Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının açılış mərasimi olub

Oktyabrın 2-də Bakıda Ümumdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, əvvəlcə boksun tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, WBC-nin prezidenti Maurisio Süleyman, çempion boksçular, aidiyyəti idman qurumlarının təmsilçiləri iştirak ediblər.

Sonra Azərbaycanın dövlət bayrağı meydana gətirilib və dövlət himni səsləndirilib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirə dünyanın ən məşhur boksçularının qatıldığını vurğulayaraq, Konvensiyanın boksun inkişafına yeni təkan verəcəyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarına qatılıb və 1 medala sahib olub. Ötən il idmançılarımız Rio-de-Janeyroda təşkil olunan Olimpiadada 18 medal qazanıblar. Bu, Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür.

“Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə irimiqyaslı yarışların təşkili üçün beynəlxalq standartlara cavab verən idman infrastrukturu var. Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və Bakı Olimpiya Stadionu möhtəşəmliyi ilə fərqlənir”, - deyə A.Rəhimov əlavə edib.

Azərbaycanın boks üzrə də mühüm nailiyyətlərinin olduğunu qeyd edən Azad Rəhimov Məhəmmədrəsul Məcidovun Almaniyada üçqat dünya çempionu adını qazandığını xatırladıb.

Sonra Konvensiyaya qatılan çempionlar təqdim edilib. Ardınca dünya çempionu Vitali Kliçkonun karyerasından bəhs edən qısa film nümayiş olunub.

V.Kliçko yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait var. O, idmana göstərdiyi qayğıya və Konvensiyanın yüksək səviyyədə keçirilməsində dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Azərbaycan gözəl ölkədir. Burada idman infrastrukturu beynəlxalq standartlara tam cavab verir. Ümid edirəm ki, Azərbaycan boksçuları WBC-də çempion olacaqlar. Çünki burada kifayət qədər peşəkar boksçular var”, - deyə V.Kliçko vurğulayıb.

Konvensiya digər təqdimatlarla davam edib.

Uşaq xorunun ifasından sonra əfsanəvi boksçu Evander Holifild ­Konvensiyanı açıq elan edib.

Çempion boksçu Bernard Hopkins çıxışında yüksək təşkilatçılığa görə Azərbaycana minnətdarlığını bildirib. İdmanın bu növü üzrə ən nüfuzlu mükafatlardan olan yaşıl kəmərə sahib olmasından məmnunluğunu ifadə edən B.Hopkins deyib: “Mən müxtəlif illərdə kəmərlərə sahib olmuşam. Onlardan ən mühümü uzunmüddətliliyinə görə yaşıl kəmərdir. Bu, çox nüfuzlu mükafatdır. Mən bu mükafatı onu almayanlara arzu edirəm. Çox fəxr edirəm ki, bu kəmərə sahib olmuşam və WBC-nin üzvüyəm”.

WBC-nin prezidenti Maurisio Süleyman Bakı Konvensiyasının əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Biz uzun yol qət edərək Azərbaycana gəlmişik. Uzun və yorucu səfərin sonunda qonaqpərvər ölkəyə çatdıq. Təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə idmanı prioritet sahələrdən birinə çevirib. Bunun nəticəsidir ki, azərbaycanlı atletlər beynəlxalq arenada uğurla çıxış edirlər. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan boksçuları da WBC-dəki uğurları ilə tanınacaqlar”.

Yeni kəmərlər barədə məlumat verən WBC-nin prezidenti əldə olunan uğurlardan və gələcək planlardan danışıb.

Sonra WBC-nin inkişafındakı xidmətlərinə görə, qurumun Direktorlar Şurasının üzvü Ceyms Naveyə xüsusi mükafat təqdim olunub.

Sonda Vitali Kliçko və Evander Holifild Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova WBC-nin xüsusi kəmərini hədiyyə ediblər.

Tədbir bədii hissə ilə davam edib.

Konvensiyaya oktyabrın 6-da yekun vurulacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında