“Belarus seqodnya”: “Qarabağ” nümunə göstərir

Bu yazı həmin portalda Ağdam klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan dərhal sonra yerləşdirilmişdi. Aradan artıq bir neçə gün keçsə də, “Belarus seqodnya”nın “Qarabağ”a hörmət və rəğbətini əks etdirən qeydləri “Xalq qəzeti”nin də oxucularının diqqətinə çatdırırıq.

“Hər il Çempionlar Liqası azarkeşlərə ilk dəfə bu yarışın qrup mərhələsinə vəsiqə qazanan debütant bəxş edir. Bir vaxtlar, 2008/09-cu illər mövsümündə bu debütant BATE idi. Lakin o illərdən artıq çox vaxt keçir. Sonralar futbol aləmini Rumıniyanın “Kluj”, Portuqaliyanın “Braqa”, Slovakiyanın “Jilina”, Kiprin APOEL, Çexiyanın “Viktoriya”, Danimarkanın “Norşelland”, Bolqarıstanın “Ludoqorets”, Qazaxıstanın “Astana”, Rusiyanın “Rostov” komandaları təəccübləndirməyə başladılar...

İndi isə baş sensasiyanın bəhrəsini müvafiq maddi bonuslarla Azərbaycanın “Qarabağ” klubu görür. Bu komanda səfərdə “Kopenhagen”ə 1:2 hesabı ilə uduzsa da, iki oyunun yekununda elit mərhələsi üçün özünə yol aça bildi (“Qarabağ” evdə 1:0 hesabı ilə qalib gəlmişdir).

Azərbaycanlılar artıq çoxdan idi Çempionlar Liqasının qrup turnirinə can atırdılar, amma son üç ildə daim pley-off mərhələsində geri çəkilirdilər. İndi isə səddi dəf etmək mümkün oldu!

Başqalarından fərqli olaraq, “Qarabağ” artıq ona görə hörmətə layiqdir ki, onun oyununda heç də hər şeyi legionerlər həll etmirlər. Burada öz kadrlarını unutmurlar. Komandada bir qrup güclü yerli oyunçu var. Onlar çoxdandır bir yerdə oynayır və müntəzəm surətdə Azərbaycan yığmasına çağırılırlar. Belə ki, “Qarabağ” bir növ bizim BATE-nin ən yaxşı illərini xatırladan komandadır.”

 

Bilet satışına başlandı

 

Bu arada “Qarabağ”ın Çempionlar Liqası turnirinin qrup mərhələsində ilk oyununa bilet satışına başlanmışdır. KİV-lərin yaydıqları xəbərlərə görə, “C” qrupunda çıxış edəcək İngiltərənin “Çelsi” və Azərbaycanın “Qarabağ” komandalarının görüşünə yerlərdən asılı olaraq, ən ucuz bilet 76, yaşlılar və uşaqlar üçün isə 38 manata bərabərdir.

“Çelsi”– “Qarabağ” görüşü sentyabrın 12-də Londonun “Stemford Bric” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında