“Qarabağ” hünəri, “Qarabağ” zəfəri

1 avqust 2017-ci il. Bu tarixi yaxşı yadda saxlayaq. Həmin gün Ağdam komandası bütün Azərbaycana ölkə klub futbolu tarixində buna qədər heç vaxt görmədiyimiz böyük qələbə sevinci yaşatdı. Azərbaycan çempionu adını şərəflə daşıyan komanda UEFA Çempionlar Liqası yarışlarında 3-cü mərhələ səddini də uğurla dəf edib liqanın qrup turnirində ölkəmizi təmsil etmək arzusuna daha da yaxınlaşdı. İndi qalır həlledici addımı atmaq.

Üstəlik də, futbolumuz üçün tarixi hadisə Azərbaycandan kənarda, Moldovanın Tiraspol şəhərinin “Şerif” stadionunda baş verdi. Liqanın 3-cü mərhələsində eyniadlı klubla görüş ərəfəsində hərənin öz üstünlüyü var idi: Moldova çempionu “doğma divarlar” arasında oynayırdı, Azərbaycan çempionunu isə bir həftə əvvəl Bakıda qeydə alınmış qolsuz heç-heçədən sonra səfər matçında hər hansı hesabla məhsuldar heç-heçə də qane edirdi.

Amma Qurban Qurbanov və onun futbolçuları məqsədə artıqlaması ilə nail oldular. Artıq birinci hissənin sonuncu dəqiqəsində Dino Ndlovu hesabı açdıqdan sonra “Şerif”in işi ikiqat çətinləşdi. Oyunun axırlarında Miçel ikinci topu vurub ilk müvəffəqiyyətimizi bir qədər də möhkəmləndirdikdə isə artıq hər şey qəti həll olundu.

Düzdür, israilli hakimlər briqadasının idarə etdiyi görüşün son saniyələrində “Şerif” Badibanqanın on bir metrlik zərbə ilə vurduğu topla qollardan birinin əvəzini çıxdı. Lakin bu, Moldova futbolçuları üçün zəif təsəlli idi, Azərbaycanın “Qarabağ” komandasını Çempionlar Liqasının pley-off mərhələsinə aparan qatar artıq yola düşmüşdü.

Ağdam klubu Azərbaycan futbolu üçün yeni tarix yazmışdır. İbrahim Şehiç, Qara Qarayev, kapitan Rəşad Sadıqov, Maksim Medvedev, Mahir Mədətov, Əfran İsmayılov, Bədavi Hüseynov, Ansi Aqolli və onların oyundaşları əsl əzmkarlıq nümunəsi göstərmişlər. Bu komanda öz möhkəm iradəsi və yenilməz qələbə əzmi ilə ən böyük uğurlara can atdığını inamla sübuta yetirir.

“Qarabağ”ın indiki mövsümdə Çempionlar Liqasında keçirdiyi dörd görüşdən üçündə qalib gəlməsi və öz qapısından yalnız 1 top buraxması (o da penalti ilə) çox şeydən xəbər verir. İndi tarixdə ilk dəfə liqanın qrup turnirinə vəsiqə qazanmaq üçün daha bir rəqibi “aradan götürmək” lazımdır. Bu rəqibin hansı komanda olacağını biz avqustun 4-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimindən sonra biləcəyik.

Lakin kimliyindən asılı olmayaraq, görüşdən-görüşə daha xoş təsir bağışlayan, “Şerif” üzərində qələbə ilə Avropa Liqasının qrup turnirində oynamaq hüququnu artıq özünə təmin edən “Qarabağ”ın Çempionlar Liqasının növbəti mərhələsində indikindən də güclü oyun nümayiş etdirəcəyinə şübhə etmirik. Çünki bu komandanın futbolçuları meydanda qələbə naminə əllərindən gələni edirlər. Qələbə isə cəsurları sevir.

Pley-off mərhəlsinin ilk oyunlarının avqustun 15-16-da, cavab görüşlərinin isə bundan bir həftə sonra keçiriləcəyini də qeyd edək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında