Baş hakim: Bakıda “Dəniz kuboku-2017” müsabiqəsi şəffaf və yüksək səviyyədə keçirildi

Bakıda “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsi şəffaf və yüksək səviyyədə keçirildi.

AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 11-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin bağlanışı ilə bağlı təşkil olunan mətbuat konfransında yarışların baş hakimi, birinci dərəcəli kapitan Şahin Məmmədov deyib.

Yarışların tam təhlükəsiz şəraitdə təşkil edildiyini vurğulayan Ş.Məmmədov bildirib ki, avqustun 1-dən 11-dək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirakı ilə keçirilən “Beynəlxalq Ordu Oyunları-2017” yarışları çərçivəsində Bakıda təşkil olunan “Dəniz kuboku-2017” müsabiqəsi üç mərhələdə – artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə, xilasetmə və dəniz hazırlığı üzrə keçirilib. Müsabiqə yüksək səviyyədə keçirilib.

Qeyd edilib ki, müsabiqənin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasıdır.

Diqqətə çatdırılıb ki, avqustun 10-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib.

İclasda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin iştirakı ilə keçirilən müsabiqənin bütün mərhələ və epizodlarının yerinə yetirildiyi bildirilib.

Hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisinin və Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.

İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket kateri 234 balla ikinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.

Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Ekimov deyib ki, dekabrın 10-da yarışların yekunları ilə bağlı Moskva şəhərində iclas keçiriləcək. Həmin iclasda növbəti “Dəniz kuboku” müsabiqəsinin hansı ölkənin ərazi sularında keçiriləcəyi, iştirakçıların siyahısı, habelə müsabiqəyə əlavə elementlərin daxil edilib-edilməməsi ilə bağlı məsələlər müzakirə olunacaq: “Qeyd etməliyəm ki, yarışlarda qalibiyyət simvolik xarakter daşıyır. Əsas odur ki, “Dəniz kuboku-2017” müsabiqəsində dostluq qalib gəldi. Biz “Əlvida Bakı” yox, “Sağ ol Bakı” deyərək Bakıdan ayrılırıq”.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Ermek Bayqabulov və İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Seydi Mahmud Amuzeş yarışların yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını bildiriblər. Onlar “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsində böyük təcrübə qazandıqlarını söyləyiblər.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Dəniz kuboku-2017”də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124”, “G-122” gözətçi gəmiləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasından “Qrad Sviyajsk” kiçik raket, “CB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələrinin “Peykan”, “Cövşən” raket gəmiləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan”, “Sarıarka” raket-artilleriya və “Jayık” hidroqrafiya gəmiləri iştirak edib. İştirakçılar üç mərhələdə altı epizoddan ibarət yarışlarda güclərini sınayıblar.

Ümumiyyətlə, iyulun 29-dan avqustun 12-dək 5 ölkə - Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya ərazisində keçirilən “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında