Azərbaycanı nümunəvi idman ölkəsinə çevirən 20 il

Ölkəmizin idman ictimaiyyəti əlamətdar hadisə ərəfəsindədir.Sabah, iyulun 31-də dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin Azərbaycan Olimpiya hərəkatına rəhbərliyinin 20-ci ili tamam olur.1997-ci il iyulun sonuncu günündən ötən müddət ərzində Olimpiya hərəkatının, idmanın inkişafında böyük tərəqqi, qələbə və medallarla zəngin bir yol keçən Azərbaycanın bu gün bütün dünyada güclü idman ölkəsi kimi tanınması hər birimizin qəlbində qürur hissi doğurur.

Xüsusilə əlamətdar və ­ikiqat fərəhli haldır ki, cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin 20-ci ili ölkəmizdə MOK-un yaradılmasının 25 illik yubileyinin qeyd olunduğu 2017-ci ilə təsadüf edir.

Ötən iyirmi il ərzində idmanımızda böyük dəyişikliklər baş verdiyinə, möhtəşəm, tarixi nailiyyətlər qazanıldığına bir daha əmin olmaq üçün həmin dövrdə keçilən yolu ötəri də olsa xatırlamaq kifayətdir.Qırxdan çox Olimpiya İdman Kompleksi, Olimpiya və Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında , Yeniyetmələrin Olimpiya Oyunlarında, Avropa Olimpiya festivallarında, birinci Avropa və dördüncü İslam Həmrəyliyi Oyunlarında, “Qran-pri” və “Böyük dəbilqə” turnirlərində, digər mötəbər beynəlxalq yarışlarda qazanılmış yüzlərlə qələbə və medal iyirmi il ərzində Azərbaycan Olimpiya hərəkatının sınaq və şöhrət meydanı sayılan məsul yarışlarda inamlı addımlarının bəhrəsidir. Bu iyirmi il gündən-günə çiçəklənən və möhkəmlənən qüdrətli Azərbaycan dövlətinin idmanda da əsl zəfər illərinə çevrilmişdir.

İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin elə ilk illərindən ölkəmizin idman həyatında baş verən sürətli inkişaf artıq 2000-ci illərin əvvəllərində bütün dünyanın diqqətini cəlb etməyə başladı.Bu fikrimizi təsdiq etmək üçün təkcə onu xatırladaq ki, hələ o zaman Beynəlxalq Olimpiya Komitəsinə başçılıq etmiş cənab Jak Rogge Bakıya səfərlərindən birində demişdi ki, əgər məndən Olimpiya hərəkatının hansı ölkələrdə daha çox inkişaf etdiyini soruşsalar, Azərbaycanı nümunə göstərərəm.

Sonralar Azərbaycanda dövlətin, şəxsən Prezident İlham Əliyevin idmanın inkişafına , onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, beynəlxalq yarışların fəxri kürsüsünə aparan yolda əsas şərt olan məşqlər üçün ideal şərait yaradılmasına göstərdiyi diqqətə, idmanımızın ən yaxşı nümayəndələrinin dünya və Avropa çempionatlarında, Olimpiya, Paralimpiya, Avropa və İslam Həmrəyliyi Oyunlarında qazandıqları yüksək nəticələrə görə eşitdiyimiz hər bir xoş söz qəlbimizi qürur hissi ilə doldurdu, böyük iftixar hissi keçirdik. Bu fikirlərin müəlliflərinin Rusiya, Türkiyə, İspaniya, Fransa, Almaniya ,İngiltərə, Ukrayna, Belarus, Çin, Yaponiya kimi güclü idman dövlətlərinin zəngin təcrübəli mütəxəssislərinin olması qürur hissimizi daha da artırdı.

Son iyirmi ilin hər birində daha sürətlə inkişaf edən Azərbaycan idmanının çətin sınaqlardan böyük şöhrətə aparan gərgin mübarizə meydanlarında qazandığı bütün medallar bu gün bizim sərvətimizdir.

Azərbaycanda Olimpiya hərəkatının layiq görüldüyü yüksək mükafatlar sırasında hətta Olimpiya ordeni də vardır və onun sahibi bir başqası deyil, dövlətimizin və idmanımızın lideri İlham Əliyevdir .

Böyük məmnuniyyətlə xatırladaq ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev ölkəmizin idman hərəkatına uğurla rəhbərlik etdiyinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali mükafatı olan Olimpiya ordeni ilə təltif olummuşdur. On üç il əvvəl, 2004-cü ilin mart ayında BOK-un mənzil - qərargahından bu barədə alınan xəbər ölkəmizin idman ictimaiyyətinin hədsiz sevincinə səbəb olmuşdu.

Xüsusi qeyd edə biləcəyimiz daha bir ali mükafat isə ümummilli lider Heydər Əliyevin Olimpiya hərəkatı və idman sahəsində böyük xidmətlərinə görə görkəmli dövlət xadimlərinə verilən “Olimpiya ləyaqəti” mükafatıdır. Milli Olimpiya Komitələri Assosiasiyasının 1997-ci ildə İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilmiş baş məclisində bu barədə qəbul edilən qərar Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində idmanımızın daha da inkişafında müstəsna xidmətləri olmuş ulu öndərin bu sahəyə daimi qayğısının təntənəsi idi. Burada onu da xüsusi vurğulamaq olar ki, ölkəmiz üçün bu çox fərəhli hadisə cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti rolunda debüt ilinə -1997-ci ilə təsadüf etmişdi.

Bu iki fakt, ali idman qurumlarının iki yüksək mükafatı bir daha təsdiq edir ki, Azərbaycan idmanının bəxti gətirmişdir və onun estafeti etibarlı əllərdədir. Deməli, qarşıdakı illərdə də ən yaxşı atletlərimizin yeni- yeni qələbələrinə, rekord və tarixi nailiyyətlərinə sevinəcəyik.

 Azərbaycan idmanının son iyirmi ildə qazandığı uğurlar, ilk növbədə , yarışların şahı sayılan Yay Olimpiya Oyunlarından gətirilmlş medallar, respublikamızda keçirilmiş bir-birindən mötəbər yarışlar, xüsusən də I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” yürüşləri beynəlxalq idman təşkilatlarının ölkəmizə böyük etimadının göstəricisidir. Üstəlik də, bu yarışların hər biri bizim üçün ikiqat əlamətdar olmuşdur. Bir il əvvəl Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarında təmsilçilərimizə təqdim olunan 18 medalın (London-2012-dəkindən 8 medal çox!), “Bakı-2015” birinci Avropa Oyunlarında 50 ölkənin rəqabətində 56 medalla Rusiyadan sonra ikinci yerin, IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkə atletlərinin dostluq və qardaşlıq bayramında 162 mükafatın (75 qızıl, 50 gümüş, 37 bürünc medal) sevincini yaşamış, onların sahiblərinə ürəkdən çox sağ olun demişik.

Müdriklərdən kimsə deyib ki, dostların artdıqca ömrün uzanır. Bu kəlamı idmana da şamil edib deyə bilərik ki, beynəlxalq meydanda həmvətənlərin qələbə qazandıqca, bu uğurlar sənin də ürəyindən olur və əhvalının yaxşılaşmasında ən təsirli vasitəyə çevrilir.

Əlli dövlətin nümayəndələrini öz bayrağı altında görüşdürərək ölkəmizi Avropa Oyunlarının vətəninə çevirən “Bakı- 2015”, bu ilin mülayim may günlərində daha çox – 54 müsəlman ölkəsi gənclərinin əsl dostluq və qardaşlıq bayramı kimi yadda qalan İslamiada , ardıcıl iki ildir ki, dünyanı Azərbaycana daha sürətlə yaxınlaşdıran “Formula-1” Qran-prisi. Bu böyük startların iştirakçıları və qonaqları onlar üçün yaradılan əla şəraitə görə dönə-dönə təşkilatçılara dərin minnətdarlıqlarını ifadə etdilər.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın başçılıq etdiyi Avropa və İslam Həmrəyliyi Oyunlarının təşkilat komitələri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək gərgin və məqsədyönlü fəaliyyəti ilə hər iki yarışın Olimpiya oyunları səviyyəsində keçirilməsinə nail olmuşdu. Elə sürət ustalarının startlarının təşkilatçıları da pilotların özlərindən pis hazırlıq göstərmədilər.

İndi biz yeddinci ayının artıq finişə çatdığı, Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyini bayram etdiyimiz, Olimpiya hərəkatımızın liderinin isə MOK prezidenti seçilməsinin 20-ci ilini qeyd etdiyimiz bir ildə yaşayırıq. Azərbaycan idmanı son 25 ildə dünyaya cüdoçu Nazim Hüseynov, sərbəst güləş ustası Namiq Abdullayev, stend atıcısı Zemfira Meftahətdinova , yunan-Roma üsulu ilə güləşən Fərid Mansurov , daha bir tatami ustası Elnur Məmmədli, sərbəst güləşənlər Toğrul Əsgərov və Şərif Şərifov, taekvandoçu Radik İsayev kimi Olimpiya çempionları, Paralimpiya Oyunlarının iki qızıl medalının sahibi İlham Zəkiyev kimi görkəmli atletlər vermişdir. Ölkə vətəndaşları, bütün xalqımız bu qəhrəmanlarla və idmanımızın dıgər məşhur yetirmələri ilə fəxr edirlər.Çempionların bütün qələbələrinin təkanverici qüvvəsi isə Milli Olimpiya Komitəsi və şəxsən dövlət başçımız, MOK prezidenti İlham Əliyevdir.

Tezliklə ölkəmiz daha bir böyük yarışa ev sahibliyi edəcək. Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə sentyabrın üçüncü ongünlüyündə bu iki dost ölkədə keçiriləcək qadın voleybol komandaları arasında Avropa çempionatının final mərhələsi çox mötəbər hadisə olub, böyük idman bayramına çevriləcək.

Azərbaycanda voleybolun zəngin ənənələri vardır. Hələ yarım əsr əvvəl SSRİ yığma komandası heyətində Olimpiya oyunlarının ikiqat çempionu və iki gümüş medalının sahibi olmuş, Beynəlxalq Voleybol Federasiyasının ekspertləri tərəfindən kubalı Reqla Torresdən sonra iyirminci əsrdə dünyanın ən yaxşı iki qadın voleybolçusundan biri hesab edilmiş Azərbaycan voleybol məktəbinin dünya şöhrətli yetirməsi İnna Rıskalın vətəninin komandasının şərəfini qarşıdakı çempionatda Natalya Məmmədova, Polina Rəhimova, Valeriya Məmmədova, Odina Bayramova, Ayşən Abduləzimova kimi mahir ustalar qoruyacaqlar.

Bu qızlar və onların millimizdəki rəfiqələri bütün Azərbaycanın sevimliləridir.Səmimi və mübariz komandamızın Avropa çempionatında hər bir qələbəsi ölkəmizə gözəl hədiyyə, xüsusən də Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə və MOK prezidenti cənab İlham Əliyevin Azərbaycanın Olimpiya hərəkatına rəhbərliyinin 20-ci ilinə çox gözəl töhfə olar.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında