İ D M A N

Səkkizdəbir finalda da 5:0

Avqustun 28-də Azərbaycan boksçuları Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında daha iki görüşdə rinqə çıxmışlar. Lakin bu görüşlərdən yalnız biri komandamıza sevinc gətirmişdir.

İkiqat dünya çempionu Məhəmmədrəsul Məcidov 91 kq-dan yuxarı çəki dərəcəsində səkkizdəbir final səddini dəf etməkdə elə bir çətinlik çəkməmişdir. Bunu onun iordaniyalı Hüseyn İşayş üzərində inamlı qələbəsi də təsdiq edir–5:0. Məcidov bundan əvvəl 1/16 finalda hindistanlı Satiş Kumara da həmin hesabla qalib gəlmişdi.

Ardıcıl iki qələbə Azərbaycan boksçusunu dörddəbir finala çıxarmışdır. Bu mərhələdə dünən Məcidov Fransa idmançısı ilə döyüşmüşdür.

Təəssüf ki, Pərviz Bağırov (69 kq) səkkizdəbir finalda Monqolustan idmançısına uduzub dünya çempionatında çıxışlarını dayandırmalı olmuşdur.

 

Osloda Stefanski, Bakıda Dabanoviç

 

Azərbaycan milli komandası futbolçularının 2018-ci il dünya çempionatının seçmə yarışları çərçivəsində keçirəcəkləri növbəti oyunların hakimləri məlumdur.

Sentyabrın 1-də Oslonun “Ullevol” stadionunda Norveç–Azərbaycan görüşünü Polşa Futbol Federasiyasının nümayəndələri idarə edəcəklər. Baş hakim funksiyasını Daniel Stefanski yerinə yetirəcəkdir.

Millimizin sentyabrın 4-də Bakıda San-Marino komandası ilə görüşündə isə ədaləti Nikola Dabanoviçin başçılıq etdiyi çernoqoliyalı hakimlər briqadası qoruyacaqdır.

 

Orxan Səfərovun sevinci

 

Budapeştdə yenicə starta çıxmış kişi və qadın cüdoçular arasında dünya çempionatı Rio-de-Janeyro Olimpiadasından sonra bu növdə ilk ciddi sınaq hesab olunur. Mundialın medalları uğrunda 130-a qədər ölkənin ən yaxşı tatami ustaları mübarizə aparırlar.

Azərbaycan millisi Macarıstan paytaxtına geniş heyətlə getmişdir. Komandanın tərkibinə 17 nəfər–9 kişi və 8 qadın cüdoçu daxildir.

Təmsilçilərimiz çempionatda medallarının hesabını yarışların elə birinci günü açmışlar. Ölkəmizin idman ictimaiyyətini 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov sevindirmişdir.

Cüdoçumuz onu fəxri kürsüyə aparan yolda beş dəfə tatami üzərinə çıxmış və dörd görüşdən qalib ayrılmışdır. Bolqar Yanislav Kerçev, portuqaliyalı Qonsalo Mansinyon, dörddəbir finalda Qazaxıstan idmançısı Yeldos Smetov, yarımfinalda özbək Dayorbek Urozboyev onlardan daha yaxşı ustalıq nümayiş etdirən Orxanla bacarmamışlar. Səfərov yalnız finalda yaponiyalı Naohişa Takatoya uduzub dünya çempionatının gümüş mükafatçısı olmuşdur.

Əlbəttə, Orxanın Budapeştdə qazandığı müvəffəqiyyət belə məsul yarışda Azərbaycan millisi üçün yaxşı başlanğıcdır. Dünən dünya çempionatı növbəti çəki dərəcələrində görüşlərlə davam etdirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında