İ D M A N X Ə B Ə R L Ə R İ

Rəcəbov və Qrişuk

 

İsveçrənin Cenevrə şəhərində keçirilən FİDE–nin  Qran–pri  yarışları seriyasından 3-cü mərhələ turnirinin beşinci turu ilə yarış məsafəsinin birinci yarışı arxada qalmış və rəqiblər bir günlük istirahətə çıxmışlar.

Fasiləni ən yaxşı  əhval-ruhiyyə ilə bizim Teymur Rəcəbov və rusiyalı Aleksandr Qrişuk qarşılamışlar. Rəcəbov fasilə ərəfəsində Şəhriyar Məmmədyarovla heç-heçə oynamışdır.

Beş turdan sonra azərbaycanlı qrossmeysterlə Qrişukun hərəyə 3,5 xalı vardır.

Üçüncü –altıncı yerləri bölüşdürən Məmmədyarov, Pyotr Svidler(Rusiya), Levon Aronyan(Ermənistan) və Pentala Harikrişna(Hindistan) liderlərdən yarım xal geri qalırlar.

On səkkiz iştirakçının mübarizə apardığı bu yarışda dünən istirahət günü idi. Altıncı turun görüşləri bu gün keçiriləcəkdir. Bu turda qrossmeysterlərimiz Rusiya şahmatçılarına qarşı oynayacaqlar.Rəcəbovun Qrişukla, Məmmədyarovun Svidlerlə görüşləri maraqla gözlənilir.

Azərbaycan milli komandasının daha bir üzvü Arkadi Naydiç isə bu günlər Çin Xalq Respublikasının Dançjou şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edir. Təmsilçimiz ilk iki görüşdə Yu Yangi(Çin) və Vladimir Malaxov (Rusiya) ilə heç-heçə oynamışdır. Turnirin mükafatları uğrunda on şahmatçı yarışır.

 

Avroliqa: ikinci mərhələ

 

Bu gün Azərbaycan klubları UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsində çıxışlarına başlayırlar. Üç komandamızdan birinci olaraq meydana “İnter” çıxacaq.

Birinci mərhələdə Serbiyanın “Mladost” klubu ilə hər iki oyundan inamlı qələbələrlə (3:0 və 2:0) ayrılan bakılılar ikinci təsnifat mərhələsinin startında bu axşam “Dalğa Arena “da Lüksemburqun “Fola” komandasını sınağa çəkəcəklər. Saat 20-yə təyin edilmiş görüşü Eytan Şmuleviçin başçılığı ilə israilli hakimlər briqadası idarə edəcəkdir.

Digər iki təmsilçimiz ikinci mərhələdə ilk addımları sabah atacaq. Avrokubok turnirlərində qələbələrinin hesabını Lüksemburqun”Differdandj” komandası ilə oyunlarda açan (2:0, 2:1) “Zirə” səfərdə Rumıniyanın ” Astra” komandasının qonağı olacaq. Bakı vaxtı ilə saat 21.30-da başlanacaq “Astra”– “Zirə” görüşündə baş hakim funksiyasını Sergey Tsinkeviç (Belarus) yerinə yetirəcəkdir.

Avroliqa matçlarına ikinci təsnifat mərhələsindən başlayan “Qəbələ” isə “Bakcell Arena”da Polşanın “Yagelloniya “ komandasını qəbul edəcək.

Saat 21-də başlanacaq oyunun hakimliyi Almaniya Futbol Federasiyasının nümayəndələrinə həvalə olunmuşdur. Baş hakim rolunda Marko Frits çıxış edəcək.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında