Sonuncu cəhd

Bir həftə əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda ağzınadək tamaşaçı ilə dolu tribunalar qarşısında tarixində ən böyük oyununda yüksək iddialarla yaşayan səmimi və mübariz bir kollektiv olduğunu Danimarkanın Kopenhagen şəhərinin eyniadlı klubu üzərində qələbə ilə sübuta yetirən  Ağdamın “Qarabağ” komandası tarixi əhəmiyyətə malik həmin böyük oyunu davam etdirmək üçün bu gün Kopenhagendə səfərdədir. Hər iki rəqib UEFA Çempionlar Liqasının qrup mərhələsinin astanasında son “döyüşə” hazırdır.

Hələlik isə hesab Azərbaycan futbolçularının xeyrinə 1:0-dır. Ölkə çempionumuz cavab görüşündə bu üstünlüyü qoruyub saxlamaq əzmindədir. Bu işi yerinə yetirməyin çətin olacağı heç kim üçün sirr deyil. Ancaq “Kopenhagen”in də Bakıdakı məğlubiyyətin əvəzini öz meydanında artıqlaması ilə çıxacağını deməyə heç kim cəsarət edə bilməz.

Maraqlıdır ki, hər iki komanda bugünkü görüş ərəfəsində öz milli çempionatında qələbə qazanmışdır. Ağdam klubu ikinci turda Əfran İsmayılovun 89-cu dəqiqə qolu ilə “İnter”ə qalib gəlmiş, “Kopenhagen” isə Danimarka Superliqasının 6-cı turunda “Senderyuske”ni məğlubiyyətə uğratmışdır – 3:2.

Deməli, rəqiblər yaxşı əhvaldadırlar. Amma Çempionlar Liqasının qrup mərhələsinin qapısını onlardan yalnız biri aça biləcək.

Bir sözlə, Danimarkanın “Parken” stadionunda “Kopenhagen”–“Qarabağ” görüşü azarkeşlərə əvvəldən axıradək maraqlı və gərgin mübarizə vəd edir. Ağdam klubu Bakıda uğurla başladığı ən böyük oyunu Kopenhagendə davam etdirməyə hazırdır. Bu gün “Qarabağ”ın timsalında Azərbaycan ilk dəfə Çempionlar Liqasında təmsil olunmaq hüququ qazana bilər.

Bakı vaxtı ilə saat 22:45-də başlanacaq “Kopenhagen”–“Qarabağ” görüşünü Alberto Undiano Malyenkonun başçılığı ilə ispaniyalı hakimlər briqadası idarə edəcək. Sabah isə xoşbəxt qalib komandanın nümayəndələri  Monakoda qrup mərhələsinin püşkatma mərasimində iştirak edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında