Kimi sevinir, kimi də...

Final mərhələsi 2018-ci il iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Soçi, Nijni-Novqorod, Samara, Volqoqrad, Rostov, Kalininqrad, Yekaterinburq və Saransk şəhərlərində keçiriləcək futbol üzrə növbəti dünya çempionatının Avropa zonasında seçmə yarışlarına birinci olaraq “C”, “E” və “F” qruplarında yekun vurulmuşdur. Məqsədə nail olmuş xoşbəxt komandalar və onların milyonlarla pərəstişkarı gözəl günlər yaşayır.

Azərbaycan millisinin çıxış etdiyi “C” qrupunda son turda heç bir gözlənilməz nəticə qeydə alınmamış, hər üç görüşdə qələbəyə “doğma divarlar” arasında oynayan komandalar sevinmişlər. Finişdə yığmamıza qalib gəlməklə (5:1) seçmə mərhələni rekord nəticə 10 oyunda 30 xalla başa vuran Almaniya mundiala birbaşa vəsiqənin layiqli sahibidir. Belə uzun yolda bir dəfə də büdrəməmək hər komandanın işi deyil. Finişə ikinci çatmış Şimali İrlandiya (19 xal) noyabrda keçiriləcək pley-off mərhələsini gözləyəcək. Qrupda sonrakı yerlər isə bu ardıcıllıqla bölüşdürülmüşdür: Çexiya (15), Norveç (13), Azərbaycan (10) və San-Marino (0 xal).

Millimizin Kayzerslautern şəhərinin “Frits Valter” stadionunda Almaniyaya uduzduğu görüşü xatırlayaraq qeyd edək ki, Azərbaycan futbolçuları dünya çempionlarının vətənində böyük hesabla məğlub olsalar da, yığmamız onun üçün turnir mövqeyi baxımından elə bir əhəmiyyət daşımayan oyunda pis təsir bağışlamadı, hətta bəzi məqamlarda, xüsusən də birinci hissədə azarkeşləri yaxşı mənada təəccübləndirdi. Təkcə Ramil Şeydayevin qeyri-adi bir şəraitdə meydan sahiblərinin bütün müdafiə xətti oyunçularını çaş-baş salaraq cavab topu vurması böyük perspektivlər vəd edən hücumçunun yüksək fərdi ustalığının nəticəsi idi. Komandamızın belə oyunçulara ehtiyacı böyükdür.  Bütün görüş ərzində əzmkar oyunu və yüksək fəallığı ilə fərqlənən Ramil hələ çox gəncdir və bu istedadlı hücumçunun bütün futbol həyatı irəlidədir.

“E” qrupunda Polşa futbolçuları birinci olmuşlar. Polyaklar son oyunda Monteneqro komandasını qəbul etmiş və 4:2 hesabı ilə qalib gələrək xallarının sayını 25-ə çatdırmışlar. Bu nəticə onlara gələn yay final mərhələsinin iştirakçılarını Rusiyaya aparacaq qatara “bilet” sifariş etmək üçün artıqlaması ilə kifayət etmişdir. Son görüşdə Rumıniya komandasını qəbul edib heç-heçə ilə kifayətlənən (1:1) Danimarka kollektivi 20 xalla ikinci nəticə göstərmiş və Rusiyaya getmək hüququ verən vəsiqə uğrunda pley-off görüşlərində mübarizə aparacaq.

“F” qrupunda İngiltərə seçmə sınaqlarında qələbəni vaxtından əvvəl bayram etmişdi. Qrupun qalibi srağagün rəqib meydanında Litva komandasını da məğlubiyyətə uğradaraq (1:0) turniri 26 xalla başa vurmuşdur. İkinci yer uğrunda isə son anadək gərgin mübarizə getmişdir. Finişdə Slovakiyanın Malta üzərində qələbəsindən (3:0) və Sloveniya–Şotlandiya heç-heçəsindən (2:2) sonra məlum olmuşdur ki, müvafiq surətdə ikinci–üçüncü yerləri tutan Slovakiya və Şotlandiya hərəyə 18 xal toplamışlar. Pley-offda mübarizəni davam etdirmək şansını topların daha yaxşı fərqinə malik Slovakiya futbolçuları qazanmışlar.

Dünən Bakı vaxtı ilə gecəyarısı başa çatan oyunlardan sonra daha üç qrupda qalib komandalar müəyyənləşmişdir. Dünya çempionatının seçmə yarışları bu gün finişə çatacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında