Top meydanın mərkəzindədir

Çempionlar Liqasında ən böyük oyunumuz başlanır

Təsəvvür etmək çətin deyil, bu gün Azərbaycanın bütün idman ictimaiyyətinin ürəyi ölkəmizin 1 nömrəli futbol klubu adını şərəflə doğruldan Ağdamın “Qarabağ” komandası ilə döyünəcək, hamımız UEFA Çempionlar Liqasının pley-off mərhələsi görüşünü futbolumuzun tarixində ilk dəfə Azərbaycana gətirən çempionumuzla nəfəs alacağıq.

Ölkəmizdə tarixi, Çempionlar Liqasında ən böyük oyunumuza şahidlik edəcək Tofiq Bəhramov adına Respublika Stadionunda qrup mərhələsinin astanasında oynanılacaq matçın hakimlər briqadası isə Paolo Talyavento başda olmaqla İtaliya Futbol Federasiyasının nümayəndələridir.

“Qarabağ”–“Kopenhagen” (Danimarka) görüşünə göstərilən maraq da son dərəcə böyükdür. Tribunaları təxminən 30 min tamaşaçı tutan stadiona bütün biletlər, demək olar, bir göz qırpımında satılmış və indi hamı saat 20-ni, topa ilk zərbə endiriləcəyi anı səbirsizliklə gözləyir.

Qurban Qurbanovun komandasının qarşıdakı oyuna Topaz Premyer Liqasının startında “Neftçi” üzərində inamlı qələbə ilə gəlməsi (3:1) təbii ki, səmimi və mübariz kollektivin əhvalını daha da yaxşılaşdırmış, futbolçuların öz qüvvələrinə və “Kopenhagen” ilə görüşdə müvəffəqiyyətə inamını daha da artırmışdır. Komanda milli çempionatın startında hücumda məhsuldar oyun nümayiş etdirmiş, ilk 3 xalı Mahir Mədətovun iki dəqiq zərbəsi və Dino Ndlovunun qolu ilə qazanmışdır (elə buradaca ölkə çempionatının birinci turunda keçirilmiş digər oyunların da nəticələrini xatırladaq: “İnter”–“Qəbələ”–1:2, “Zirə”–“Səbail”–2:1, “Sumqayıt”–“Kəpəz”–2:1). Şübhəsiz, “Qarabağ” bu axşamkı görüşdə də xoşbəxtliyi və Çempionlar Liqasının qrup mərhələsinə aparan yolu danimarkalı qonaqlarımızın qapısında axtaracaq və ümid edək ki, məqsədinə çatacaq. Əlbəttə ki, belə bir inam ifadə edərkən ötən illərdə Ağdam klubunun “Kopenhagen”dən də güclü sayıla biləcək rəqiblər üzərində qələbələrinə əsaslanırıq.

Ağdam klubundan fərqli olaraq “Kopenhagen”in Danimarka çempionatında işləri o qədər də yaxşı getmir. Bugünkü rəqibimiz ölkə çempionatında son iki görüşdə “Brondbü”yə uduzduqdan (0:1) sonra öz meydanında “Horsens”lə oyunda heç-heçə ilə kifayətlənmiş (1:1) və hazırda turnir cədvəlində 6 xalla yeddinci mövqedədir.

Amma bu, təbii ki, “Qarabağ”ı heç cür arxaynlaşdıra bilməz, çünki onun futbolçuları yaxşı bilirlər  “Kopenhagen” Danimarka Superliqasındakı uğursuzluğun əvəzini Çempionlar Liqasında çıxmağa çalışacaq. Bu isə o deməkdir ki, bütün 90 dəqiqə ərzində meydanda rəqibləri son dərəcə gərgin mübarizə gözləyir. Elə bir mübarizə ki, bizim azarkeşlər də özlərini onun ən fəal iştirakçısı kimi hiss edəcəklər.

“Qarabağ”– “Kopenhagen” görüşünü Azərbaycanın ən yaxşı klubuna böyük məhəbbət və rəğbət hissi ilə izləməyə hazırlaşarkən bu gün Çempionlar Liqasında keçiriləcək daha dörd oyunu da xatıladaq: “Yanq Boys” (İsveçrə)–ÇSKA (Rusiya), APOEL (Kipr)–“Slaviya” (Çexiya), “Sportinq” (Portuqaliya)–“Styaua” (Rumıniya) və “Hoffenhaym” (Almaniya)– “Liverpul” (İngiltərə).

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında