Böyük ümidlərlə gözlədiyimiz Avropa çempionatı

Voleybol pərəstişkarlarımızın böyük ümidlərlə gözlədikləri gün gəlib çatmışdır. Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə bu iki ölkədə keçiriləcək qadın komandaları arasında Avropa çempionatı artıq start ərəfəsindədir.

Çətin seçmə  sınaqlarından sonra çempionatın final mərhələsində mübarizə aparmaq hüququ qazanmış 16 komanda dörd qrupa bölünmüşdür. Azərbaycan millisi Almaniya, Polşa və Macarıstan yığmaları ilə birlikdə “A” qrupunda çıxış edəcək. Faiq Qarayevin yetirmələri turnirə bu gün macarıstanlı rəqiblərə qarşı görüşlə başlayacaqlar. Komandamız qrupda növbəti iki oyunu isə sentyabrın 24-də Polşa və 25-də Almaniya kollektivlərinə qarşı keçirəcəkdir.

“B” qrupu komandaları Tbilisidə yarışacaqlar. Bu qrupda da ilk görüşlər bu gün oynanılacaq: İtaliya–Gürcüstan, Belarus–Xorvatiya.

“C” qrupunda çıxış edən rəqiblər də (Ukrayna, Rusiya, Türkiyə, Bolqarıstan) “A” qrupu komandaları kimi Bakıda “münasibətləri aydınlaşdıracaqlar”. Qrupda turnirə Ukrayna–Rusiya görüşü ilə start veriləcək.

Daha dörd komanda isə Göygöldə “imtahan verəcək”. Bunlar “D” qrupuna daxil olan Serbiya, Çexiya, Hollandiya və Belçika yığmalarıdır. Bu gün qrupda iki oyun olacaq: Serbiya–Çexiya, Hollandiya–Belçika.

İlkin mərhələ yarışlarına sentyabrın 25-də yekun vurulacaq. Sonra Avropa çempionatında mübarizə pley-off mərhələsində davam etdiriləcək (26-27 sentyabr).  

Dörddəbir finallar sentyabrın 28-29-na təyin edilmiş, yarımfinallar bundan bir gün sonra oynanılacaq. Voleybol pərəstişkarları final görüşünü və üçüncü yer uğrunda oyunu isə oktyabrın 1-də izləmək imkanı qazanacaqlar.

Azərbaycan komandası Avropa çempionatına səylə, məqsədyönlü şəkildə hazırlaşıb, ölkəmizdə, habelə xaricdə (Sloveniya, İtaliya) keçirdiyi təlim-məşq toplanışlarından və yoldaşlıq görüşlərindən mümkün qədər çox fayda götürməyə çalışıb. Natalya Məmmədova, Polina Rəhimova, Valeriya Məmmədova, Odina Bayramova, Kseniya Poznyak, Ayşən Abdüləzimova və onların komanda yoldaşları çempionatı tam hazırlıqla qarşılamaq, Azərbaycanda Avropa voleybol bayramında çoxsaylı pərəstişkarlarını, bütün xalqımızı sevindirmək üçün gərgin məşqlərdə qüvvə və bacarıqlarını əsirgəməyiblər. Əzmkarlıq isə ümid edək ki, mükafatsız qalmayacaq, komandamız ölkəyə medal sevinci yaşadacaq.

Azərbaycan voleybolçuları çempionat ərəfəsində son yoldaşlıq görüşlərindən birini sentyabrın 19-da Milli Gimnastika Arenasında Belarus komandası ilə keçirmiş və 3:1 hesabı ilə qələbə qazanmışlar. İndi isə rəsmi oyunlarda qalib gəlmək vaxtıdır.

Onu da qeyd edək ki,  çempionatda iştirak edəcək bir çox komandanın məşqçiləri və oyunçuları da bu günlər öz müsahibələrində Azərbaycan voleybolçularının ustalıq səviyyəsini və onların medal qazanmaq imkanlarını yüksək qiymətləndirirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında