Tamaşaçıların alqışları altında

Azərbaycan və Gürcüstanın birgə təşkil etdikləri qadın komandaları arasında voleybol üzrə Avropa çempionatının start turlarının görüşləri Bakı ilə yanaşı, Göygöl və Tbilisidə də sevinclə qarşılanmış, idman həvəskarları əsl voleybol bayramından böyük zövq almışlar. Çempionatın açılışı günü ən inamlı qələbələri isə Azərbaycan, İtaliya və Serbiya yığmaları qazanmışlar.

Qəzetimizin xəbər verdiyi kimi, “A” qrupunda çıxış edən Azərbaycan voleybolçuları ilk oyunda Macarıstan komandasını sınağa çəkmiş və qalib gəlmişlər–3:0 (25–23, 25–14, 25–16).

Hesabdan da aydın görünür ki, macarlar çempionat sahiblərinə yalnız birinci hissədə ciddi müqavimət göstərə bilmişlər. Növbəti iki hissədə Natalya Məmmədova, Polina Rəhimova,  Valeriya Məmmədova və onların rəfiqələri təşəbbüsə tam yiyələnib, oyunun nəticəsinə elə bir şübhə yeri qoymamışlar. Nəticədə komandamız meydanı tamaşaçıların alqışları altında tərk etmişdir.

Qrupun digər görüşü isə əvvəldən axıradək təkcə Polşa və Almaniya komandalarını deyil, həm də Milli Gimnastika Arenasının tribunalarından onların mübarizəsinin gedişini izləyən voleybol həvəskarlarını gərgin vəziyyətdə saxlamışdır. Beş hissə davam edən oyunda polyaklar çətin qələbə qazanmışlar–3:2.

“B” qrupu kollektivləri Tbilisidə yarışırlar. Orada Avropa və dünyanın ən güclü komandalarından biri hesab edilən İtaliya millisi hələlik elə bir uğuru olmayan Gürcüstan kollektivinə çətinlik çəkmədən qalib gəlmiş– 3:0, Belarus yığması da, öz növbəsində, Xorvatiya voleybolçuları üzərində mühüm qələbə sevinci yaşamışdır–3:2.

“A” qrupu komandaları kimi “C” qrupu kollektivləri də (Rusiya, Ukrayna, Türkiyə, Bolqarıstan) Milli Gimnastika Arenasında oynayırlar. Bu qrupda start turunun ilk görüşü Rusiya millisinin Ukrayna yığması üzərində qələbəsi ilə başa çatmışdır–3:2. Rusiya son iki çempionatın qalibidir (2013, 2015-ci illərdə), ümumiyyətlə isə indiyə qədər altı dəfə Avropa çempionu olmuşdur. TASS-ın Ümumrusiya Voleybol Federasiyasının baş katibi Aleksandr Yaremenkoya istinadla bildirdiyi kimi, indi də Rusiya komandası qarşısında Avropa çempionatında birinci olmaq vəzifəsi durur.

Nəhayət, Göygöldə çıxış edən “D” qrupu komandalarından ilk qələbələrə Serbiya və Hollandiya yığmaları sevinmişlər. Hər iki qalib kollektiv voleybol aləmində yaxşı tanınır. Onlar hazırkı çempionata da yüksək iddialarla gəlmişlər. Serblər startda çexiyalı rəqiblərini məğlubiyyətə uğratmışlar–3:0, hollandlar isə Belçika idmançıları üzərində qələbə qazanmışlar–3:1.

Dünən axşam çempionatda növbəti oyunlar olmuşdur. Azərbaycan voleybolçuları ikinci görüşlərini bu gün Polşa komandasına qarşı keçirəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında