Avropada birinci

Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında bütün rəqiblərindən yaxşı çıxış etmişlər. Yarışın yekununda yığmamız 3-ü qızıl olmaqla 7 medala sevinmişdir.

Çempionatın birinci günü iki dəst mükafata – 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olan cüdoçularımız ertəsi gün daha bir medal qazanmışlar. Bu dəfə 100 kq çəki dərəcəsində Zelim Kotsoyev fərqlənmişdir. O, Slovakiya, İsveçrə, Polşa idmançılarına qalib gəldikdən sonra finalda Rusiya təmsilçisi Arman Adamyanı da mübarizə meydanından məğlubiyyətlə yola salmışdır.

Mariborda çempionatın sonuncu günü komanda yarışları keçirilmişdir. Azərbaycan millisi Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığmalarına qalib gələrək Avropa çempionu olmuşdur.

 

İstanbulda azərbaycanlı qrossmeyster fərqləndi

 

İstanbulun açıq çempionatının medalları uğrunda mübarizə aparmış 85 şahmatçı arasında ən yaxşı nəticəni azərbaycanlı qrossmeyster Nicat Abasov göstərmişdir. O, 9 mümkün xaldan 7,5 xal toplayaraq baş mükafata sahib olmuşdur.

Hərəyə 7 xalla ikinci-dördüncü yerləri bölüşdürən gürcüstanlı David Benidze, Ukrayna şahmatçısı Stanislav Boqdanoviç və Əlixan Hüseynov (Özbəkistan) qalibdən yarım xal geri qalmışlar.

Beynəlxalq turnirdə çıxış etmiş digər Azərbaycan şahmatçılarından Vüqar Rəsulov, Nail Bəşirli və Murad Nuri 6 xal toplamışlar.

 

Liderlərin növbəti qələbələri

 

Topaz Premyer Liqasında 5-ci turun oyunları liderlərin növbəti qələbələri ilə əlamətdar olmuşdur: “Neftçi”–“Zirə”–1:2, “Səbail”–“Qəbələ”–1:3, “Qarabağ”–“Kəpəz”–2:0. Turun daha bir görüşündə “İnter” və “Sumqayıt” hərəyə bir xalla kifayətlənmişlər–1:1.

Bu oyunlardan sonra turnir cədvəlinə başçılıq edən “Zirə”nin 13 xalı var, “Qarabağ” və “Qəbələ” isə müvafiq surətdə 12 və 10 xal toplamışlar.

Növbəti turun görüşləri sentyabrın 22-24-də keçiriləcəkdir: “Sumqayıt”–“Qarabağ”, “Zirə”–“İnter”, “Kəpəz”–“Səbail”, “Qəbələ”–“Neftçi”.

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri də öz milli çempionatlarında növbəti oyunlarını keçirmişlər. Sentyabrın 27-də Bakı Olimpiya Stadionunda Ağdam klubunun qonağı olacaq “Roma” İtaliya A seriyasında “Verona”ya böyük hesabla qalib gəlmiş– 3:0, İspaniya La Liqasında “Atletiko” (Madrid) “Malaqa”nı yeganə qolla məğlubiyyətə uğratmış– 1:0, İngiltərə Premyer Liqasında isə “Çelsi” öz meydanında “Arsenal”ın müqavimətini qıra bilməmişdir–0:0.

 

“Nur” ikinci mərhələdə

 

Azərbaycanın qadınlardan ibarət “Nur” komandası Avropa Həndbol Federasiyasının kuboku yarışlarının ikinci mərhələsinə vəsiqə qazanmışdır.

Turnirin start mərhələsində “Nur” İsveçin “Luqi” klubunu qəbul etmişdir. Qarşılıqlı razılığa əsasən hər iki oyun Mingəçevirdə keçirilmişdir. İlk görüşdə heç-heçə qeydə alınmış–24:24, ikinci matçda isə “Nur” qalib gəlmişdir–29:27.

Azərbaycan həndbolçuları oktyabr ayında ikinci mərhələ görüşlərində Danimarkanın “Viborq” komandası ilə qarşılaşacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında