Bakıda Ümumdünya Avtomobilsiz Günü velosipedçilərin yürüşü ilə qeyd olunub

Ümumdünya Avtomobilsiz Günü (World Carfree Day) münasibətilə sentyabrın 22-də Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Bakı Nəqliyyat Agentliyinin dəstəyi ilə Bakıda maarifləndirmə xarakterli kütləvi aksiyalar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində əvvəlcə “İş yerinə velosipedlə!” şüarı altında veloyürüş keçirilib. İki yüzdən çox velosipedçi, skeytbordçu və rollerin qatıldığı yürüşün əsas məqsədi insanlar arasında davamlı və ekoloji təmiz nəqliyyat növlərindən, ictimai nəqliyyatdan istifadəni, eləcə də piyada gəzməyi təbliğ etmək, nəticədə atmosferə atılan tullantıların azaldılmasına töhfə verməkdir.

“Azneft” dairəsindən başlayan veloyürüş Heydər Əliyev Mərkəzində başa çatıb.

Daha sonra tədbir Mərkəzin parkında maarifləndirici və əyləncəli proqramlarla davam etdirilib. Burada ekstrim velosipedçi və skeytbordçuların şousu, uşaqlar üçün velosiped təlimləri, velosipedlərdən təhlükəsiz istifadə ilə bağlı məlumatlandırma xarakterli oyun və bilik müsabiqələri keçirilib, qaliblər mükafatlandırılıb. Həmçinin Azərbaycanda istehsal edilən “ISMA BIKES” velosipedlərinin sərgisi, velodizayner Rafael Həmidoğlunun hazırladığı qeyri-adi əl işi olan velosipedlər nümayiş etdirilib, musiqi və digər sürprizlər təqdim olunub.

Ətraf mühitin mühafizəsinə həsr edilmiş Ümumdünya Avtomobilsiz Gününün geniş miqyasda qeyd olunmasına ilk dəfə 1997-ci ildə Böyük Britaniyada başlanıb. Hazırda bu aksiyaya dünyanın 35 ölkəsindən 1500-dən çox şəhər qatılır. Artıq Azərbaycanda da bu gün – sentyabrın 22-si qeyd edilməyə başlanıb. Bu çağırışa çoxsaylı velosipedçi qoşulub.

Avtomobillərdən atmosferə atılan maddələrin tərkibində 200-dən çox zəhərli komponent, o cümlədən bioloji aktiv maddələr var. Bu isə atmosferi çirkləndirir və insan orqanizminə mənfi təsir göstərir. Aksiya iştirakçıları bu rəmzi hərəkətlə ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəldir, ekoloji təmiz nəqliyyat növlərindən, ictimai nəqliyyatdan istifadəni təşviq edirlər.

Yürüşdə iştirak edən velosiped üzrə yığma komandanın üzvü İlham Quliyev deyib: “Bu mənim üçün idman və sağlamlıqdır. Hamıya velosipeddən istifadə etməyi məsləhət görərdim. Bununla da həm şəhərlərdəki tıxaclar, həm də avtomobillərdən çıxan zərərli qazların miqdarı azalar. Bütün ölkələrdə olduğu kimi, artıq Azərbaycanda da velosiped idman növü geniş yayılıb. Tədbirin təşkilatçılarına, o cümlədən Heydər Əliyev Fondunun rəhbərliyinə öz minnətdarlığımı bildirirəm”.

Həvəskar velosipedçi Mehran Əhmədzadə bu yarışda iştirak etməkdən məmnun olduğunu bildirərək deyib ki, velosiped sürmək insan üçün çox faydalıdır. Bizə bu şəraiti yaratdığına və idmanın müsbət cəhətlərini təşviq etdiyinə görə təşkilatçılara təşəkkür edirəm.

“Gənc Velosipedçilər” İctimai Birliyinin və “Ladies on Bikes” həvəskar qadın velosiped klubunun rəhbəri Nur Axundlu qeyd edib ki, yürüşün məqsədlərindən biri velosipedin Azərbaycanda insanlar, xüsusən qadınlar və uşaqlar arasında nəqliyyat idman növü kimi təbliğini daha da gücləndirmək, bu istiqamətdə maraqlı layihələrə dəstək verməkdir. Bütün dünyada velosiped həm idman növü, həm də nəqliyyat vasitəsi kimi getdikcə daha geniş yayılır. “Son illər Azərbaycanda bu idman növü daha da inkişaf edib. Veloyürüşlər keçirməklə həm sağlamlıq, həm ekologiya üçün çox faydalı olan bu gözəl nəqliyyat vasitəsinin üstünlüyünü nümayiş etdirmək əsas hədəflərdən biridir. Tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı çatdırmaq istəyirəm”, – deyə qadın velosiped klubunun rəhbəri vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında