İlk qolumuzu gördük, qələbə də uzaqda deyil!

Bakı Olimpiya Stadionunda möhtəşəm bayram şəraitində “Qarabağ”ın Avropanın sayılıb-seçilən klublarından biri olan “Roma”ya qarşı görüşdə göstərdiyi oyun Ağdam klubunun Çempionlar Liqası turnirinin qrup mərhələsində təsadüfi komanda olmadığını, əksinə, nəhənglərlə bərabər səviyyədə mübarizə aparmağı bacaran səmimi və əzmkar bir kollektiv olduğunu inamla sübuta yetirdi.

Belə bir oyundan sonra məğlubiyyəti (1:2) çempionumuza irad tutmağa tələsməyək. Hərçənd futbolçularımız görüşə yaxşı başlamadılar. Portuqaliyalı hakim Artur Diaşın start işarəsindən heç on beş dəqiqə keçməmiş arxa xətdə anlaşılmazlıqlar nəticəsində Kostas Manolas və Edin Cekonun zərbələrindən sonra italyanlar artıq 2:0 hesabı ilə irəlidə idilər. Lakin “Qarabağ”  sonrakı təxminən 70-75 dəqiqə ərzində, xüsusən də ikinci hissədə hətta İtaliya A seriyası təmsilçisi kimi rəqibi mükəmməl oyunu ilə sarsıdıb onu görüşün əvvəlində qazandığı üstünlüyü qoruyub saxlamaq barədə ciddi düşünməyə məcbur etdi.

İyirmi səkkizinci dəqiqədə meydan sahiblərinin növbəti hücumlarından birində Dino Ndlovunun əla ötürməsindən məharətlə istifadə edən Pedro Enrike gözəl zərbə ilə hesabdakı fərqi azaltdıqda oyunun başa çatmasına hələ bir saatdan da bir qədər çox vaxt qalırdı. Bu müddət ərzində nələr baş verdiyini isə hamı gördü və onları bir daha sadalamayaq. Əgər italyanlar bu bir saat ərzində öz qapılarının təhlükəsizliyini təmin etdiklərinə sevinə bilərdilərsə, Azərbaycan futbolçuları da öz növbələrində heç olmasa bir xal qazana bilməmələrinə necə təəssüflənməyəydilər. Digər imkanlarımız qalsın bir yana, yalnız sonuncu dəqiqədə Dinonun başla zərbəsindən sonra topun dirəyin lap yanından keçdiyini xatırlayaq. Həmin epizodda hesab bərabərləşməsə də hamı “Qarabağ”ın ifasında gözəl  hücumun şahidi oldu.

Nəticədə Qurban Qurbanovun komandası oyuna uğursuz başlamasına baxmayaraq, görüşün ən azı üçdəiki hissəsində Çempionlar Liqasına layiq bir komanda kimi mübarizə aparıb azarkeşlərin bu kollektivə hörmət və rəğbətini daha da artırdı.

Oyundan sonra “Roma”nın baş məşqçisi Eusebio Di Françesko da bunu xüsusi qeyd etmişdir: – “Qarabağ”ın qolundan sonra bizim üçün çətin oldu. İkinci hissədə mürəkkəb vəziyyətə düşdük. Mən oyundan əvvəl də deyirdim ki, “Qarabağ” güclü rəqibdir. Buna bu gün bir daha əmin olduq. Komanda xoş sözlərə layiqdir...

Həqiqətən, “Qarabağ”a dərin minnətdarlığımızı bildirək. Ağdam klubu Çempionlar Liqasında əsl futbol oynayır, Azərbaycanı Avropada layiqincə təmsil edir, ölkəmizi gündən-günə dünyaya daha yaxından tanıdır. Bu komanda ilə necə fəxr etməyəsən!

Turnirin ikinci turunda bizim qrupun digər görüşündə “Atletiko” Madriddə “Çelsi”yə uduzmuşdur –1:2. İki turdan sonra turnir cədvəlinə maksimum nəticə ilə (6 xal) ingilislər başçılıq edirlər. İtalyanların 4, ispanların 1 xalı var, “Qarabağ” isə hələlik xal qazanmamışdır. Amma “Roma” ilə oyunun göstərdiyi kimi, ilk xalımıza, ilk qələbəmizə sevinəcəyimiz gün də uzaqda deyil.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında