Almaniya mətbuatı “Qarabağ” futbol klubunun uğurunu geniş işıqlandırıb

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində uğurla çıxış edərək qrup mərhələsinə yüksəlməsi Almaniya mətbuatında geniş işıqlandırılıb.

Bu ölkənin nüfuzlu “Frankfurter Allgemeine Zeitung” və “Handelsblatt” qəzetlərində dərc olunmuş “Ağdamın “Qarabağ”ı böyük sürpriz etdi” sərlövhəli məqalədə “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində uğurlu çıxışının “böyük təəccüblə” qarşılandığı bildirilir (http://www.faz.net/aktuell/sport/fussball/aussenseiter-karabach-agdam-erreicht-gruppenphase-der-fussball-champions-league-15165529).

NTV televiziyasının saytında dərc olunmuş “Yüksək səviyyəli dairə tamamlandı. Azərbaycan UEFA Çempionlar Liqasında təmsil olunacaq” sərlövhəli məqalədə Azərbaycan çempionunun ilk dəfə olaraq klubların ən yüksək səviyyəli liqasına daxil olduğu qeyd edilir (http://www.n-tv.de/sport/fussball/Aserbaidschan-spielt-Champions-League-article19998576.html).

Nüfuzlu “Die Welt” qəzetində dərc olunmuş “Çempionlar Liqasında vətənsiz qaçqın klubu” başlıqlı məqalədə “Qarabağ” qitənin ən nüfuzlu klub turnirinin “ekzotik komandası” adlandırılıb. Həmçinin klubun 1993-cü ildən bəri ev oyunlarını vətənində – Ağdamdakı doğma stadionunda keçirə bilmədiyi qeyd olunub (http://www.welt.de/sport/fussball/champions-league/article167963718/Ein-heimatloser-Fluechtlingsklub-in-der-Champions-League.html).

İdman xəbərləri üzrə ixtisaslaşmış aparıcı SID xəbər agentliyinin yaydığı “Klub futbolda tarix yazdı. Ağdamın “Qarabağ” komandası Azərbaycanın yüksək səviyyəli liqada ilk klubudur” sərlövhəli məqalədə bildirilib ki, “Qarabağ”ın “Kopenhagen” klubu ilə cavab qarşılaşmasından sonra Bakıda bütün gecə bayram əhval-ruhiyyəsi hökm sürüb. “Qarabağ”ın futbolçuları Bakıda hava limanında azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb (http://www.sport1.de/?articleid=1780120#.WZ775VRirws.twitter). Qeyd edilib ki, bu klubun indiyədək Avropada tanınmayan futbolçuları Ronaldo, Messi və ya Neymarla eyni böyük səhnəni bölüşəcəklər. Məqalədə “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovdan sitat gətirilib: “Ölkəmizə qürur verdiyimiz üçün çox sevinirik. Bu, tarixi andır”. Baş məşqçinin Ağdam klubunun uğurlarının “Azərbaycanda futbolun inkişafına təkan verəcəyinə” ümid etdiyi xüsusi vurğulanıb.

Yazıda, həmçinin “Qarabağ” futbol klubunun 1993-cü ildən bəri ev oyunlarını Ağdamdakı stadionunda keçirə bilmədiyi və onun “qaçqın klubu” kimi tanındığı vurğulanıb. Bildirilib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana təcavüzü ilə başlayan münaqişə nəticəsində doğma yurdlarından məcburi köçkün düşən minlərlə insan hələ də öz evlərinə qayıda bilmir. Klubun vətəni olan Ağdam o zamandan etibarən “ruhlar şəhəri”nə çevrilib. “Qarabağ” futbol klubu 1993-cü ildən bəri ev oyunlarını müxtəlif şəhərlərdə keçirib və nəhayət, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionda qərarlaşıb.

ARD ictimai televiziyasının “Sportschau.de” idman xəbərləri portalında Ağdamın “Qarabağ”ı “ruhlar şəhəri”ndən Çempionlar Liqasına gedən yolda” sərlövhəli məqalə dərc olunub (http://www.sportschau.de/fussball/championsleague/berg-karabach-agdam-100.html). Məqalədə klubun vətəni olan Ağdamın “Dağlıq Qarabağ bölgəsi ətrafında, münaqişə zonasında” yerləşdiyi bildirilir. Qeyd edilib ki, müharibə nəticəsində azərbaycanlılar doğma evlərindən qovulublar. O cümlədən hələ 1994-cü ildə 50 min əhalinin yaşadığı Ağdam şəhəri kimsəsiz qalıb. Ağdamın Dağlıq Qarabağ bölgəsinə aid olmamasına baxmayaraq, işğal davam edir”.

Məqalədə bildirilir ki, müharibə zamanı klub ev oyunlarını “artilleriya zərbələrinə görə” dəfələrlə təxirə salmalı olub. Daha sonra klub “mühacirət etməyə” məcbur olub və Bakıda məskunlaşıb. “Kopenhagen”lə oyundan sonra klubun kapitanı Rəşad Sadıqov qürurla bildirib ki, biz çətin sınaqlardan keçmişik.

Yazıda xüsusi vurğulanıb ki, “Qarabağ” klubu təkcə Ağdam şəhərinin işğalından sonra evlərini tərk etmiş on minlərlə insan üçün deyil, bütün Azərbaycan üçün milli kimlik rəmzidir.

Pərvanə QARAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında