Ölkəmizin gözlədiyi, hamımıza hədsiz sevinc gətirən möhtəşəm nailiyyət! Ağdam komandasının sayəsində Azərbaycan tarixdə ilk dəfə olaraq Avropanın ən nüfuzlu klub turniri Çempionlar Liqasının qrup mərhələsində, yəni “Real”, “Barselona”, “Bavariya”, “Mançester Yunayted”, “Yuventus”, PSJ, “Benfika”, “Beşiktaş” kimi nəhənglərin aparıcı olduqları yarışda!
Bunun nə demək olduğunu biz hələ bir qədər sonra, sentyabrın 12-13-dən daha dərindən dərk etməyə başlayacağıq. Həmin günlərdə starta çıxacaq qrup yarışlarının ilk oyunlarında Azərbaycan xalqının, bütün azərbaycansevərlərin “Qarabağ”a, Ağdama, Qurban Qurbanova görə necə böyük bir qürur hissi keçirdiklərini görəndə qəlbimiz dağa dönəcək. Məşqçi və onun futbolçuları, həqiqətən, böyük hünər göstərmiş, böyük zəfər qazanmışlar.
Avqustun 15-də “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda ilk dəfə vəsiqə qazandığı pley-off mərhələsinin birinci raundunda öz tarixinin ən böyük oyununda 2:0, 3:0 hesabı ilə də qalib gələ bilərdi. Amma kiçik üstünlüklə, Mahir Mədətovun yeganə qələbə topu ilə kifayətləndi. Buna baxmayaraq, həmin axşam ölkə çempionumuz hətta ən tələbkar zövqləri oxşayan oyunu ilə əsl məhəbbət qazandı. Həmin anlarda bu komandaya rəğbət və inamımız daha da artdı. Kəskin hücumlar və qonaqların qapısı ağzında yaradılan real qol vəziyyətləri ilə zəngin oyun Danimarka paytaxtında cavab matçını böyük ümidlərlə gözləməyimizə ciddi əsas yaratdı.
Ümidlərimizdə yanılmadıq, ümidlərimiz doğruldu. Kopenhagenin “Parken” stadionunda ispaniyalı hakim Alberto Undiano Malyenkonun final işarəsi görüşün 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatdığını bildirəndə sevindik, bizə elə bu lazım idi. Yorulmaq bilməyən, başlıcası isə yüksək fəallığı ilə seçilən və özünü hər birimizə sevdirməyi bacaran Dino Ndlovunun 63-cü dəqiqədə vurduğu top, buna qədər kopenhagenli Federiko Santanderin, 1:1 hesabından sonra isə onun oyundaşı Andriya Pavloviçin qazandıqları uğurları heçə çıxardı.
Təsadüfi deyil ki, görüş başa çatan kimi meydanda qeyri-adi səhnəni izlədik. Cavab matçında qalib komandanın futbolçuları göz yaşlarını gizlədə bilmirdilər, məğlubların isə, əksinə, sevinci hədsiz idi. Onlar səfərdə uduzsalar da, böyük qələbənin təməlini Bakıda qoymuşdular.
“Qarabağ” Kopenhagendə meydana öz tamaşaçıları qarşısında qazandığı kiçik hesabla üstünlüyü nəticəyə hesablanmış təmkinli və soyuqqanlı oyunla qoruyub-saxlamaq, iki raunddan ibarət “döyüş”ün yekununda qalib olmaq əzmi ilə çıxmışdı və məqsədinə nail oldu. Danimarkada Azərbaycan klub futbolu tarixinə ən parlaq səhifə yazıldı.
Qapımızdan buraxılan qollara gəldikdə, onları İbrahim Şehiçə və müdafiəçi dostlarına çox da irad tutmayaq. Futbolda səhvlərdən heç kim sığortalanmayıb.
Beləliklə, sevinək və bir-birimizi təbrik edək. İllər boyu həsrəti ilə yaşadığımız günə çatmış, bayrama qovuşmuşuq. Bakıdakı ən böyük oyunumuzdan və Kopenhagendə əhəmiyyətinə görə həmin görüşdən heç də geri qalmayan, əksinə, hətta onu bir qədər üstələyən qarşılaşmadan sonra da çempionumuzun bir-birindən mühüm oyunlarına hələ çox şahidlik edəcəyik. “Qarabağ”ın daha böyük zəfərləri hələ irəlidədir.
Təsnifat mərhələlərində “Samtredia” (Gürcüstan), “Şerif” (Moldova) ilə görüşlərdən, pley-offda “Kopenhagen” ilə rəqabətdən qalib ayrılan Azərbaycanın Ağdam şəhərinin “Qarabağ” komandası artıq qrup mərhələsindədir. İrəlidə bizi Avropa futbolunun sayılıb-seçilən klubları ilə, ən azı, daha altı oyun gözləyir. Qarşılayın “Qarabağ”ı, çempionlar!
Avqustun 23-dən 24-nə keçən gecə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqənin sevincini yaşadığımız saatlarda Rusiyanın ÇSKA, İngiltərənin “Liverpul”, Kiprin APOEL və Portuqaliyanın “Sportinq” komandalarının da qrupa “bilet” qazandıqlarını öyrəndik.
Tezliklə, sentyabrın ikinci ongünlüyünün əvvəllərində qrup sınaqları başlanacaq. Dekabrın 5-6-da finişə çatacaq bu sınaqların sonunadək Çempionlar Liqasının yeni üzvünü çox işlər gözləyir. Qrupdan iki qalibdən biri kimi çıxmaq, növbəti mərhələdə mübarizəni davam etdirmək variantı da istisna deyil. Bizə belə böyük ümidlərlə yaşamağı “Qarabağ” öyrətmişdir.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.