Yaponiyadan sonra ikinci

İdman

Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə başa çatmış gənclər arasında dünya çempionatında uğurlu çıxışları ilə diqqət mərkəzində olmuşlar. Həmvətənlərimiz 80-dən çox ölkədən 600-ə qədər iştirakçının (oğlan və qızlar) mübarizə apardığı yarışda 2-si qızıl olmaqla 5 medal qazanmış və yığmamız ümumi komanda hesabında yalnız Yaponiyadan geri qalaraq ikinci yeri tutmuşdur.

Qızıl medallar bütün rəqiblərinə qalib gəlib fəxri kürsünün zirvəsində təbrikləri qəbul edən Hidayət Heydərov (73 kq) və həlledici final görüşündə Rusiya təmsilçisi Arman Adamyanı məğlubiyyətə uğradan Zelim Kotsoyevə (100 kq) təqdim olunmuşdur.

Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) yalnız finalda uduzub dünya çempionatında çıxışlarını gümüş mükafatla başa vurmuşlar. Bürünc medalı isə qızların turnirində 52 kq çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova qazanmışdır.

 

“Qəbələ” “Qarabağ”a çatdı

 

Ötən bazar günü Qəbələdə eyniadlı yerli klubun “Qarabağ”la görüşü ilə Topaz Premyer Liqasında  9-cu tura yekun vurulmuşdur. Turun əvvəlki iki gündə keçirilmiş üç oyunundakı kimi (“Səbail”–“İnter”–1:0, “Kəpəz”–“Neftçi”–0:1, “Sumqayıt”–“Zirə”–2:1) liderlərin görüşündə də qalib komandanın üstünlüyü bir top fərqlə ifadə olunmuşdur. “Qəbələ”nin  müvəffəqiyyəti (1:0) ona turnir cədvəlində Ağdam komandasına çatmaq  imkanı vermişdir.

Hazırda hər iki liderin 19 xalı vardır. Lakin ölkə çempionumuz “Qəbələ”dən, eləcə də turnir cədvəlində 18 xalla üçüncü pillədə irəliləyən “Zirə”dən bir oyun az keçirmişdir.

Çempionatda 10-cu turun görüşləri oktyabrın 27-29-da oynanılacaq: “Qarabağ”–“Səbail”, “Kəpəz”–“İnter”, “Zirə”–“Qəbələ”, “Neftçi”–“Sumqayıt”.

Oktyabrın 31-də UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinin ikinci dövrəsinin startında Azərbaycan çempionunu qəbul edəcək “Atletiko” da İspaniya La Liqasında növbəti oyununu keçirmişdir. Madrid klubu rəqib meydanında “Selta”nı 1:0 hesabı ilə məğlubiyyətə uğratmışdır. Bu qələbədən sonra “Atletiko” İspaniya çempionatında 19 xalla üçüncü yeri tutur.

 

Şəhriyar Məmmədyarov və daha 11 qrossmeyster

 

Dekabrın ortalarında Çin Xalq Respublikasında II intellektual oyunların proqramına daxil olan şahmat turnirində iştirak edəcək 12 məşhur zəka sahibi arasında Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov da olacaq.

Reytinqə görə qrossmeysterlərin siyahısına Məmmədyarov başçılıq edəcək. O, turnirdə rusiyalı Aleksandr Qrişuk, Din Lijen (Çin), Vasili İvançuk (Ukrayna), Hindistan şahmatçısı Pentala Harikrişna, polyak Radoslav Voytaşek və digər rəqiblərlə görüşəcək.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) saytının qarşıdakı turnir barədə yaydığı xəbərdə, həmçinin bildirilir ki, əgər 12 qrossmeysterdən hər hansı biri yarışdan imtina edərsə, onu ya Rauf Məmmədov (Azərbaycan), ya da Ruslan Ponomaryov (Ukrayna) əvəz edə bilər.

Onu da əlavə edək ki, Azərbaycan şahmatçıları ötən illərdə də Çində artıq ənənəvi hal almış intellektual oyunların iştirakçısı olmuş və ölkəmizə medallarla qayıtmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında