Birinci raund başa çatdı

UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsi görüşlərinin birinci raundundan qalib ayrılmaqla öz tarixinə növbəti səhifə yazan Azərbaycan çempionu “Qarabağ”ın uğurları və artıq məqsədin bir, bəlkə də, yarım addımlığında olması futbol ictimaiyyətimizin bu yarışa marağını daha da artırmışdır. İndi biz baş verən hadisələrin gedişini daha böyük diqqətlə izləməkdəyik.

Pley-off mərhələsinin növbəti beş oyununun nəticələri Bakı vaxtı ilə avqustun 16-dan 17-nə keçən gecə qeydə alınmış və bununla da birinci raunda yekun vurulmuşdur. Artıq indidən cəsarətlə demək olar ki, “Seltik” qrup mərhələsinin qapısını öz üzünə taybatay açmışdır. Qlazqoda “Astana”nı (Qazaxıstan) beş cavabsız qolla məğlubiyyətə uğradan Şotlandiyanın adlı-sanlı klubuna “Astana Arena”da cavab matçında çətin ki, nəsə mane ola bilsin. Zəngin təcrübəli “Seltik” Çempionlar Liqası yarışlarında qrup mərhələsi görüşlərinə hazırlaşa bilər.

Bu da maraqlıdır ki, şotlandların 5:0 hesabı ilə qalib gəldikləri oyunda onlar özləri cəmi üç qolun müəllifi olmuşlar. Topların ikisini qonaqlar öz qapılarına vurmuşlar.

Həmin günün digər dörd görüşündən üçündə qələbənin eyni hesabla qazanılması da diqqət çəkən məqamdır: “Başakşehir” (Türkiyə)–“Sevilya” (İspaniya) –1:2, “Hapoel” (Beer Şeva, İsrail)–“Maribor” (Sloveniya)–2:1, “Olimpiakos” (Yunanıstan)–“Riyeka” (Xorvatiya)–2:1. Daha bir oyunda isə “Napoli” (İtaliya) “Nitsa”nı Fransaya məğlubiyyətlə yola salmışdır –2:0. Bu cütlərdə cavab görüşləri avqustun 22-də keçiriləcəkdir.

“Qarabağ”ın isə Danimarka paytaxtında “Kopenhagen” ilə görüşü artıq bildiyiniz kimi, avqustun 23-nə təyin edilmişdir. Azərbaycan çempionunun həmin günü ölkəmizin futbol tarixinə böyük zəfər günü kimi yazmaq arzusu böyükdür.  Əgər bu arzumuz da həyata keçsə, “Qarabağ” klubunun nümayəndələri avqustun 24-də Monakoda qrup mərhələsinin püşkatma mərasimində iştirak edəcəklər və 32 komanda onların gözü qarşısında səkkiz qrupa bölünəcək.

Haqqında söhbət açdığımız görüşlərin oynanıldığı gecə Avropa səması altında daha bir möhtəşəm futbol hadisəsi baş verdi, İspaniya Superkubokunun qalibi müəyyənləşdi. “Real” (Madrid) “Estadio Santyaqo Bernabeu”da Marko Asensio və Kərim Benzemanın sərrast zərbələri ilə “Barselona”nı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb, bir neçə gün əvvəl “Nou Kamp”da qazandığı müvəfəqiyyətə (3:1) daha bir qələbə əlavə etdi. İki oyunda tam üstünlüklə, yəni ümumi 5:1 hesabı ilə qələbə və Superkubok sevinci. “Kral klubu” artıq onuncu dəfədir ki, bu fəxri mükafata sahib olur.

Qeydlərimizi yekunlaşdırarkən Avropa stadionlarından Azərbaycana qayıdıb Topaz Premyer Liqasının ikinci turunun oyunlarını gözləyək. Tura bu gün “Qarabağ” –“İnter” və “Səbail”–“Neftçi” görüşləri ilə start veriləcək, digər iki oyun isə sabah keçiriləcək: “Kəpəz”–“Zirə”, “Qəbələ”–“Sumqayıt”.

Şübhəsiz,  “Qarabağ”–“İnter” görüşü Ağdam komandasının Danimarka paytaxtına səfəri ərəfəsində daha çox maraq doğuracaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında