"İNTER"in qələbəsi Azərbaycan futbolunun uğurudur

Öncə "Neftçi", sonra "Xəzər-Lənkəran", indisə "İnter"...Azərbaycanın məhz bu üç komandası "MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku" Beynəlxalq açıq futbol turnirinin qalibi adını qazanmağa müvəffəq olub. Son futbol həyəcanını və sevincinisə sonuncu ölkə çempionu "İnter" Peşəkar İdman Klubu yaşadıb. Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku" turnirində bütün rəqiblərini böyük hesabla məğlub edən "İnter" Azərbaycan bayrağını yüksəltməklə yanaşı, ölkədə idmanın, xüsusilə də futbolun inkişafına yönəlmiş prosesin doğru yolda olduğunu bir daha göz önünə gətirdi.
Azərbaycanın qədim idman ənənələrinə malik ölkə olması hamıya bəllidir. Milyonların sevimli idman növünə çevrilmiş futbol da özünəməxsus inkişaf yolu keçib və dövlət qayğısı ilə əhatələnib. İdmanın digər sahələrinə olduğu kimi, futbola da dövlət qayğısı göstərilib və onun inkişafına yönəlmiş prosesin sistemli şəkildə aparılmasına diqqət yetirilib. Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı da ölkədə futbolun inkişafına böyük diqqət yetirildiyini təsdiqləyir. Futbolun infrastrukturunun genişləndirilməsini, onun maddi-texniki bazasının möhkəmləndirilməsini, futbol mütəxəssislərinin hazırlanmasını və yenidən hazırlanması sisteminin təkmilləşdirilməsini, uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsinin inkişaf etdirilməsini, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəblərinin, ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzlərinin yaradılmasını, futbolla bağlı təlimat-maarifçilik və təbliğat işinin gücləndirilməsini, habelə futbol sahəsində qabaqcıl texnologiyaları tətbiq etmək məqsədilə xarici futbol təşkilatları və qurumları ilə əlaqələrin qurulmasını və onların inkişaf etdirilməsini və əhalinin bütün təbəqələrinin futbol meydançalarından və qurğularından istifadəsinə imkan yaradılmasının əhəmiyyəti vurğulanan Dövlət Proqramının qəbul edilməsini futbolun inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirmək olar. Son zamanlar ölkədə istər milli, istərsə yerli komandalar səviyyəsində əldə edilmiş nailiyyətlər Azərbaycanda futbolun doğru istiqamətdə inkişaf etdiyini göstərir.
Ümumiyyətlə, son illər ərzində dövlətin idmana göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayıb. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2010-cu ilin yekunlarına həsr olunmuş mərasimdə etdiyi çıxışında Azərbaycanın idman dövləti kimi tanınmasını və bir neçə ildir ki, uğurlarımızın qeyd edildiyini xüsusilə vurğulamışdı. Azərbaycanın böyük hörmətə malik olduğunu qeyd edən dövlət başçısı demişdi ki, cəmiyyət və onun vacib hissəsi olan gənclər bu gün Azərbaycanın inkişafı üçün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər: "İdman o sahədir ki, burada nəticələr bəlkə də özünü daha da qabarıq və açıq şəkildə büruzə verir. İdmanda qazanılmış qələbə ölkənin qələbəsi sayılır". Prezident İlham Əliyev dünya idman ictimaiyyətinin Azərbaycanda idman sahəsində gedən müsbət proseslərə çox böyük maraqla yanaşmasından, uğurlarımızın tanınmasından və qiymətləndirilməsindən çox şad olduğunu açıqlamışdı. Yanvar ayının 23-də "İnter" komandası dünyanın idman ictimaiyyətini ölkəmizin idman, xüsusilə də futbol sahəsində əldə etdiyi uğurlardan danışmasına təkan verdi.
Həmin gün Azərbaycanın futbol üzrə son çempionu "İnter" Rusiyanın şimal paytaxtında ölkə futbolunun tarixində yeni səhifə açdı. Finalda Belarusun güclü komandalarından biri olan "Şaxtyor"u məğlub etməklə "Birlik Kuboku"nu 3-cü dəfə Azərbaycana gətirməyə müvəffəq oldu. Bununla "İnter" Azərbaycan futbolunun flaqmanı hesab edilən "Neftçi"nin və "Xəzər-Lənkəran" komandasının nailiyyətini təkrarlamağı bacardı. Amma demək olmaz ki, finala aparan yol asan oldu. "İnter" istər Qırğızıstanın, istərsə də Tacikistanın çempionlarıyla qarşılaşmalarında əzmkarlıq nümayiş etdirərək, Azərbaycan azarkeşlərinin sevincinə səbəb olan qələbələrə imza atdı. Moldovanın "İskra-Stal" komandasıyla oyun barədə də eyni sözləri demək olar. Oyundan öncə iddialı danışan moldovalı məşqçi "İnter"in turnir ərzində toxunulmayan qapısına yol tapmağın mümkün olacağını bildirmişdi. Lakin meydana əsasən gənc futbolçuları buraxan "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Moldova komandasına yerini göstərdi. Moldovanları soyunma otağına məğlub kimi göndərərək, "İnter" turnirin favoriti olduğunu bir daha sübut etdi. 3 oyunda 3 qələbə, özü də hər üç oyunda qapısını toxunulmaz saxlaması komandamızın digər rəqiblərin qarşısında gücünü göstərirdi.
Amma "İnter" ciddi imtahanını yanvarın 19-da verdi. Məhz həmin gün məlum oldu ki, komandamız Ermənistanı təmsil edən "Mika" ilə qarşılaşacaq. Bu, Azərbaycan və Ermənistan komandaları arasında baş tutacaq 3-cü qarşılaşma olacaqdı. Doğrudur, ermənilər ikinci qarşılaşmadan imtina edərək, İrəvana qaçmışdılar. İlk qarşılaşmada isə "Neftçi" Ermənistan çempionu "Pyunik"i 2:0 hesabıyla məğlub etmişdi. Bu baxımdan "İnter"-"Mika" qarşılaşması hər iki tərəf üçün prinsipial əhəmiyyət daşıyırdı. Ermənilərin məşqçilər korpusu qarşılaşmaya yalnız idman prizmasından baxdıqlarını təkrarlayırdılar. "Mika"nın baş məqçisi Armen Haşgeldyan deyirdi ki, iki komandanın qarşılaşması adi futbol hadisəsidir. Lakin sonradan məlum oldu ki, keçmiş bakılı, milyardçı Mixail Baqdasarovun komandası olan "Mika" Azərbaycan çempionunu məğlub etmək istəyir. Erməni mətbuatının yazdığına görə, erməni futbolçular "İnter"i məğlub edəcəkləri təqdirdə adambaşına 50 min dollar mükafat alacaqdılar. Bundan başqa, "Mika"nın qələbəsini ermənilər "Ermənistanın hər bir sahədə qələbəsi" kimi qələmə verəcəkdilər. Ancaq "İnter" ermənilərə sevinməyə imkan vermədi.
Təbii ki, "İnter" komandasının üzvləri də qarşılaşmanın ağırlığını və məsuliyyətini dərk edirdilər. Komandada oynayan əcnəbi futbolçular da bütün Azərbaycanın həmin oyuna tamaşa edəcəyini və "İnter"dən gözəl oyun gözləyəcəyini anlayırdılar. "İnter" həmin gün meydana çıxdı və bir daha təsdiqlədi ki, Ermənistan futbol sahəsində də Azərbaycanın arxasınca qaçır. 90 dəqiqə ərzində bütün komponentlərdə erməniləri üstələyən komandamız "Mika"nın qapısından 4 cavabsız qol vurmaqla, erməniləri böyük məyusluğa yuvarladı. Bunu erməni mətbuatı da açıq şəkildə etiraf etdi. Məsələn, "Armenianreport.com" xəbər portalı komandamızın zəfəri haqqında xüsusi məqalə hazırlamışdı. Məqalədə "İnter"in erməniləri rüsvayçı məğlubiyyətə uğratması qabardılmışdı. "Mika"nın hər futbolçusuna "İnter" üzərində qələbəyə görə 50 min dollar mükafat vəd olunduğunu bildirən portal mükafatın da heç nəyə yaramadığını bildirmişdi. Materialda daha sonra yazılmışdı: ""İnter" istəsə "Mika"nın qapısından daha çox top keçirə bilərdi. Erməni futbolçular isə "İnter"in qapısı qarşısında bir dənə də olsun real qol vəziyyəti yarada bilmədilər. Nə qədər təəssüf doğuracaq fakt olsa da, onu deməliyik ki, "Mika"nın heyətində Ermənistan yığmasının şərəfini qoruyan futbolçular yer alır". Yazıda həmçinin Ermənistanın futbolun inkişafına görə Azərbaycandan geridə qaldığı vurğulanmışdı: "Azərbaycanlıların ermənilərə futbolda qalib gəlmələri onu göstərir ki, Ermənistan prezidentinin Azərbaycan və Türkiyəyə meydan oxuması boş şeydən başqa bir şey deyil".
Bəli, "İnter" erməniləri evə göndərdikdən sonra da qələbələri sıraladı. Rusiyanın adlı-sanlı klubu olan "Zenit"in gənclərinə futbol dərsi keçdi. 5:0 hesablı qələbə qazanmaqla Azərbaycan çempionu mesaj göndərdi ki, "İnter"ə hörmət və diqqətlə yanaşılmalıdır. Belaruslara mesajın çatdığı oyun zamanı müşahidə olundu. BATE kimi kluba malik olan belaruslar "İnter"ə qarşı əsl döyüşə çıxmışdılar. Ən çox hücum edən "İnter" olsa da, Belarusun "Şaxtyor" komandası müdafiədə pis oynamadı. Doğrusu, bütün komanda ilə müdafiə olunanda qapıdan top keçirmək də müşkül məsələyə çevrilir. Ancaq "İnter" sonadək əzmkarlıq nümayiş etdirərək, Sankt-Peterburqa əbəs yerə gəlmədiyini təsdiqlədi. Əsəblərin tarıma çəkildiyi şəraitdə komandamızın qapıçısı əla reaksiya göstərərək, "İnter"i kuboka qovuşdurdu. Penaltilərdə belarusları 6:5 hesabıyla məğlub edən Azərbaycan komandası 3-cü dəfə Birlik Kubokunu başı üzərinə qaldırdı!
"İnter"in qələbəsi göstərdi ki, Azərbaycanda futbol inkişaf edir. Təbii ki, azarkeş komandalarımızın digər mötəbər futbol yarışlarında qalib gəlmələrini də gözləyir. Bunu futbola aidiyyatı olan qurumlarda da yaxşı bilirlər. Bununla belə, "İnter"in Birlik Kubokunu ölkəyə gətirməsi və Azərbaycan bayrağını yüksəltməsi, eyni zamanda himnimizi səsləndirməsi ölkəmizin idman uğurlarına yenisini əlavə etdi. İnanırıq ki, son ölkə çempionunun Sankt-Peterburq zəfəri digər futbol klubları üçün də stimul olacaq və Azərbaycan nailiyyətlərinin dünyaya tanıdılması işinə kiçik də olsa töhfəsini verəcək.{nl}

Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında