Vəziyyət ümidsiz deyil

Azərbaycanın “Qəbələ” klubu UEFA Avropa Liqası turnirinin üçüncü təsnifat mərhələsinin ilk oyununda Afinanın “Apostolos Nikolaidis” stadionunda Yunanıstanın “Panatinaikos” komandasına 0:1 hesabı ilə uduzsa da, vəziyyət ümidsiz deyil. Yunanların öz paytaxtlarında 11 metrlik zərbə ilə vurduqları qolun əvəzini Bakıda artıqlaması ilə çıxmaq üçün hələ imkan olacaq.

Cütün taleyinin iki oyunun ümumi yekununda həll olunduğu turnirdə səfərdə kiçik fərqlə məğlubiyyətdən sonra adətən hər şey cavab görüşündə qəti həll olunur. Azərbaycan və Yunanıstan təmsilçilərinin rəqabətində qarşıda Afinadakından da kəskin mübarizə vəd edən oyun durur. Ancaq “Qəbələ” avqustun 3-də Bakıda keçirəcəyi görüşdə özünün də, pərəstişkarlarının da arzusunu həyata keçirmək üçün bütün matç ərzində rəqibini ciddi təzyiq altında saxlaya biləcək daha güclü oyun nümayiş etdirməlidir. İnanaq ki, məhz belə də olacaq.

Daha iki görüş haqqında. Bu yaxınlarda Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevi də öz sıralarına cəlb etmiş Çexiyanın “Mlada-Boleslav” klubu Almaniyanın “Skenderbeu” komandası üzərində 2:1 hesabı ilə qələbə qazanmışdır (Ağayev bu oyunda meydana çıxmamışdır).

Türkiyənin “Fənərbaxça” komandası isə səfərdə Avstriyanın Qrats şəhərinin “Şturm” klubuna qalib gəlməklə (2:1) İstanbulda cavab görüşü ərəfəsində növbəti mərhələyə vəsiqə qazanmaq üçün özünə yaxşı zəmin yaratmışdır.

 

Dünya Oyunlarında ikinci medal

 

Azərbaycanın karate üzrə milli komandasının üzvü Firdovsi Fərzəliyevin (60 kq) Polşanın Vrotslav şəhərində keçirilən Dünya Oyunlarında uğurla çıxış edərək çempion olması barədə məlumat vermişdik.

Oyunlarda ölkəmizə ikinci medalı isə gimnastlar qazandırmışlar. Svetlana Makştarova və Veronika Zemlyanayadan ibarət duetimiz batut üzərində tullanma yarışlarının finalında ikinci nəticə göstərərək gümüş mükafatçı olmuşdur. İdmançılarımız yalnız ukraynalı rəqiblərindən geri qalmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında