş mükafatçısı olmuş Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, habelə Günay Məmmədzadədən ibarət heyətlə yarışacaq.

Reytinqə görə kişi komandalarının siyahısına Rusiya yığması (2745) başçılıq edir. Sonrakı iki yerdə Azərbaycan (2728) və Ukraynadır (2697). Qadın komandalarının da siyahısında Rusiya millisi irəlidədir (2525). İkinci-üçüncü göstəricilər Gürcüstan (2772) və Ukraynaya (2770) məxsusdur. Azərbaycan 2361 əmsalla siyahıda 8-cidir.

Yunanıstanda Avropa çempionatları İsveçrə sistemi üzrə keçiriləcək və hər iki turnir doqquz turdan ibarət olacaq. Yarışlara noyabrın 6-da yekun vurulacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında