Yox, heç üçüncü də ola bilmədik...

Bir il əvvəl Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə yarışlarında San-Marino, Norveç və Çexiyaya qarşı ilk üç oyunda 7 xal toplayıb turnir cədvəlində ikinci pilləyə yüksələndə futbol ictimaiyyətimizdə belə bir inam yaranmışdı ki, yığmamız bu dəfə Rusiyada təşkil olunacaq mundiala vəsiqə uğrunda mübarizədə, bəlkə də, nəyəsə nail ola bilər. Ancaq hadisələrin sonrakı gedişinin, xüsusən də Çexiya ilə srağagünkü görüşün göstərdiyi kimi, azarkeşlərimizin arzuları yenə həyata keçmədi...

Hərçənd, iki gün əvvəlki oyuna qədər komanda seçmə sınaqlarının finişinə heç olmasa üçüncü yerdə çatmaq imkanını özündə saxlayırdı. Təəssüf ki, millinin uzun illər ərzində dəyişməz kapitanı və lideri olmuş Rəşad Sadıqovun bu komandanın heyətində vida görüşü kimi yadımızda qalacaq oyunda, gözlənildiyinin əksinə olaraq, çexlər daha fəal mübarizə apardılar və razılaşaq ki, layiqli qələbə qazandılar. Yan Kopiçlə Antonin Barakın qollarına meydan sahibləri yalnız Əfran İsmayılovun dəqiq yerinə yetirdiyi on bir metrlik zərbə ilə cavab verə bildilər–1:2.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan millisi üçüncü yeri tutmaq üçün özünə yaxşı imkan yaratmışdı. Komanda bu imkandan sonadək istifadə etməyi bacarsaydı, dünya və Avropa çempionatlarının seçmə yarışları tarixində ən yaxşı nəticəsini göstərəcəkdi. Lakin Çexiya ilə oyundan sonra yenə hər şey alt-üst oldu, komanda belə turnirlərdə adət etdiyi pilləyə – beşinci mövqeyə düşdü və Frankfurtda Almaniya ilə axırıncı görüşdən (8 oktyabr) sonra da indiki vəziyyəti ilə barışacağına elə bir şübhə qalmır.

Keçirdiyi doqquz oyunun hamısından qalib ayrılan almanların Azərbaycana qarşı matçda daha bir qələbə qazanıb seçmə yarışlarını rekord nəticə ilə başa vurmaq əzmində olduqlarını nəzərə alsaq, yenə də beşinci yerlə kifayətlənərək bu qənaətə gəlməliyik ki, xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizin sükanı arxasına gəlişindən sonra komandanın seçmə sınaqlarında finişə daha yüksək mövqedə çatacağına yaranan inam özünü doğrultmadı.

Azərbaycan yığmasının çıxış etdiyi “C” qrupunda 9-cu turun digər iki görüşündə qonaqlar meydan sahiblərinə heç bir ümid yeri qoymamışlar. Almaniya futbolçuları Belfastda Şimali İrlandiya komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğratmış, Norveç futbolçuları isə San-Marinoda rekord nəticə ilə qələbə qazanmışlar–8:0.

Finişə bir tur qalmış yüzfaizli nəticə ilə liderlik edən Almaniyanın 27, pley-off mərhələsində dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaq Şimali İrlandiyanın 19 və liderlərin ən yaxın izləyicisi Çexiyanın 12 xalı var. Norveç (10 xal; topların fərqi–16:16) və onunla eyni miqdarda xal toplayan Azərbaycan (topların fərqi–9:14) müvafiq surətdə dörd-beşinci yerləri tuturlar. San-Marino isə bütün görüşlərdə uduzmuşdur.

Qrupumuzda son turda Almaniya–Azərbaycan qarşılaşması ilə yanaşı, Osloda Norveç–Şimali İrlandiya və Plzen şəhər stadionunda Çexiya–San-Marino görüşləri keçiriləcəkdir.

Oktyabrın 5-də daha iki qrupda doqquzuncu turun oyunları olmuşdur: “E” qrupu. Rumıniya–Qazaxıstan–3:1, Çernoqoriya–Danimarka–0:1, Ermənistan–Polşa–1:6, “F” qrupu. İngiltərə–Sloveniya–1:0, Şotlandiya–Slovakiya–1:0, Malta–Litva–1:1.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında