“Qarabağ” Azərbaycanı ürəkdən sevindirir

Tribunaları 30 mindən bir qədər çox tamaşaçı tutan Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsinin birinci raundunda “Qarabağ”ın “Kopenhagen”lə görüşünə bütün biletlərin rekord müddətdə–cəmi iki-üç gün ərzində satılması bir daha təsdiq edirdi ki, idman ictimaiyyətimiz, bütün Azərbaycan xalqı Ağdam klubuna, onun futbolçularının ustalıq səviyyəsinə, əzmkarlığına və möhkəm iradəsinə çox inanır. Ölkə çempionumuz da ümidləri layiqli qələbə, başlıcası isə, qəlblərdə xoş hisslər yaradan və daha gözəl gələcək vəd edən məzmunlu futbolla doğrultdu. Düzdür, demək olar, bütün görüş ərzində meydanda danimarkalı qonaqlarından daha fəal görünən və bütün xətlərdə mütəşəkkil oyunları ilə xoş təsir bağışlayan Azərbaycan futbolçuları hələ birinci hissənin ortalarında Mahir Mədətovun vurduğu qolla kifayətlənməyib daha böyük hesabla da qalib gəlməyə layiq idilər. Hamı yaxşı gördü ki, Ağdam klubunun futbolçuları sürətli və kəskin həmlələr nəticəsində “Kopenhagen”in müdafiə xəttini yarıb, onun qapısı ağzında təhlükəli vəziyyətlər yaratmaqda elə bir çətinlik çəkmirlər. Amma azarkeşlər onu da  yaxşı bilirlər ki, hətta həndbolda, su polosunda da hər hücum, qapıya doğru hər zərbə qolla nəticələnmir...

Mahirin mübarizənin taleyini həll edən qələbə topuna gəldikdə, görüşün ən yaxşı oyunçusu hesab edilmiş gənc hücumçumuz həlledici anda soyuqqanlılığını itirməyib Dino Ndlovunun güclü zərbəsindən sonra qapı dirəyinə dəyib geri qayıdan topa özünü danimarkalı müdafiəçilərdən tez çatdırmağı bacardı. Bununla da komanda yoldaşlarının, xüsusən də Ndlovunun səylərini uğurla başa çatdırdı.

İki fikir ola bilməz: Çempionlar Liqasında hələlik ən böyük oyunumuzda baş məşqçi Qurban Qurbanovun etimad göstərdiyi qapıçı İbrahim Şehiçdən, bu dəfə meydana kapitan sarğısı ilə çıxan Maksim Medvedevin başçılıq etdiyi müdafiə xəttindən tutmuş bütün futbolçular yaxşı oynayıb qələbə üçün əllərindən gələni etdilər. Hamı möhkəm bir kollektiv olaraq nə uğrunda mübarizə apardığını başa düşdükdə isə oyunda hər şey mükəmməl alınır.

Görüşün gedişində tribunalardan tez-tez “Qarabağ”, “Qarabağ”, “Qarabağ” nidaları səslənirdi. İtaliyalı hakim Paolo Talyaventonun final işarəsindən sonra da azarkeşlər Ağdam komandasını meydandan alqışlarla yola saldılar. Həqiqətən, “Qarabağ” alqışa layiq komandadır.

Azərbaycan çempionu daha bir tarixi qələbə qazanmışdır. Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen” ilə ilk görüşdə müvəffəqiyyətdən sonra hesab bizim xeyrimizə 1:0-dır. Ancaq qarşıda hələ cavab görüşünün durduğunu da yaxşı bilirik. Hər şey avqustun 23-də Kopenhagendə keçiriləcək oyundan sonra qəti müəyyənləşəcək. Amma Azərbaycan klubunun pərəstişkarları iki gün əvvəl məmnuniyyətlə izlədikləri və bəyəndikləri oyundan sonra “Qarabağ”a, şübhəsiz, daha çox inanacaq, hətta ondan indikindən də gurultulu qələbələr gözləyəcəklər. Aydın görünür ki, komandamız görüşdən- görüşə daha güclü kollektiv təsiri bağışlayır.

“Samtredia” (Gürcüstan) və “Şerif” (Moldova) ilə oyunlarda müvəffəqiyyətdən sonra Azərbaycan çempionu “Kopenhagen”lə mübarizədə də ümumi qələbəyə yaxındır. İndi Avropa klub futbolunun ən nüfuzlu turnirinin qrup mərhələsinə aparan yolda sonuncu səddi də dəf etmək, Kopenhagendə də Bakıdakı kimi müdafiədə etibarlı, hücumda kəskin oyun göstərmək lazımdır. Ümid edək ki, komanda bu addımı da atmağı bacaracaq və Azərbaycan ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil olunmasına sevinəcək. 

“Qarabağ”ın Bakıda “Kopenhagen” üzərində qələbəsini ürəkdən bayram etdiyimiz axşam bu turnir çərçivəsində daha dörd oyun olmuşdur. Həmin görüşlərdə hakimlər aşağıdakı nəticələri qeydə almışlar:

APOEL (Kipr)–“Slaviya” (Çexiya)–2:0, “Hoffenhaym” (Almaniya)–“Liverpul” (İngiltərə)–1:2, “Sportinq” (Portuqaliya)–“Styaua” (Rumıniya)–0:0, “Yanq Boyz” (İsveçrə)–“ÇSKA” (Rusiya)–0:1.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında