İ d m a n X Ə B Ə R L Ə R İ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Olimpiya mükafatçımız dünya çempionu oldu

 

Cənubi Koreyanın Mucu şəhərində yenicə başa çatmış taekvando üzrə dünya çempionatının finişi Azərbaycan milli komandasının üzvləri üçün uğurlu olub. Yarışın son günlərinədək bir medal belə qazana bilməyən dayanq ustalarımız finişdə iki dəfə fəxri kürsüyə yüksəliblər.

Milad Beiqi Hərçəqani 80 kq çəki dərəcəsində keçirdiyi altı görüşün hamısında rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Bununla da Rio-de-Janeyro Olimpiadasının mükafatçısı dünya çempionu olmaq arzusuna da çatıb.

Turnirdə ölkəmizə daha bir medalın sevincini isə Məhəmməd Məmmədov yaşadıb. Taekvandoçumuz 63 kq çəki dərəcəsində çıxışlarını bürünc mükafatla başa vurub.

Hərçəqani və Məmmədovun bu uğurları sayəsində Azərbaycan millisi komanda hesabında bir çox ölkəni qabaqlayaraq yeddinci yeri tutub.

 

FİDE növbəti reytinq cədvəlini açıqlayıb

 

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2017-ci il iyulun 1-nə olan vəziyyətə görə reytinq cədvəlini açıqlayıb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov klassik şahmatda 2800 xalla altıncı mövqedədir.

Norveçli dünya çempionu Maqnus Karlsenin (2822) başçılıq etdiyi dünyanın ən yaxşı yüz şahmatçısının siyahısında ikinci-üçüncü pillələrdə rusiyalı Vladimir Kramnik (2812) və ABŞ təmsilçisi Uesli So (2810) irəliləyirlər.

FİDE sürətli şahmatın rapid və blits növləri üzrə də reytinq cədvəlini dərc etdirib. Məmmədyarov rapiddə Karlsen (2919) və Aleksandr Qrişukdan (Rusiya, 2851) sonra 2833 xalla üçüncüdür.

Blitsdə isə dünyanın ən güclü şahmatçıları sırasına azərbaycanlı qrossmeysterlərdən Rauf Məmmədov daxildir. O, 2796 xalla onuncu mövqedədir.

 

Bu gün finaldır

 

Rusiyada keçirilən futbol üzrə Konfederasiyalar Kuboku turnirinin qalibi və fəxri mükafatın sahibi bu axşam məlum olacaq.

Çili – Almaniya final görüşü Sankt-Peterburqda oynanılacaq. Həlledici matçı serbiyalı hakim Milorad Majiç idarə edəcək.

Üçüncü yer uğrunda oyun isə Moskvada keçiriləcək. Portuqaliya və Meksika komandalarının qarşılaşacağı görüşdə baş hakim funksiyasını FİFA-nın Səudiyyə Ərəbistanından olan nümayəndəsi Fəhad Əl Mirdasi yerinə yetirəcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında