Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

Sentyabrın 20-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və müxtəlif idman qurumlarının rəhbərləri iştirak ediblər.

Hesabat-seçki konfransında federasiyanın rəhbər heyətinə seçkilər keçirilib. AQF-in prezidenti vəzifəsinə yeganə namizəd olan təhsil naziri Mikayıl Cabbarov səsvermə nəticəsində bu vəzifəyə seçilib.

Gənclər və idman naziri Azad Rəhimov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində digər sahələr kimi, idmanın da inkişafına diqqət və qayğısı nəticəsində idmanın və bədən tərbiyəsinin dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrildiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirməsi nəticəsində ölkəmizin bütün bölgələrində mükəmməl idman infrastrukturu yaradılıb, atletlərimiz mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar. Ölkəmizdə idmanın digər növləri kimi qılıncoynatmanın da inkişafına hərtərəfli qayğı göstərilir.

Çıxışlarda qeyd olunub ki, Mikayıl Cabbarovun Azərbaycan Badminton Federasiyasının prezidenti seçilməsindən sonra ölkəmizdə idmanın bu növünün inkişafı və kütləviliyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Natiqlər M.Cabbarovun yeni vəzifədə də böyük uğurlar qazanacağına əminliklərini bildirib, ona uğurlar arzulayıblar.

AQF-in yeni prezidenti Mikayıl Cabbarov çıxışında göstərilən etimada görə təşəkkürünü bildirərək Azərbaycanda qılıncoynatma idmanının inkişafı və bu sahədə nailiyyətlərin qazanılması üçün səylə çalışacağını vurğulayıb. Federasiyanın qarşısında duran hədəflərdən danışan M.Cabbarov qılıncoynatma idmanı ilə məşğul olan peşəkarlara müraciət edərək bu istiqamətdə birgə fəaliyyətin önəmini diqqətə çatdırıb.

Qeyd edək ki, Mikayıl Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının
prezidentidir. O, yeni vəzifədə avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu əvəzləyib. Nazim İbrahimov 2007-ci ildən AQF-in prezidenti olub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında