Halal olsun, “Qarabağ”!

Oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günü idi. Ağdamın “Qarabağ” komandasının Avropanın ən nüfuzlu klub turniri Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda İspaniyanın məşhur “Atletiko” komandası ilə görüşü təqvimin hökmü ilə həmin günə təyin edilmişdi. Azərbaycan çempionu zəhmli rəqiblə bərabər səviyyədə mübarizə aparıb tarixində ən böyük nailiyyətini məhz bayram günü qazandı. Həqiqətən, “Atletiko” ilə qolsuz heç-heçə (0:0) beynəlxalq futbol dairələrində nüfuzu getdikcə artan Azərbaycan çempionu üçün yüksək nailiyyətdir. Burada necə “Halal olsun, “Qarabağ”!– deməyək”.

Madrid klubu ilə görüşdə hamı bir daha əmin oldu ki, “Qarabağ” çempionların kəskin rəqabət meydanında təsadüfi komanda deyil. Azərbaycan futbolçularının əvvəldən axıradək bütün xətlərdə ilhamla, fədakarlıqla, başlıcası isə layiqli mübarizə aparmaları, adlı-sanlı rəqibdən zərrə qədər də çəkinmədən təkcə müdafiə olunmaqla kifayətlənməyib hücum əməliyyatlarında da fəal iştirak etmələri Qurban Qurbanovun komandasının çətin oyunu yüksək hazırlıq və əhval-ruhiyyə ilə qarşılamağının nəticəsi idi.

Görüşdən “dinc” nəticə ilə ayrılan rəqiblərin hər biri meydanı qələbə ilə də tərk edə bilərdi. “Qarabağ” bir neçə dəfə müvəffəqiyyətə yaxın oldu, “Atletiko”nun hücumları isə kapitan Rəşad Sadıqovun başçılıq etdiyi müdafiə xəttinin və bütün görüşü inamla keçirən qapıçımız İbrahim Şehiçin səhvsiz oyunu sayəsində heçə endirildi.

Yetmiş beşinci dəqiqədə fransalı hakim Ruddi Bukenin qəbul etdiyi qərar isə futbol aləmində hələ çox xatırlanacaq. İspan futbolçu öz cərimə meydançalarında həlledici zərbə mövqeyinə çıxan Dino Ndlovunu yıxdıqda çoxları hakimin 11 metrlik cərimə zərbəsi təyin edəcəyini gözləyirdi, lakin hakim başqa qərar qəbul edib, guya, simulyasiyaya görə hücumçumuzu meydandan çıxardı. Maraqlıdır, həmin epizod “Qarabağ”ın cərimə meydançasında baş versəydi, hakim yenə eyni qərar qəbul edərdi?!

Ağdam komandası qalan vaxt ərzində sayca azlıqda qalıb on nəfərlə oynamasına baxmayaraq, rəqibin güclü təzyiqinin qarşısını bacarıqla aldı, üstəlik də, bir neçə əks- hücumda qonaqları əməlli-başlı narahat etdi. Son nəticədə isə ağır oyunda qələbəyə bərabər heç-heçə ilə bütün Azərbaycanın alqışını qazandı.

Pərəstişkarları tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oynayan Ağdamın “Qarabağ” komandasının bu turnirdə artıq ilk qolunu görmüş, ilk heç-heçəsinə sevinmişlər. İndi qalır ilk qələbəni bayram etmək. Bunun üçün qarşıda hələ üç oyun var.

Bu komandaların çıxış etdikləri “C” qrupunun digər oyunu qollarla zəngin olmuşdur. Londonda İngiltərənin “Çelsi” və İtaliyanın “Roma” komandalarının görüşündə qapılara 6 top vurulmuş, amma rəqiblər meydanı eyni hisslərlə tərk etmişlər. Heç-heçə–3:3.

Birinci dövrədən sonra pley-off mərhələsinə daha yaxın olan “Çelsi” turnir cədvəlinə 7 xalla başçılıq edir. “Roma”nın 5, “Atletiko”nun 2, “Qarabağ”ın 1 xalı vardır.

Qrupda ikinci dövrəyə oktyabrın 31-də start veriləcək. Həmin gün Azərbaycan çempionu Madriddə “Atletiko”nun qonağı olacaq, “Roma” isə “Çelsi”ni qəbul edəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında