Bakıda atıcılıq üzrə Avropa çempionatının səkkizinci gününə yekun vurulub

İyulun 28-də Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının səkkizinci gününə yekun vurulub.

Çempionatda qadınlar arasında 25 metr məsafədən tapança ilə güllə atıcılığında Almaniya təmsilçisi qızıl medal qazanıb. Almaniyalı Monika Karç bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 39 xal toplayıb. Polşalı Klaudia Bres 33 xalla gümüş, Bolqarıstan təmsilçisi Mariya Qrozdeva isə 29 xalla bürünc medala sahib olublar.

Gənclər arasında 25 metr məsafəyə tapança ilə güllə atıcılığı üzrə qadınların yarışı Bolqarıstan təmsilçisinin qələbəsi ilə başa çatıb. Bu ölkədən olan Miroslava Minçeva bütün rəqiblərinə qalib gələrək 33 xalla qızıl medala sahib olub. Çexiyalı Anna Dedova 30 xalla ikinci, Macarıstan təmsilçisi Veronika Major isə 25 xalla üçüncü yerdə qərarlaşıblar.

Gənc qızların 10 metr məsafəyə tapançadan atəş açma yarışında Rusiya təmsilçisi Nadejda Koloda 232,5 xalla Avropa çempionu adını qazanıb. Fransa idmançısı Kamilla Jedrzejevski 231,8 xalla gümüş, italiyalı Culia Kampostrini isə 209,9 xalla bürünc medala layiq görülüblər.

Çempionatda gənc qızlar arasında 10 metr məsafədən tüfənglə atəş açma yarışında isə almaniyalı Cohanna Tereza Tripp fərqlənib. O, 249,6 xallıq nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Anna Yanssen isə 248,6 xalla ikinci olub. İlk üçlüyü Finlandiya təmsilçisi Viivi Natalia Kempi tamamlayıb. Atıcı 223,1 xalla Avropa çempionatının bürünc medalını qazanıb.

Çempionatın səkkizinci günündə Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulub. Ancaq idmançılarımız mükafatçılar sırasına düşə bilməyiblər.

Xatırladaq ki, avqustun 3-dək davam edəcək çempionat Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. Çempionatda 43 ölkədən minə yaxın idmançı, ümumilikdə isə 1500 iştirakçı, eləcə də rəsmi qonaqlar iştırak edirlər. Onların arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri var. Atıcılar yarışda 79 dəst medal uğrunda mübarizə aparırlar. Avropa çempionatına tanınmış atıcılardan Olimpiya çempionu Yosip Qlasnoviç (Serbiya), Olimpiya Oyunlarının mükafatçıları ukraynalı Sergey Kuliş, italiyalı Ciovanni Pelletto, fransalı Aleksis Reyno, dünya çempionatının medalçısı britaniyalı Ceyms Dedman, qadın idmançılardan isə Olimpiya çempionu finlandiyalı Satu Myakelya-Nummela, dünya çempionatının gümüş mükafatçısı fransalı Marina Sauzet, Avropa birinciliyinin medalçısı rusiyalı Ekaterina Rabaya və digərləri qatılıblar.

Azərbaycan milli komandasının heyətində Avropa çempionatına 24 idmançı qoşulub.

Beynəlxalq Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən yarış dünya çempionatından sonra ən mühüm turnirlər sırasındadır.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında