Sentyabrın 17-də Türkmənistanın paytaxtı Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə ölkəmizi fəxri qonaq qismində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
45 min tamaşaçı tutumuna malik Aşqabad Olimpiya Stadionunda təşkil olunan mərasim V Asiya Oyunlarının atributlarının könüllülər tərəfindən nümayiş etdirilməsi ilə başlayıb.
Tamaşaçıların hərarətli alqışları ilə Türkmənistan və Asiya Olimpiya Şurasının (AOŞ) bayraqları meydana gətirilib.
Sonra Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edərək bütün qonaqları salamlayıb, yarışa hazırlıq barədə məlumat verib və ölkəsinin idman sahəsində qazandığı nailiyyətlərdən danışıb.
Ölkə başçısının çıxışından sonra Türkmənistanın dövlət himni səsləndirilib və bayrağı qaldırılıb.
AOŞ-un prezidenti Ahmad Al-Fahad Al-Sabah yüksək təşkilatçılığa görə, Türkmənistan hökumətinə minnətdarlığını bildirib, ölkənin sahib olduğu adət-ənənənin qədim tarixə dayandığını və türkmənlərin yüksək qonaqpərvərlikləri ilə seçildiyini vurğulayıb.
Ardınca AOŞ-un himni səsləndirilib və bayrağı dalğalandırılıb.
Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov “Aşqabad-2017”nin açılış mərasimini bildirən xüsusi zəngi səsləndirilib.
Ardınca V Asiya Oyunlarının bədii hissəsinə türkmən ağsaqqalının rəvayəti ilə start verilib. Onun rəvayətdə söylədikləri 7 min 631 nəfərin səhnədə icrası ilə yerinə yetirilib. Belə ki, qədim türkmənlərin həyat tərzindən, onların adət-ənənəsindən başlayan rəvayət Xəzərin ruhunu, ölkənin elm və incəsənətini, Qədim İpək Yolu üzərində yerləşən bazarı, Marquş satraplığını, ay və ulduzlarla rəqsi özündə birləşdirib.
Daha sonra mərasimin ən maraqla gözlənən “İdman Aşqabada gəlir” bölməsinə döyüş növləri üzrə idmançıların nümunəvi çıxışı ilə start verilib. Ardınca digər idman növlərindən olan atletlər də səhnəyə daxil olub və kütləvi şəkildə “Aşqabad-2017”nin proqramına daxil olan idman növlərinin piktoqramlarını canlandırıblar. Velosipedçilər, üzgüçülər, futzalçılar və idman rəqsçiləri səhnəyə yuxarıdan enərək şouya həyəcan qatıblar.
İdmançıların paradına “Aşqabad-2017”nin maskotu türkmən it cinsi olan alabayın meydana gətirilməsi ilə start verilib.
Parad başa çatdıqdan sonra türkmən ağsaqqal rəvayətinə davam edib. Türk dünyasında xüsusi çəkisi olan Oğuz xanın həyatı və qazandığı nailiyyətlər açılışın süjet xəttinin davamı olub. Mərasimdə türk dünyasının dahiləri Dədə Qorqud, Koroğlu, Toğrul bəy, Alp Arslan, Ərtuğrul Qazi və Mahtumkuli Fəraqiyə də toxunulub.
Sonra türkmən xalçaçılığının tarixindən və naxışlarından ibarət, ardınca Türkmənistanın beş vilayəti – Ahal, Balkan, Daşoğuz, Lebap və Marinin incəsənət ustalarının iştirakı ilə bölmələr təqdim olunub.
Türkmən cinsi olan axaltəkə atlarının nümunəvi çıxışları Aşqabad Olimpiya Stadionuna toplaşanlara həyəcanlı anlar yaşadıb.
“Aşqabad-2017”yə hazırlıqdan bəhs edən videoçarx nümayiş etdirildikdən sonra qaz ilə məşhur Türkmənistanın bu sahədəki uğurlarını əks etdirən xüsusi bölmə təqdim olunub.
Türkmənistanın Xalq artisti Jemal Saparovanın səsləndirdiyi mahnılar isə tamaşaçıların zövqünü oxşayıb.
Tədbir atlet və hakimlərin and içməsi ilə davam edib.
Daha sonra “Aşqabad-2017”nin məşəli alovlandırılıb və açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növündə gücünü sınayır. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır. Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olacaq və atletlər 1844 medal uğrunda mübarizə aparırlar.
Oyunlar 1,5 kvadratkilometr ərazini əhatə edən Aşqabad Olimpiya Şəhərciyində yerləşən 15 obyektdə, o cümlədən müasir standartlara cavab verən 13 yeni ultramüasir və əsaslı şəkildə yenidən qurulmuş 2 qurğuda keçirilir.
Səxavət Quliyev,
AZƏRTAC-ın müxbiri
Aşqabad
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.