Dost-rəqiblərin ikiqat sevinci

Artıq qaliblərin mükafatlandırılması mərasiminə hazırlaşan qadın komandaları arasında voleybol üzrə Avropa çempionatının son iki dörddəbir final görüşünün nəticələri bu mərhələnin əvvəlki oyun gününü xatırlatdı. Hollandiya-İtaliya və Serbiya-Belarus matçlarında qeydə alınan 3:0 hesabı Azərbaycan-Almaniya və Türkiyə-Rusiya görüşlərində təkrar olundu. İki qardaş ölkə komandaları rəqiblərini ardıcıl üç hissədə məğlubiyyətə uğradıb yarımfinala çıxmaları münasibətilə həm bir-birlərini təbrik edib ikiqat sevinc hissi keçirdilər, həm də növbəti dəfə pərəstişkarlarının alqışlarını qazandılar.

Millimiz ilkin mərhələdə Almaniya komandasına qalib gəlsə də (3:1), bu müvəffəqiyyət arxayınlaşmaq üçün heç cür əsas verə bilməzdi. Vəziyyətin mürəkkəbliyini yaxşı başa düşən bizim qızlar bu rəqib üzərində ikinci qələbə qazanıb yarımfinala çıxmaq vəzifəsinin öhdəsindən bacarıqla gəldilər – 3:0. Azərbaycan voleybolçuları hər üç hissədə rəqiblərindən xeyli üstün oldular (25:20, 25:18, 25:21) və dörd gün ərzində ikinci dəfə qarşılaşdıqları komandanı bir daha məyus etməklə Avropanın ən güclü dörd komandası sırasında mübarizəni davam etdirmək hüququ qazandılar.

Azərbaycan kollektivinin əsas zərbə qüvvəsi sayılan Polina Rəhimova hesabat görüşündə komandasına 21 xal qazandıraraq matçın ən məhsuldar voleybolçusu olmuş, yığmamızın digər lideri Natalya Məmmədova 17 xal toplamışdır.

Türkiyə-Rusiya görüşündə isə yalnız birinci hissə rəqibləri və tamaşaçıları gərgin vəziyyətdə saxladı. Xeyli uzanan start mərhələsində Türkiyə voleybolçuları ikinci hissəyə yaxşı əhval-ruhiyyə ilə çıxmaq üçün 27 xal toplamalı oldular. Rusiyalılar isə buna yalnız 25 xalla cavab verə bildilər (27:25).

Növbəti iki hissə bir qədər sakit məcrada davam etdi – 25:18, 25:20. Bununla da qrup turnirində Rusiyaya 1:3 hesabı ilə uduzan Türkiyə həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb yarım-finalda Azərbaycan millisinə qoşuldu.

Həqiqətən, Avropa voleybol bayramında çox gözəl axşam yaşanırdı. Azərbaycan və Türkiyə voleybolçuları həmin gün Milli Gimnastika Arenasında parlaq oyunları ilə bir-birlərinin sevincinə şərik çıxdılar. Yəqin onu da qeyd etmək olar ki, əgər Azərbaycan yığmasının Almaniya üzərində ikinci qələbəsini proqnozlaşdırmaq olardısa, altı dəfə Avropa çempionu, o cümlədən son iki çempionatın qalibi Rusiya komandasına qrup mərhələsində uduzan Türkiyə millisinin ikinci qarşılaşmada rəqibinə asanlıqla qalib gələcəyini gözləmək çətin idi.

Beləliklə də, Hollandiya və Serbiyadan sonra Azərbaycan və Türkiyə komandaları da yarımfinala çıxıb adlarını 2017-ci il Avropa çempionatının ən güclü dörd kollektivi sırasına yazdırdılar. Bunun özü artıq böyük uğurdur.

Burada Belarus Teleqraf Agentliyinin (BELTA) bu günlərdə yaydığı bir xəbəri də diqqətə çatdırmaq istərdik. Həmin xəbərdə bildirilirdi ki, Avropa Voleybol Konfederasiyası sentyabrın əvvəlində keçirilmiş iclasında növbəti birincilikdə final mərhələsi iştirakçılarının sayını 24-ə çatdırmağı qərara almışdır. Belarus voleybolçuları Bakıda dörddəbir finala çıxmaları sayəsində çempionat – 2019-a seçmə yarışlarında iştirak etmədən buraxılacaqlar. Qarşıdakı çempionatda dörd təşkilatçı ölkə – Türkiyə, Polşa, Macarıstan və Çexiya komandaları da seçmə oyunları keçirməyəcəklər. Deməli, Azrbaycan millisi də seçmə sınaqlarında mübarizə aparmadan növbəti qitə çempionatında iştirak etmək hüququnu artıq özünə təmin etmişdir.

Beləliklə, cümə günü son dörddəbir final oyunlarının gedişini böyük maraqla izləyən çoxsaylı idman həvəskarları Azərbaycan-Almaniya və Türkiyə-Rusiya görüşlərindən böyük zövq alıb yarımfinalları gözləməyə başladılar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında