Ağdam London, Roma və Madridə qarşı

İndi “Qarabağ”ın səsi müxtəlif illərdə dünya çempionları olmuş İngiltərə, İtaliya və İspaniya kimi ölkələrdən gələcək

Azərbaycanın 1 nömrəli klubunun Çempionlar Liqasının qrup mərhələsində Avropanın böyük beşlik ölkələrindən üçü İngiltərə, İtaliya və İspaniya komandalarına rəqib olmasına 24 avqust axşamında Monakoda keçirilmiş püşkatma mərasimində qərar verildi. Artıq oyunlarımızın təqvimi də məlumdur. Rəqibləri geniş təqdim etməyə elə bir ehtiyac yoxdur. Onların dünya çempionlarının davamçıları olması faktı çox şeyə sübutdur.

Püşk 32 komandanı hərəsində dörd klub olmaqla səkkiz qrupa bölmüşdür. Ölkə çempionumuzun bəxtinə İngiltərənin “Çelsi”, İtaliyanın “Roma” və İspaniyanın “Atletiko” (Madrid) klubları düşmüşdür. Bir-birindən zəhmli və iddialı rəqiblərdir. Ancaq onların ad-sanı, heyətlərindəki bahalı oyunçular təmsilçimizi qorxuda bilməz. Son illər UEFA Avropa Liqasının qrup turnirində oynamağa adət etmiş, indi isə daha irəli gedərək bu hüququ Çempionlar Liqası qrupuna aparan yolda qazanmış “Qarabağ” bütün rəqiblərinin imkanlarına əlbəttə ki, yaxşı bələddir və onlarla ağır oyunları tam hazırlıqla qarşılamağa çox ciddi səy göstərəcək. Komandanın baş məşqçisi Qurban Qurbanov da indi məhz bu qayğı ilə yaşayır.

“Qarabağ” özünün ən məsul turnirində ilk, deməli, həm də ən çətin görüşünədək, şübhəsiz, səylə çalışacaq və qrupa düşməsinin təsadüfi olmadığını sübut etmək üçün təkcə Bakıda deyil, London, Roma və Madriddə də nəhəng rəqiblərlə əməlli-başlı döyüşəcək. Çünki bu komanda hər hansı müvəffəqiyyətin yolunu gərgin mübarizədə görür. Ağdam klubu son anadək döyüşməyə hazır olduğunu və bu işi yaxşı bacardığını ötən illərdə dəfələrlə sübuta yetirmişdir.

Azərbaycan futbolçuları qrup mərhələsi turnirinə sentyabrın 12-də Londonda “Çelsi”yə qarşı görüşlə başlayacaqlar. Bundan 15 gün sonra, sentyabrın 27-də isə “Roma” paytaxtımızda qonaq olacaq. Birinci dövrənin son oyunu da bizim meydanda keçiriləcək: 18 oktyabr. “Qarabağ”–“Atletiko”.

İkinci dövrənin isə təqvimi belədir: 31 oktyabr. “Atletiko”– “Qarabağ”, 22 noyabr. “Qarabağ”–“Çelsi”, 5 dekabr. “Roma”– “Qarabağ”.

Çempionlar Liqası turnirində Azərbaycanın futbol ictimaiyyətinin nəbzi təkcə “Qarabağ”la döyünməyəcək. Biz qardaş Türkiyə təmsilçisi “Beşiktaş”a da ürəkdən azarkeşlik edəcəyik. İstanbul klubu “Monako” (Fransa), “Portu” (Portuqaliya) və “Leypsiq” (Almaniya) ilə görüşlərdə növbəti mərhələyə vəsiqə qazanmaq məqsədinə çatmağa çalışacaq.

Bütün 32 komanda təxminən üç ay ərzində hərəyə altı oyun keçirib qruplarda münasibətləri tam aydınlaşdırdıqdan sonra bir-ikinci yerlərin sahibləri ən güclü 16 kollektiv sırasında mübarizəni davam etdirmək hüququ qazanacaq. Qruplarda üçüncü yerləri tutan komandalar isə çıxışlarını Avropa Liqasında 1/16 finaldan davam etdirəcəklər. Çempionlar Liqasında final görüşünün 2018-ci il mayın 26-da Kiyevin “Olimpiyski” stadionunda keçiriləcəyini də xatırladaq.

Beləliklə, “La Gazetta dello Sport”un (İtaliya) yazdığı kimi, “Xoş gəlmisən, “Qarabağ”!”.

Hələlik isə Azərbaycanın futbol ictimaiyyətinin qürur mənbəyi olan Ağdam komandası bu gün Topaz Premyer Liqasının üçüncü turu çərçivəsində “Qəbələ” ilə görüşəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında