Şriftin ölçüsü:
28.01.2011 12:18 | Oxunma sayı: 645
{nl}
London Olimpiadası - 2012-yə aparan yolda Olimpiyaqabağı il olan 2011-ci ilin start ayını Azərbaycan idmanı üçün uğurlu hesab etmək olar. Yanvar hələ finişə çatmasa da bəzi yaddaqalan hadisələrlə əlamətdar olmuş, idman həvəskarlarımız bir sıra növlərdə layiqli qələbələrin sevincini yaşamışlar.
Ondan başlayaq ki, qadın voleybol klublarımız bu ay avrokuboklarda irəliyə doğru növbəti addım atmışlar. "Rabitə" Çempionlar Liqası turnirində pley-off mərhələsinə yüksəlmiş, "Azərreyl", "İqtisadçı" və "Lokomotiv" isə Avropa Voleybol Konfederasiyasının "Çağırış" kuboku yarışlarında yollarına inamla davam edirlər. İndi bu klubların dördü də daha bir səddi dəf etmək əzmindədir. Onlar bu məqsədlərinə fevralın birinci ongünlüyündə çatmağa çalışacaqlar.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş və XXX Yay Olimpiya Oyunlarına reytinq xalları verən cüdo üzrə beynəlxalq turnirdə tatami ustalarımızın dörd mükafatı, o cümlədən Pekin Olimpiadasının çempionu Elnur Məmmədli ilə Elxan Məmmədovun qızıl medalları da ölkəmizə böyük sevinc gətirdi. Elə buradaca qrossmeyster Vüqar Həşimovun İtaliyanın Recio-Emilio şəhərində keçirilmiş XX kateqoriyalı beynəlxalq şahmat turnirinin qalibi olduğunu da yada salmaq olar.
"Birlik kuboku"... MDB ölkələri və Baltikyanı respublikaların futbol çempiolarının bu ənənəvi turniri son illər bir qədər gözdən düşsə də, hər halda, onun qalibi olmaq hər komandanın işi deyil. Ona görə də bu yaxınlarda Sankt-Peterburqda başa çatmış sayca 19-cu turnirin məğlubedilməz komandası Azərbaycan çempionu "İnter"in "Neftçi" və "Xəzər- Lənkəran"dan sonra fəxri mükafatı üçüncü dəfə ölkəmizə gətirməsi xatirələrdə Azərbaycan futbolunda tarixi bir hadisə kimi yaşayacaq.
Bütün rəqiblərinin "kürəyini yerə vuran", o cümlədən dörddəbir finalda ermənilərin "Mika"sını dörd cavabsız qolla susduran Bakı klubunun "Peterburqski" İdman - Konsert Kompleksində göstərdiyi hünər həm də böyük futbolun yeni mövsümü ərəfəsində ümidləri artırır. Artıq iki aydan sonra milli komandamız Avropa çempionatının seçmə yarışları çərçivəsində Belçikada həmin ölkənin futbolçularına qarşı növbəti oyununu keçirəcək və güman etmək olar ki, Azərbaycan çempionunun ilin başlanğıcında qazandığı kubok yığmamızı da ruhlandıracaq.
Yanvarın daha bir hadisəsini xüsusi qeyd etmək olar. Bu günlərdə Göygöl rayonunda Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə gənclər və idman naziri Azad Rəhimovun qeyd etdiyi kimi, bu, sayca 39-cu belə kompleks olacaq. Olimpiya komplekslərindən 28-i artıq idman həvəskarlarımızın ixtiyarındadır, 11-nin isə tikintisi davam etdirilir.
Dövlətimizin, şəxsən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin idmanımıza göstərdiyi daimi qayğı və diqqətin növbəti parlaq təzahürü olan Göygöl Olimpiya İdman Kompleksi tezliklə bu rayonda da gənclərə öz sevimli idman növləri ilə fəal surətdə, böyük həvəslə məşğul olmaq, təcrübə toplamaq, idman ustalıqlarını artırmaq imkanı verəcəkdir.
Yanvar ayının diqqəti cəlb edən hadisələrindən biri də şahmat üzrə Azərbaycan çempionatıdır. Qadınların yarışında Avropa çempionatına üç vəsiqəni Türkan və Zeynəb Məmmədyarova bacıları, Gülnar Məmmədova qazanmışlarsa, kişi şahmatında ən güclülər bir neçə gündən sonra məlum olacaq. Bu arada təkcə şahmat həvəskarlarımızın yox, bütün idman ictimaiyyətimizin böyük maraq və xoş bir həyəcanla gözlədiyi iddiaçıların dünya şahmat tacı uğrunda matçlarına bir ay da yaxınlaşmışıq. Mayın 3-dən 27-dək Rusiyanın Kazan şəhərində səkkiz məşhur qrossmeysterin mübarizə aparacağı bu yarışın dörddəbir final mərhələsində Azərbaycan şahmat məktəbinin yetirmələri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov müvafiq surətdə israilli Boris Gelfand və rusiyalı Vladimir Kramnikə qarşı görüşlərə səylə hazırlaşırlar.
Tbilisidə start ərəfəsində olan cüdo üzrə Dünya kuboku turniri də diqqət mərkəzindədir. Bu yarış da London Olimpiadasına lisenziya xalları qazandıracaq. Gürcüstan paytaxtında sabah startı veriləcək turnirin iştirakçıları arasında Azərbaycanın bir qrup tatami ustası da olacaq.
Finişə çatmaqda olan yanvar kimi, starta hazırlaşan fevral da azarkeşlərə maraqlı hadisələr vəd edir. İspaniya, Fransa və Qazaxıstanın futzal üzrə yığma komandaları ilə tanışlığımız bu aya təsadüf edəcəkdir. Fevralın 24-dən 27-dək Bakıda keçiriləcək Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycanın futzal ustalarını məhz bu rəqiblərlə gərgin görüşlər gözləyir...
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.