Cavab görüşləri bizə nə vəd edir?

Azərbaycan klublarının  UEFA  Avropa Liqası turnirinin  ikinci təsnifat mərhələsində  oyunları, həmişəki kimi , ölkəmizdə böyük maraqla, eyni zamanda, müəyyən dərəcədə həyəcanla gözlənilir.

Təmsilçilərimiz mərhələnin ilk görüşlərindən müxtəlif nəticələrlə ayrılmışlar və təbii ki, üçüncü raunda aparan yolun sonunda onların imkanları da bir qədər fərqlidir.

“İnter” –“Fola” rəqabətində hesab hələlik Azərbaycan futbolçularının xeyrinə 1:0-dır.Lakin bir həftə əvvəl “Dalğa Arena”da qeydə alınmış bu nəticənin komandamıza nə dərəcədə kömək edəcəyi sabah Lüksemburqda keçiriləcək cavab görüşündən sonra məlum olacaq .

Saat 21:30-a təyin edilmiş oyunu Donatas Rumsasın başçılığı ilə litvalı hakimlər briqadası idarə edəcək.”İnter” Bakıda qazandığı kiçik üstünlüyü Lüksemburqda qoruyub saxlamağı bacarsa, daha bir idman hünəri göstərmiş olacaq.

Avroliqada çıxışlarına ikinci təsnifat mərhələsindən başlayan”Qəbələ” də ilk oyunda  rəqibini Bakıda qəbul etmişdir.Amma “İnter”dən  fərqli olaraq, Polşanın “Yagelloniya” komandası ilə görüşdə heç-heçə ilə kifayətlənməli olmuşdur(1:1). Üstəlik də, polyaklar paytaxtımızda qol vurmuşlar və iyulun 20-də Belostok şəhərində keçiriləcək cavab qarşılaşmasında onları qolsuz heç-heçə də qane edər. Lakin “Qəbələ”nin də rəqibinə “sərt üzünü” göstərmək üçün bütün qüvvələrini səfərbərliyə alacağı şübhə doğurmur.

Bizim vaxtla saat 22:30-da başlanacaq “Yagelloniya” –“Qəbələ” görüşünün hakimliyi Sebastyan Koltesku başda olmaqla rumıniyalı  hakimlər briqadasına həvalə olunmuşdur.

Nəhayət, UEFA  bayrağı altında keçirilən yarışlarda debütant komandamız “Zirə” Rumıniyanın “Astra” klubu ilə  görüşəcək. Qitəmiqyaslı yarışlarda ilk addımlarını atan qəsəbə futbolçuları rəqib meydanında iki top fərqlə uduzmuşlar (1:3).Təbii ki, indi doğma stadionda həmin uğursuzluğun əvəzini artıqlaması ilə çıxmaq lazımdır.

“Zirə” çətin işin öhdəsindən gəlməyi bacaracaqmı? Komandanın pərəstişkarları bu suala sabah saat 21-də”Dalğa  Arena”da başlanacaq oyundan sonra  cavab alacaqlar. Görüşdə ədaləti gürcüstanlı hakim Giorgi Vadaçkoriya qoruyacaq.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında