Azərbaycan beynəlxalq arenada idmanın inkişaf etdiyi ölkə kimi tanınır

Son illər ərzində dövlətin idmana göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan beynəlxalq arenada idman ölkəsi kimi tanınır. Dünya idman ictimaiyyətinin də ölkəmizdə bu sahədə gedən müsbət proseslərə çox böyük maraqla yanaşması və uğurlarımızı yüksək qiymətləndirməsi Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti sayəsində mümkün olmuşdur. Ölkə başçısının Azərbaycanın güclü idman ölkəsi kimi tanınması istiqamətində həyata keçirdiyi davamlı siyasətin bundan sonra da ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunun daha da artmasına şərait yaradacağı şübhə doğurmur.

Ümumiyyətlə, Azərbaycanın mühüm idman və mədəniyyət platformasına çevrilməsi qürur mənbəyi olmaqla yanaşı, strateji əhəmiyyətli inkişaf konsepsiyası baxımından da önəmlidir. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə, 2015-ci ildə birinci Avropa Oyunlarına və 2016-cı ildə “Formula-1” Avropa Qran-prisinə, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Bakı şəhəri Azərbaycanın hərtərəfli inkişafını nümayiş etdirməklə yanaşı, güclü informasiya və kommunikasiya, eləcə də mədəniyyət-humanitar planda cəlbedici mərkəz olduğunu nümayiş etdirdi. Buna görə də, Azərbaycanın böyük tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilməsi artıq heç kəsdə təəccüb doğurmur. Bakı şəhərində yenicə başa çatmış qadınlar arasında voleybol üzrə Avropa çempionatının uğurlu təşkili ölkəmizin beynəlxalq yarışların keçirildiyi ənənəvi məkana çevrildiyini bir daha təsdiqləyir. Bu mötəbər çempionatda milli komandamız 4-cü yeri tutdu. Belə bir nəticə bir daha göstərdi ki, Azərbaycanda idman inkişaf edir, idmançılarımız qələbələrilə ölkəmizin adını yüksəklərə qaldırırlar. Bütün bunlar belə deməyə əsas verir ki, bu sahədə qazandığımız uğurlar Prezident İlham Əliyevin idman siyasəti sayəsində mümkün olmuşdur.

Prezident İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edərkən demişdir ki, bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat bizim qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi. Bütövlükdə, qadınlar arasında voleybol üzrə Avropa çempionatının çox uğurla keçdiyini və təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayan ölkə başçısı bildirdi ki, Avropa federasiyalarının rəhbərləri və digər qonaqlar da bunu qeyd etmişlər.  Bütövlükdə, Azərbaycanın dünya Olimpiya ailəsində artıq öz layiqli yerini tutduğunu bildirən dövlət başçısı əlavə etmişdir ki, bu, ölkəmizlə yanaşı, beynəlxalq strukturların, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitələrinin verdiyi qiymətdir. “Bizim idmançılar çox peşəkar və vətənpərvərdir. Çünki qələbə uğrunda bu cür əzmlə mübarizə aparmaq səmimi qəlbdən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdır”, – deyən Prezident İlham Əliyev idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə etmişdir.

Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Xüsusilə vurğulanmalıdır ki, Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət almış, respublikamız Beynəlxalq Olimpiya Hərəkatına qoşulmuş və bu sahədə sistemli şəkildə böyük işlər görülmüşdür. İdmanla məşğul olmaq üçün lazımi şərait yaradılmış, həmin şəraitdən bəhrələnib idmana gəlmiş uşaqların və yeniyetmələrin yarışlarda özlərini sınaması təmin edilmişdir. Respublikada yeniyetmələr və uşaqlar arasında idmanın inkişaf etdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycanda Olimpiya Hərəkatının uğurla, sürətlə inkişaf etdiyini vurğulayaraq əlavə etmişdir ki, idman Azərbaycanda dövlət siyasətidir və dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Müvafiq dövlət idman qurumlarının birgə fəaliyyəti nəticəsində və idmana cavabdehlik daşıyan bütün təşkilatlar arasındakı koordinasiya sayəsində Azərbaycanın beynəlxalq aləmdə çox böyük uğurlara imza atdığını diqqətə çatdıran dövlət başçısı bildirmişdir ki, dövlət investisiyaları hesabına ölkədə bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilmişdir. Prezident İlham Əliyev son illər ərzində həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrinə qoyulan vəsaitin öz nəticəsini verdiyini vurğulamışdır.

Bu, bir faktdır ki, idman üçün görülən işlər öz bəhrəsini verməkdədir. Belə ki, 1998-2017-ci illərdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər artmaqda davam edir. Azərbaycan xüsusilə 2016-cı il Yay Olimpiya Oyunlarında böyük uğura imza atmışdır. Belə ki, həmin Oyunlarda idmançılarımız 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmışdır. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Rio Yay Olimpiya Oyunlarında medalların sayına görə komanda hesabında Azərbaycanın 14-cü yerə layiq görülməsini böyük tərəqqi kimi qiymətləndirmiş və bunu ölkəmizdə idmanın inkişafını göstərən ən gözəl amil olduğunu diqqətə çatdırmışdır.

Medalların sayındakı artım qeyri-olimpiya idman növlərində də özünü aydın göstərmişdir. Bunun səbəblərindən biri odur ki, Milli Olimpiya Komitəsi respublikada idmanın qeyri-olimpiya növlərinin inkişafına da yardım və dəstəyini əsirgəməmişdir. Karate, bodibildinq, kikboksinq, alpinizm və bir çox başqa idman növlərində atletlərin müxtəlif nüfuzlu beynəlxalq yarışlarda iştirakı təmin edilmiş, belə növlər üzrə federasiyaların işinə kömək göstərilmişdir. İlham Əliyev bununla bağlı demişdir ki, Azərbaycan idmançıları, eyni zamanda, Avropa və dünya çempionatlarında böyük uğurlar qazanırlar. “Bu il bizim iki idmançımız sərbəst güləş və boks üzrə üçüncü dəfə dünya çempionu olub. Bu da tarixi nailiyyətdir. Bir sözlə, bu gün Azərbaycan o ölkələrdəndir ki, onun çox güclü idman potensialı var. Həm infrastruktur, həm idmançıların hazırlığı, gənc idmançıların hazırlanması – biz bu məsələyə kompleks şəkildə yanaşırıq”, – deyən ölkə başçısı qeyd etmişdir ki, bütün müvafiq qurumlar bir nöqtəyə vurur, bir məqsədə qulluq edir və məhz buna görə də  idmanda bu nailiyyətləri əldə edə bilmişik.

Hər bir fəaliyyət sahəsində olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də səmərəliliyə nail olmaq üçün güclü hüquqi baza yaradılmalıdır. Azərbaycanda bu sahədə 2009-cu ildə işlənilib təsdiq edilmiş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində təşkilati-hüquqi, sosial-iqtisadi əsasları, dövlət siyasətinin əsas prinsiplərini müəyyən etmək, bu fəaliyyət zamanı yaranan münasibətlərin tənzimlənməsini, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququnu təmin etmək üçün əsaslı hüquqi baza formalaşdırılmışdır. Mütəxəssislərin sözlərinə görə, Azərbaycanda keçirilən idman yönümlü beynəlxalq təşkilatların rəsmi tədbir və yığıncaqları, o cümlədən konfransların təşkili idman sahəsində təşkilati və idarəetmə işlərinin yüksəlməsinə müsbət təsir edir. Ən əsası, dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır. Eyni zamanda, idmançılar və onların əldə etdikləri qələbələr gənc nəslə müsbət təsir göstərir, onlara qələbə ruhu, vətənpərvərlik ruhu aşılayır. Azərbaycan dövləti bu məsələləri nəzərə alaraq, idmanın inkişaf etdirilməsi, sağlam və güclü nəsil yetişdirilməsi işini prioritet sahə kimi diqqətdə saxlayır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da Olimpiya dəyərlərinin təbliğində xidmətləri böyükdür. Xüsusilə də Azərbaycan mədəniyyətinin böyük himayədarı olan Mehriban xanım Əliyeva özünün gözəl təşkilatçılıq qabiliyyətini nümayiş etdirmişdir. Belə ki, Birinci vitse-prezidentin beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə 2003 və 2004-cü il Dünya kuboku yarışlarının və 2005-ci il dünya çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynamışdır. Bundan başqa, Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri və Bakıda birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi böyük fəallığı bu möhtəşəm idman hadisələrinin yüksək səviyyədə keçirilməsinə imkan yaratmışdır. Mehriban Əliyevanın dövlət xadimi və ictimai xadim kimi fəaliyyəti, Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafında, xalqın mədəni irsinin qorunmasında, ölkəmizin dünyada müsbət imicinin möhkəmlənməsində böyük xidmətləri, o cümlədən, Birinci vitse-prezidentin mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr danılmazdır. Göstərdiyi səylərə görə Mehriban xanım Əliyeva bir sıra ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən Fransanın “Şərəf Legionu Ordeni”, Pakistanın “Hilal-e Pakistan” ali ordeni, Serbiya və Macarıstanın dövlət mükafatları, Rusiya Beynəlxalq Xeyriyyə Təşkilatının “Yaqut xaç” mükafatı, Dünya Səhiyyə Təşkilatının mükafatı, Avropa Olimpiya Komitəsinin fərqlənmə ordeni, beynəlxalq “Qızıl ürək” fəxri nişanı, Polşanın ali fərqlənmə ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Kanadanın “Dünyanın qızılgülü” mükafatı, Küveytin fəxri diplomu ilə və digər yüksək orden və medallarla təltif olunmuşdur.

Bir sözlə, Azərbaycanda həyata keçirilən idman siyasəti yeniyetmələr və gənc nəslin idmana olan marağını artırmış və demək olar ki, bütün bölgələrimizdə istifadəyə verilən Olimpiya idman kompleksləri yeniyetmə və gənclərin sevimli məkanlarına çevrilmişdir. İdmanın tərəqqisi də Azərbaycanın beynəlxalq idman ölkəsi kimi nüfuzunun artmasına imkan yaratmaqla yanaşı, respublikamızın iqtisadi potensialını da nümayiş etdirir. İnkişaf etmiş infrastruktura malik olması Azərbaycana milli iqtisadiyyatını daha da gücləndirmək üçün əlavə stimullar verir. Ən əsası, böyük idman tədbirlərinin Azərbaycanda keçirilməsi xarici sərmayənin təşviqi ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də müsbət təsirini göstərir. Mütəxəssislərin fikrincə, xarici sərmayələrin hökumətin xüsusi diqqət ayırdığı qeyri-neft sahəsinin inkişafına yeni təkan verməklə, yerli istehsalın genişlənməsinə və ixracatın həcminin artmasına gətirib çıxarır.

Prezident İlham Əliyev ölkəmizdə böyük beynəlxalq idman tədbirlərinin keçirilməsini həm Azərbaycanın potensialını, həm siyasətini, həm də imkanlarını göstərmək baxımından yüksək qiymətləndirir. Belə idman tədbirlərinin sadəcə idman yarışlarının olmadığını, həm də  dostluğu möhkəmləndirən, xalqlararası münasibətləri gücləndirən önəmli bir amil olduğunu diqqətə çatdırmışdır. “Bir şəhərdə cəmi iki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa da verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir”, – deyən ölkə başçısı xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan xalqı, onun iradəsi bu gün bizim siyasətimizi şərtləndirir. Müstəqil siyasət aparan müstəqil Azərbaycan bütün başqa sahələrdə olduğu kimi, o cümlədən idman sahəsində də bu uğurlara imza atmışdır. Buna görə də, əminliklə demək olar ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti iqtisadi-siyasi səmərəsi böyük olan beynəlxalq idman layihələrinin bundan sonra da Azərbaycanda həyata keçirilməsinə geniş imkanlar yaradır. Bu,  ölkədə idmana olan marağın daha da artmasına və sağlam nəslin yetişməsinə güclü təkan verməklə bərabər, hərtərəfli faydaların əldə olunmasına da müsbət təsir göstərəcək.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında