Qəbələdə keçirilən Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

İyulun 1-də Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş “Gənc xilasedici” V Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VI Ümumrespublika birinciliyinə yekun vurulub.

Yekun tədbirlərdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

Əvvəlcə gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş olunub.

Sonra nazir Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Konqres Mərkəzində “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, keçirilən yarışlar gənclərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə və biliklərə yiyələnməsi baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu tədbirlər müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmlənməsinə şərait yaradır.

Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər belə yüksək səviyyəli yarışlarda iştirakdan məmnunluq ifadə edib, tədbirin təşkilatçısı olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə minnətdarlıqlarını bildiriblər.

Nazir Kəmaləddin Heydərov “dəyirmi masa” iştirakçılarının suallarını da cavablandırıb.

Sonra tədbir iştirakçıları əcnəbi və yerli məktəblilərin əl işlərindən təşkil olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” sərgisinə baxıblar.

Tədbirdə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib, bədii hissə təqdim olunub.

Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Rusiya Federasiyası və Belarus komandaları tutublar. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhər 220 nömrəli məktəbin, ikinci yerə Mingəçevir şəhər 13 nömrəli məktəbin, üçüncü yerə isə Sumqayıt şəhəri 9 nömrəli məktəbin komandaları layiq görülüblər.

Nazirlər Kəmaləddin Heydərov, Mikayıl Cabbarov və Azad Rəhimov qalib komandalara mükafatlar, qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim ediblər.

Mərasimdə çıxışlar zamanı bildirilib ki, bu yarışların hər il keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasından, sağlam həyat tərzinin təbliğindən ibarətdir. Yeniyetmə və gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə davranmaq qaydalarını öyrənirlər. Belə yarışların keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açır.

Nazir Kəmaləddin Heydərov mərasimə yekun vuraraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edir, bütün sahələrdə uğurlar qazanılır. Azərbaycan xalqı ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevlə, eyni zamanda, dövlətimizin başçısı da öz xalqı ilə qürur duyur.

Fövqəladə hallar naziri təhsil, gənclər və idman nazirliklərinin rəhbərliyinə yarışa dəstək verdiklərinə görə təşəkkürünü bildirib, qalibləri bir daha təbrik edib.

Beynəlxalq yarışın iştirakçısı olan 9 ölkənin milli rəqs və mahnılarının ifa edilməsi mərasimə xüsusi rəng qatıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında